Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Sırf artistlikçün saqqalı saçı buraxacam...


Babək Ağayev
Babək Ağayev

- Babək Ağayev

eqoloji futurizm

sırf artistlikçün saqqalı saçı buraxacam

ən ağır kitabları deyək ki Coysu orijinaldan oxuyacam

baxacağım ən zəif film kult filmlər siyahısının ilk üçlüyündən olacaq

sonra rəngli-rəngli qalstuklar taxıb-taxıb eynəyimin çərçivələrini dəyişəcəm tez-tez

art house/ underground/ aqnostika/ mistika – dərvişizm hamısı məndən soruşulacaq

sonra bilirsiz nə olacaq?! dənizə barmaqlarımın arasında tüstüləyən siqaretimlə elə kədərli baxacam ki qağayılar havada öləcək

qadınlardan imtina edəcəm/ tək gəzib dolaşacam/ evlənməyəcəm

sırf acığa çox erkən və tənha öləcəm

ölümüm hər mənada öz əlimdən olacaq/

damarlarımı kəsərəm böyük ehtimalla

əfsanəyə çevriləcəm/ haqqımda uydurulacaq/ adıma olan mükafatlar mərasimlərdə gənc şairlərə ilk addımları/ yaxşı şeirləriçün veriləcək

köhnə-kürüş/ cırıq-cındır geyəcəm/ ucuz kafelərdə pulsuz yeyəcəm

kurtka və şalvarlarımda yamaqlar olacaq/ ayaqqabılarım su buraxacaq

həftənin iki günün susub/ üç günün ac/ bir günün susuz keçirəcəm

hər şeyə çatacam/ dırnaqlarım uzanacaq/ iy verəcəm

çimməyəcəm demək olar/ əynimdə müxtəlif heyvanlar gəzişəcək/ yaşayacaq

evim də olmayacaq/ hamının içində olacam/ heç kəs məni tapa bilməyəcək

qadınlar tərəfindən dəfələrlə qarşılıqsız seviləcəm

mənə zibil kimi məktublar gələcək/

çoxu çatmayacaq ünvanım olmayacağından

işləməyəcəm/ qəpiyim də olmayacaq

ayrı-ayrı/ yüngül-ağır xəstəliklər yaxamı buraxmayacaq

heç bir hökumətə müalicəyçün müraciət etməyəcək/

öskürəkdən gəbərsəm də siqareti atmayacam

birinin nə istədiyin gözlərinə bir baxışdan anlayacam

xəyali yağışlar yağacaq

heç olmayan bir kimsənin saçlarını oxşayacam/ oxşayacam

ancaq gecələr yazacam

skamyalardan it kimi qovulacam polislər tərəfindən

tərəfimdən ağılar/ melanxoliyalar/ hüznlər/ rekviyemlər yazılacaq

adamlar onları oxuyub ya dəli kimi sevişəcək gecələri/ ya da özlərin asacaq

yollara düşəcəm/ daşlanacam/ qəbul olunmayacam/ söyüləcəm/ üzümə tüpürüləcək

ağzımdan tutmuş anama/ var yoxumadək döşəsələr də üzlərinə güləcəm

çox içəcəm/ ucuz kirayə daxmalarda kitablar/ butulkalar/ pivə və konserv bankalarıyla yaşayacam

gecələri gözlərimi tavana dirəməkçün uzandığım divanda siqaret kötüklərinin açdığı deşiklərdən cücülər fışqıracaq

dinə inanmayacam/ inananlar məni çarmıxa çəkib/ süngüyə keçirəcək/ tonqalda yandıracaq/ oba-oba gəzdirəcək xalqa görk olsun deyə

rəsmlərə baxıb/ musiqiləri dinləyib elə şərhlər verəcəm ki/

rəssamlar/ bəstəkarlar utanacaq

şəhərlər dağılacaq/ quruyacaq çaylar/ sular

ərşdə kürsüm çoxdan hazır olacaq

dünya bəndənizin dühasından qurtula bilməyəcək

son olaraq istəməsəm də siyasətlərə qarışacam/

idarəetmə mexanizmlərinə qarşı olacam/ pişiklərlə danışa biləcəm

bütün bunlar heç nədən ötrü/ sırf və yalnız və yalnız artistlikçün

XS
SM
MD
LG