Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:15

Mübahisəli ev alqı-satqısı, saxta borc müqaviləsi, məhkəmələr...


Arxiv fotosu
Arxiv fotosu

-


Bakı sakini Əşrəf Qəmbərov "Qaynar xətt»ə mülkiyyət hüquqlarının pozulmasından və ondan borc kimi alınmış pulun özünə qaytarılmasının məhkəmə tərəfindən təmin olunmamasından şikayət edib. O bildirib ki, ata evində yaşayış qeydiyyatında ola-ola anası və qardaşı evi satarkən ona düşən payı mənimsəyiblər. Hələ üstəlik, ailə üzvlərinin nümayəndəsi olan Səlim Hüseynov həmin ev satılarkən evin sənədlərini qaydasına salmaq üçün ondan rəsmi aldığı 150 min dolları geri qaytarmır.

Şikayətçi:

«Nardaranda anam və qardaşım rəsmi, mən isə uşaqlarımla birlikdə faktiki olaraq ata-baba yurdunda yaşayırdıq. Yaşayış qeydiyyatım şəhərdəki evə idi. Anamla qardaşım evi satmaq istəyirdilər. Bunun üçün evin sənədlərini qaydasına salmaq lazım idi. 14 sentyabr 2009-cu il tarixdə anamgilin nümayəndəsi olan Səlim Hüseynovla mənim aramda 41 saylı notariat kontorda məndən 150 min ABŞ dolları borc pul almasına dair müqavilə bağlandı. Müqavilədə göstərilirdi ki, o, pulu mənə ən geci 50 günə qaytaracaq. Mənə demişdilər ki, həmin müddətdə Dövlət Reyestr Xidmətindən mülkə dair Çıxarış alıb mülki dərhal satacaqlar və pulu qaytaracaqlar. Ancaq sonra xəbər tutdum ki, evi məndən gizlin satıblar. Nəinki pulumu qaytarmaq fikirləri yoxdur, hətta mənə mülkdən düşən payımı da mənimsəyiblər».

YALNIZ AZƏRBAYCANDA...

Şikayətçinin vəkili Nizam Dadaşov deyir ki, bu iş üzrə iki dəfə keçirilib. Eyni məsələyə görə məhkəmənin birində Əşrəf Qəmbərovun, ikincisində isə qarşı tərəf olan onun anası Zemfira Məmmədovanın xeyrinə qətnamə çıxıb. Yəni, eyni işlə bağlı qətnamə çıxaran iki birinci instansiya məhkəməsinin qətnamələri bir-irinə ziddir.

Arxiv fotosu
Arxiv fotosu

Vəkil:

«İlk olaraq biz borcun qaytarılmasına dair iddia qaldırdıq. Məhkəmə 12 aprel 2012-ci il tarixdə qətnamə çıxardı ki, 150 min ABŞ dolları Əşrəf Qəmbərova qaytarılsın. Bu qətnamədən sonra qarşı tərəfməhkəməyə borc müqaviləsinin etibarsız sayılması iddiası ilə müraciət etdi. Məhkəmənin çıxardığı qətnamə dövlət adından çıxan, qanuni qüvvəli bir sənəd olduğu halda Xətai rayon Məhkəməsi Xəzər rayon Məhkəməsinin qətnaməsini bir kənara atıb işə yenidən baxdı. Halbuki, bir işə birinci instansiya məhkəməsində bir dəfə baxıla bilər. İkinci dəfə həmin instansiya məhkəməsinin qətnaməsindən yalnız apellyasiya şikayəti verilə bilər. Xəzər rayon məhkəməsi qətnamə çıxarır ki, borc pul qaytarılmalıdır, Xətai rayon məhkəməsi qərar çıxarır ki, qaytarılmamalıdır. Qətnaməsini də belə əsaslandırır ki, notarius məhkəməyə gəlmədiyinə görə işdə kifayət qədər sübut yoxdur».


SAXTA MÜQAVİLƏ İMZALANIB Kİ...

Əşrəf Qəmbərovun anası Zemfira Məmmədova bildirib ki, onlara məxsus olan mülkü və torpaq sahəsini Səlim Hüseynov adlı şəxsə satmaq istəyib. Ancaq oğlu Əşrəf onunla pis münasibətdə olduğuna görə torpağı satmasına mane olub.

"Oğlum şərt qoydu ki, torpağın satılmasına o zaman razılıq verər ki, torpağın 3 sotuna görə ona 150 min dollar verilsin. Ona görə də, onunla Səlim Hüseynov arasında saxta müqavilə imzalanıb ki, guya, Səlim ondan 150 min dollar borc alıb. Bunu Əşrəfi inandırmaq üçün etdik. Torpaq satılandan sonra oğlum həmin müqaviləni əsas gətirərək bizdən 150 min dollar tələb etməyə başladı. Halbuki, dediyim kimi, o borc müqaviləsi saxta idi".

Səlim Hüseynov da Əşrəf Qəmbərovdan 150 min dollar borc aldığını inkar edib və aralarında bağlanmış müqavilənin saxta olduğunu bildirib.

Əşrəf Qəmbərovsa deyir ki, müvəkkilinin hüquqlarının bərpa olunması üçün Avropa İnsan Haqları Məhkəməsinədək getməyə hazırdır.

XS
SM
MD
LG