Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

«Ola bilsin Avropa Birliyi ilə imzalanan sənədin icrasında da imitasiyalar olacaq»


Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov
Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov
«Panorama» adlı həftəlik radio-icmalda bu dəfə Avropa Birliyi ilə Azərbaycan arasında imzalanan Fəaliyyət Planından bəhs olunur. Həmsöhbətimiz isə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovdur.

Sual : - Eldar bəy, Əvvəlcə Sizdən onu soruşmaq istərdik: Sizcə bu Planın yerinə yetirilməsində daha çox hansı sahələr üzrə çətinliklər meydana çıxa bilər. Seçkilər, korrupsiya ilə mübarizə, yoxsa, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli məsələsində?


Cavab : - Ola bilsin yalnız bir məsələdə biz çətinlik çəkməyəcəyik: enerji mübadiləsi məsələsində. Azərbaycan Avropaya öz neftini də, qazını da satacaq və bu, davamlı olacaq. Ancaq qalan doqquz məsələnin hamısında çox ciddi problemlər mövcuddur. Dağlıq Qarabağ probleminin həlli, azad seçkilər, mətbuat azadlığı, korrupsiyayla mübarizə, məhkəmələrin müstəqilliyi və s. – bütün bu sahələrdə bizdə böyük problemlər mövcuddur. Azərbaycan gərək çox gərgin bir iş aparsın ki, yaxın gələcəkdə bu problemlərin həllinə nail ola bilsin. Bu yaxınlarda - təqribən 1-2 ay sonra Fəaliyyət Proqramına uyğun olaraq bir indikativ plan, yəni həmin məqsədlərə çatmaq üçün konkret nələr etməyin lazım olduğunu aydınlaşdıracaq plan hazırlanacaq. İndi həmin planı hazırlamaq üçün Azərbaycan hökuməti ilə Avropa Birliyi arasında bir işçi qrupu yaradılıb. O, da 1-2 ayın ərzində təsdiq olunmalıdır. Ondan sonra da biz gərək çalışaq ki, bütün orada nəzərdə tutulan tədbirlər həyata keçirilsin.


Sual : - Bir az fəlsəfi sual vermək istəyirəm. Siz yəqin ki, «Əli və Nino» romanını oxumusunuz. Orada epiqraf kimi Redyard Kiplinqin bir sözü verilir ki, Avropa Avropadır, Asiya Asiyadır, onlar heç vaxt qovuşa bilməzlər. Sizə elə gəlmir ki, bu söz haradasa bugünkü Azərbaycanın vəziyyətində təsdiq olunur. Yəni Azərbaycan Avropaya bir yamaq kimi görünmür ki?


Cavab : - Bilirsiniz, bu, çox böyük problemdir. Sizin sualınızın içərisində bir neçə vacib suallar da mövcuddur. Birincisi, ondan başlayaq ki, bu demokratik sistemlər yalnız xristian, Avropa ölkələrində mümkündür, yoxsa müsəlman, Asiya ölkələrində də demokratik sistemi qurmaq olar? Mən birmənalı olaraq deyirəm və əminəm ki, demokratik sistem hər bir xalq üçün məqbuldur və qurula bilər. Məsələn, Türkiyə müsəlman ölkəsidir, demokratik sistem qurub. Yaponlar demokratik sistem qurublar. Cənubi Koreyada demokratik sistem qurulub. Ona görə də kim fikirləşir ki, demokratiya deyilən məsələ, demokratik sistemlər mədəni və tarixi baxımdan bizə müəyyən mənada yaddır, bu, çox yanlış fikirdir.


Bu, məsələnin birinci tərəfi. İkinci tərəfi: Azərbaycan Avropa Birliyinə daxil olmağa çalışmalıdır, yoxsa yox? Bizə Avropa Birliyinə üzv olmaq lazımdır, yoxsa elə daim qonşu kimi qala bilərik? Bunun tərəfdarları da var, əleyhdarları da. Əleyhinə çıxanların əksəriyyəti mən əminəm ki, daha çox Azərbaycanda korrupsiyalaşmış, avtoritar sistemdən öz maddi maraqları üçün istifadə edən dairələrdir...


O biri tərəfdən, bəziləri hesab edirlər ki, Avropa Birliyində anti-müsəlman əhval-ruhiyyəsi var. Bəziləri deyirlər ki, Dağlıq Qarabağ probleminin həllində Avropa ölkələri daha çox erməniləri müdafiə edirlər. Mən belə yanaşma ilə də razı deyiləm. Avropa Birliyinin içərisində beynəlxalq problemlərlə bağlı çox böyük fikir ayrılıqları var. Avropa Birliyinin içərisində Amerikanı strateji müttəfiq sayan ölkələr də var, Amerikaya rəqib gözüylə baxan ölkələr də. Avropa Birliyinin içərisində Rusiyaya strateji müttəfiq gözüylə baxanlar da var, rəqib gözüylə baxanlar da. Bir çox beynəlxalq problemlərdə Avropa Birliyinin içərisində vahid mövqe yoxdur. Avropa Birliyi bizim üçün nə cür maraqlıdır, nəyə görə biz ora daxil olmalıyıq? İlk növbədə, insan haqlarının qorunması, məhkəmələrin müstəqilliyi, azad mətbuat, demokratik prinsiplər - bu, Avropa standartlarıdır. Beynəlxalq problemlərə qalanda isə, bəli, orada Fransa yorğanı öz tərəfinə çəkir, İngiltərə öz tərəfinə, İspaniyanın öz mövqeyi, Polşanın öz mövqeyi var. Bizim də öz mövqeyimiz olacaq. Bundan qorxmaq, çəkinmək lazım deyil.


Sual : - Eldar müəllim, burada maraq doğuran əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsidir. Bildiyimiz qədər, Fəaliyyət Planında bu münaqişənin hərb yoluyla həlli variantı tamamilə istisna edilir. Bu, son imkanın Azərbaycanın əlindən alınması demək deyilmi?


Cavab : - Yox, mən elə yanaşmıram. Ümumiyyətlə, heç bir beynəlxalq qurum – nə Avropa Birliyi, nə BMT, nə Avropa Şurası, nə də ayrı-ayrı ölkələr heç vaxt digər ölkələri müharibə etməyə çağıra bilməzlər. Müasir dövrdə bu, nonsensdir. Belə şey ola bilməz. Elə özümüzü götürək. Hansısa bir beynəlxalq konflikt var, o ölkələrin nümayəndələri bizə müraciət edəndə, biz nə cavab veririk? Biz deyirik get, müharibə et? Deyirik ki, get, sülh danışıqları apar, çalış bunu diplomatik yolla həll elə. Ancaq eyni zamanda BMT-nin də nizamnaməsində, bütün beynəlxalq qanunvericilikdə də deyilir ki, hər bir ölkə öz ərazisini müdafiə edə bilər. Ona görə də bizim burada əl-qolumuzu bağlayan Avropa Şurası, Avropa Birliyi, ATƏT, ya da BMT deyil. Mən hesab edirəm ki, Azərbaycanda ordu quruculuğu, Azərbaycanın hərbi-sənaye, iqtisadi potensialının artırılmasıyla bağlı hələ xeyli işlər görülməlidir. Biz çox vaxt itirdik. O böyük imkanlardan istifadə etmədik və regionda hərbi-sənaye kompleksi, ordu cəhətdən aparıcı qüvvə hələ olmamışıq. Bir də ki, «sülh danışıqlarında ümumiyyətlə, artıq heç bir ümid yeri yoxdur» fikri ilə də mən razı deyiləm. Aydındır ki, sülh danışıqlarının, nəticənin qarşısını alan Ermənistan hökumətinin mövqeyidir. Ancaq Ermənistanın daxilində də bu məsələdə ciddi parçalanma var. «Mərhələli plan»a üstünlük verən siyasətçilər var, vaxtilə keçmiş prezident Levon Ter-Petrosyan özü də erməni cəmiyyətinə bu yolu təklif etmişdi. Üstündən artıq səkkiz il vaxt keçir, ermənilər başa düşürlər ki, Koçaryan bu səkkiz il ərzində heç nə edə bilmədi. Koçaryan söz vermişdi ki, Dağlıq Qarabağın müstəqilliyini tanıtdıracaq. Səkkiz il keçdi, biz yenidən «mərhələli plan»ın müzakirəsinə qayıdırıq. 2008-ci ildə Ermənistanda prezident seçkiləri olacaq. Əgər həmin seçkilərdə «mərhələli plan»a üstünlük verən, barışıq yolunu tutan bir siyasətçi hakimiyyətə gəlsə, sülh danışıqları üçün müəyyən imkanlar yaranacaq. Mən demirəm ki, bu, mütləq belə olacaq. Ancaq bu, belə ola bilər və biz bunu mütləq nəzərə almalıyıq.


Sual : - Eldar müəllim, vaxtilə Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda, belə fikirlər söyləndi ki, Avropa Şurası geosiyasi mülahizələrə üstünlük verdi. Artıq müəyyən bir dövr keçib. Azərbaycanda seçkilərin saxtalaşdırıldığını, mətbuatın sıxışdırıldığını, insan haqlarının pozulduğunu, korrupsiyanın baş alıb getdiyini beynəlxalq qurumlar tez-tez vurğulayırlar. Sizə elə gəlmir ki, bu dəfə də Avropa Birliyi belə bir ölkə ilə əməkdaşlıq qurmaqda geosiyasi mülahizələrə üstünlük verir?


Cavab : - Avropa Birliyi ola bilsin ki, geopolitik maraqları nəzərə alır və üstün tutur. Ancaq eyni zamanda bir fakt var ki, Qafqaz Avropanın cənub-şərqində yerləşən bir ərazidir. Sovet dövründə bizə «Zakavkazye» deyirdilər, müstəqillik əldə edəndən sonra bizə dedilər Cənubi Qafqaz. Ancaq xəritəyə diqqətlə baxsaq, Cənubi Qafqaz Avropanın cənub-şərqidir. 90-cı illərin əvvəllərində bir neçə il Avropada bu müzakirə olunurdu ki, Cənubi Qafqazı – bu üç yeni dövləti Avropaya aid etmək olar, ya yox. Bir neçə il mübahisələrdən sonra qərar verildi ki, bəli, onları Avropaya aid etmək olar və bundan sonra həmin üç yeni dövlət Avropa Şurasının üzvü oldu.


Ancaq mən Sizin sualınızın başqa bir aspektinə toxunmaq istəyirəm. Bəli, Siz tamamilə haqlı deyirsiniz ki, biz artıq bir strukturun üzvü olmuşuq və müəyyən bir təcrübə var ki, biz götürdüyümüz öhdəlikləri yerinə yetiririk, yoxsa yox. Bu mənada mən Sizinlə tam razıyam ki, Avropa Birliyi ilə imzalanan sənədin icrasında da ola bilsin imitasiya olacaq. Necə ki, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirməmişik, ola bilsin ki, bu Fəaliyyət Planı da bir müddətdən sonra havadan asılı vəziyyətdə qalsın...


Sual : - Yeri gəlmişkən, həmin Planda qeyd edilir ki, Venesiya Komissiyası və ATƏT-in tövsiyələri əsasında Avropa Birliyi Azərbaycanda seçki islahatlarının aparılmasını istəyir. Ancaq həmin tövsiyələrdə seçki komissiyalarının paritet əsaslarda formalaşdırılmasına çağırılır. Azərbaycan hökuməti isə bunu qəbul etmək istəmir. Onda Fəaliyyət Planındakı həmin məsələ üzrə əməkdaşlıq bir qədər çətin görünür, elə deyilmi?


Cavab : - Bir qədər yox, çox böyük ehtimalla demək olar ki, Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə də imzalanmış sənədin həyata keçirilməsinə imitasiya kimi yanaşacaq. Necə ki, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası, ATƏT bizi indi tənqid edir, AŞPA-nın hər bir sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatı sual altına alınır, ola bilsin, bir müddət sonra Avropa Birliyi də Azərbaycan hökuməti ilə sərt danışmağa başlasın ki, sən müqavilə imzalayıbsan, niyə bunu yerinə yetirmirsən. Burada əsas məsələ siyasi iradədir. Heç bir hökuməti məcbur etmək olmaz ki, demokratik islahatlar aparsın, korrupsiyayla mübarizə aparsın. Gərək siyasi iradə olsun, daxildən özləri istəsinlər. Özlərinin siyasi iradəsi olsun ki, Azərbaycanda demokratik sistem qurulmalıdır, Azərbaycanda azad seçkilər keçirilməlidir, Azərbaycan mətbuatı azad olmalıdır. Gərək hakimiyyətin siyasi iradəsi bundan ibarət olsun. Əgər siyasi iradəsi tamamilə əksinədirsə, yüz dənə sənəd imzalansın, üstündən yüz dənə möhür vurulsun, bunun heç bir xeyri olmayacaq.


Sual : - Bir müddət əvvəl Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi mübadiləsi, müəyyən kommunikasiya xətlərinin açılması təklifini irəli sürmüşdü. Bu Plan çərçivəsində eyni təkliflər yenidən aktuallaşa bilərmi?


Cavab : - Avropa Birliyi vaxtilə 90-cı illərin ortalarında ilk dəfə Dağlıq Qarabağ problemi ilə bağlı bir təşəbbüs irəli sürdü. Faktiki olaraq bu təşkilat biz istədiyimiz «mərhələli plan » ı təklif etdi. Dedi ki, indi Dağlıq Qarabağın statusunu razılaşdırmaq mümkün deyilsə, onun ətrafında işğal olunmuş ərazilər azad olunsun, Azərbaycan da öz tərəfindən kommunikasiyaların bərpasına razılıq versin və müəyyən ikitərəfli əməkdaşlıq başlasın. Yadımdadır, o vaxt prezidentin yanında bu təkliflərlə bağlı müşavirə keçirildi və Azərbaycan buna prinsipial razılıq verdi. Ancaq Ermənistan bununla razı olmadı. Mən Avropa Birliyinin hansısa konkret yeni bir təklifini eşitməmişəm. Ərazi mübadiləsi təklifi də Avropa Birliyininki deyildi. Güman edirəm ki, Avropa Birliyi burada aparıcı rol oynamayacaq, bu prosesi ATƏT-in Minsk Qrupu davam etdirəcək. Avropa Birliyi isə burada müəyyən təminatçı rolunu oynaya bilər. Yəni sülh müqaviləsi imzalansa, Avropa Birliyi işğal olunmuş, dağıdılmış torpaqların bərpası üçün çox ciddi yardım edə bilər, həm maliyyə yardımı, də həm mütəxəssislərlə. Avropa Birliyinə daxil olan ölkələr sülhməramlı qüvvələrin tərkibində iştirak edə bilər və s. Güman etmirəm ki, Avropa Birliyi konkret olaraq problemin hansısa yeni bir həll modelini təklif etsin...


XS
SM
MD
LG