Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:12

Dünya xəbərləri

Kreml ATƏT-in hesabatına inanmır

Ukrayna hərbçiləri, arxiv fotosu

-

Avqustun 4-də Kreml ATƏT müşahidəçilərinin hesabatını rədd edib. Ukraynanın separatçıların nəzarətində olan şərq hissəsində bir nəfər silahlı özünü və uniformasız bir qrupu müşahidəçilərə Rusiya silahlı qüvvələrinin üzvləri kimi təqdim edib.

ATƏT avqustun 3-də bildirib ki, həmin silahlı Donetsk regionunda rusiyapərəst separatçıların nəzarətində olan silah deposunu qoruyub. Hesabata görə, “həmin şəxs iddia edib ki, ərazidə olanlar Rusiyanın Orenburq şəhərindən 16-cı Paraşüt-Desant Briqadasının üzvləridir. Onların əynində xüsusi işarəli geyim olmayıb”.

Rusiya prezidentinin sözçüsü Dmitry Peskov avqustun 4-də bildirib ki, Kreml ATƏT-in monitorinq missiyasının məlumatlarının dəqiqliyinə şübhə edir. Onun sözlərinə görə, “bu hesabatların dəqiqliyi yoxlanmalıdır” və Rusiya Müdafiə Nazirliyi hesabatı təsdiqləyəcək ən etibarlı mənbə ola bilər.

Bütün xəbərləri izləyin

Olimpiya oyunlarında gün ərzində 16 nəfərdə koronavirus aşkarlanıb

Tokio, 13 iyul 2021

Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları bazar ertəsi günü açıqlayıblar ki, iyulun əvvəlindən olimpiya oyunlarına aidiyyatı olan 150-dən çox adamda koronavirus aşkarlanıb.

Ötən gün ərzində 16 yeni hadisə qeydə alınıb. İdmançıların özləri arasında bu ay ərzində 19 nəfərdə koronavirus aşkar edilib, bəziləri Olimpiya kəndində yerləşdirilib.

Sonradan həmin idmançılar xüsusi karantin otellərinə köçürülüblər.

Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınan 2020 Olimpiya oyunlarına bu il iyulun 23-də start verilib.

Beynəlxalq yarışlar Tokyo və üç qonşu vilayətdə fövqəladə vəziyyət rejimi altında keçirilir.

Həm xarici azarkeşlərdən, həm də yaponların özlərindən olan tamaşaçılara tribunadan çıxmaq qadağan edilib. Sorğulara görə, bir çox Yaponiya vətəndaşı COVID-19 infeksiyasının artmasına səbəb ola biləcəyindən qorxur və oyunların ləğv edilməsinin tərəfdarıdır.

Təşkilatçılar təhlükəsizlik və sağlamlığı əsas prioritet kimi göstərirlər. Reuters yazır ki, Baş nazir Yoshihide Suga, Olimpiadadakı vəziyyət fonunda bu yaxınlarda planlaşdırılan seçkilərdən əvvəl zəif siyasi dəstəyə sahibdir.

Belarus təyyarəsi Moskvada təcili eniş edib

Belavia-nın Boeing 737-800 təyyarəsi, Domodedovo hava limanı, Moskva, 28 may 2021

Belarus hava yolu şirkəti "Belavia" nın Minskdən Antalyaya uçan təyyarəsi Moskva Domodedovo hava limanına təcili eniş edib.

"İzvestiya" xəbər verir ki, təyyarənin mühərrikindəki yağ temperaturu sensorunda nasazlıq olub.

Bir qədər əvvəl KİV-lər Minskdən yerli vaxtla 9.35-də yola düşən Boeing 737 təyyarəsinin Voronej vilayətinin üzərində bir siqnal göndərdiyini yazmışdı. Onların sözlərinə görə, idarə heyəti təcili enişin planlaşdırıldığı Voronejə doğru gedirmiş.

5 iyun tarixində Avropa Birliyi bütün Belarus təyyarələri üçün hava məkanını və AB hava limanlarını bağlayıb. Bu qərar bir Ryanair təyyarəsinin mayın 23-də Minskə məcburi enişindən və göyərtədə olan müxalif blogger Roman Protaseviç və rusiyalı qadın Sofiya Sapeqanın həbsindən sonra verilib.

Aİ, təyyarənin Aleksandr Lukaşenko rejiminin tanınmış tənqidçisi Protaseviçi həbs etmək üçün saxta bəhanə ilə enməyə məcbur edildiyini düşünür.

Gürcüstanda bir sutkada 1264 yoluxma, 26 ölüm

Gürcüstanda laboratoriya

Gürcüstanda son sutka ərzində koronavirusdan 26 nəfər ölüb. Pandemiya başlayandan bəri isə ölənlərin sayı isə 5714-ə çatıb.

Sutka ərzində analizi götürülən 19 min 375 nəfərdən 1264-də COVİD-19 virusu aşkarlanıb.

Məlumata görə, ölkə üzrə analizi pozitiv çıxanların ümumi sayı 404 mini keçib, onlardan 374 753 nəfəri sağalıb.

Stopcov.ge hökumət portalına görə, Gürcüstanda koronavirüsün aşkarlanması nisbəti gündə 6,52%, son 14 gün ərzində 5,73%, həftə ərzində isə 6,44% təşkil edib.

Gün ərzində 1572 nəfərə, indiyə qədər isə 404 339 nəfərə COVİD-19 əleyhinə peyvənd vurulub.

Putinə qarşı çıxan şaman məcburi müalicəyə göndərilib

A. Qabışev

Yakutiya şəhər məhkəməsi, "Putini qovma" məqsədi ilə Moskvaya səfəri ilə məşhurlaşan şaman Aleksandr Qabışevi məcburi müalicə göndərib.

Bu barədə mətbuata şamanın vəkili Alexey Pryanishnikov məlumat verib.

Pryanishnikova görə, məcburi müalicə müddəti təyin olunmayıb. Müalicəsi zamanı Qabışev "intensiv müşahidə" altında olacaq. Qabışevin müdafiəsi məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

"Bir qayda olaraq, məcburi müalicə təyin edildikdə, insanlar xəstəxanada ən azı 2,5-3 il qalırlar. Bizim vəziyyətimizdə necə olacaq, deyə bilmərəm, amma praktika göstərir ki, məhz bu müddətdə olur", - deyə vəkil bildirib.

Məhkəmənin qərarı qüvvəyə minənə qədər Qabışev həbsdə olacaq.

Putini qovmağa gedən şamanı yolda oğurlayıblar
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən sonra məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilib və daha sonra həbs edilib.

Tunisdə gərginlik

Tunisdə etiraz aksiyası, yanvar 2021

Ölkədə siyasi böhranın artmasını əsas götürən Tunis prezidenti baş naziri istefaya göndərib və parlamentin fəaliyyətini dondurub. Onun rəqibləri yaranmış vəziyyəti dövlət çevrilişi adlandırıb.

Prezident Kays Sayed iyulun 25-də dövlət televiziyasındakı çıxışında yeni təyin edəcəyi baş nazirlə birgə yaranmış vəziyyətlə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Ölkə başçısı belə bir addımı ölkədə baş verən etiraz aksiyalarından və hakimiyyətin istefası, parlamentin buraxılması tələblərindən sonra verib.

Sayed çıxışında deyib ki, onun belə bir adım atması Tunisi "xilas" etməyə yönəlib. Bundan sonra adamlar ölkə prezidentini müdafiə etmək üçün küçələrə çıxıblar.

Parlamentin spikeri Rəşid Qannuçi isə Tunis prezidentinin hərəkətlərini tənqid edib, baş verənləri dövlət çevrilişi adlandırıb. O, həmçinin İslam partiyası olan Ennahda tərəfdarlarını etiraz etməyə çağırıb.

Ennahda 2011-ci ildən bəri ən uğurlu partiya sayılır, lakin 25 iyulda keçirilmiş aksiyada etirazçılar öz qəzəblərini bu partiyaya bildirməyə başlayıblar.

Polis partiyanın qərargahına basqın etməyə çalışan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Putin ‘şəxsi kassir’ini təltif edib

Yuri Kovalçuk, 20 fevral 2010

Rusiya prezidenti Vladimir Putin, dostu və "Ozero" bağ kooperativinin qurucularından biri olan iş adamı Yuri Kovalchuku IV dərəcəli "Vətənə xidmətlərinə görə" medalı ilə təltif edib.

Bu barədə fərman rəsmi hüquqi məlumat portalında yer alıb. 3 milyard dollardan çox varidatla Forbes-in siyahısında Rusiyanın 47-ci ən zəngin adamlarından biri olan Kovalçuk, fərmanda Sankt-Peterburqdan bir ictimai xadim olaraq təqdim edilib.

Ona mükafat "Krım Respublikasında sosial əhəmiyyətli layihələrin həyata keçirilməsindəki böyük töhfəsinə görə" verilib.

Kovalchukun sahib olduğu şirkətlər ilhaq edilmiş Krımda "Massandra" və "Novy Svet" şərab zavodlarına və bir sıra turizm obyektlərinə sahibdir.

Kovalçuk, Rusiya prezidentinin çoxdan bəri tanışı və dostudur. 1990-cı illərdə Putin və ətrafındakı digər bir sıra insanlarla birlikdə Leninqrad bölgəsində "Ozero" kooperativini qurub.

Putinin hakimiyyətə gəlişindən sonra və ya yüksək vəzifəli məmur olduqdan sonra qurucularının çoxu əhəmiyyətli dərəcədə zənginləşdiyindən bu ad məşhur bir ad olub.

Kovalchuk "Rossiya" bankının əsas səhmdarlarından biridir. 2014-cü ildə Krımın ilhaqından dərhal sonra həm bank, həm də Kovalchuk ABŞ-ın sanksiya siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin açıqldəğı bəyanatda qeyd olunur ki, o, Vladimir Putinin "şəxsi kassiri" dir.

Kovalçukdan əlavə mükafat alanlar siyahısında yüzdən çox adam var.

Əfqanıstanın 31 vilayətində komendant saatı

Əfqanıstan ordusu, arxiv foto

Əfqanıstan hakimiyyəti gecə saatları ölkədə komendant saatı tətbiq etməyi qərara alıb.

Bu barədə Daxili İşlər nazirliyi iyuylun 24-də məlumat yayıb.

Son vaxtlar Taliban qüvvələri ölkənin bir sıra ərazilərini, sərhəd keçid məntəqələrini ələ keçiriblər.

Nazirliyin yaydığı məlumata görə, 34 vilayətdən 31-də tətbiq olunacaq komendant saatında məqsəd hökumətin nəzarətində olan ərazilərə Taliban qüvvələrinin sızmasının qarşısını almaqdır.

Daxili İşlər Nazirliyinin sözçüsü müavini Əhməd Zia jurnalistlərə açıqlamasında, komendant saatının yerli vaxtla saat 22: 00-dan 4: 00-dək qüvvədə olacağını deyib.

Döyüşlər ABŞ, Avropa Birliyi və NATO-nun iyulun 23-də Taliban hərəkatını Əfqanıstandakı hərbi hücumunu dayandırmağa və sülh danışıqlarına başlamağa çağırdığı bir vaxtda baş verib.

İran narahatdır

Səid Xətibzadə

İran Azərbaycan-Ermənistan sərhədindəki yeni gərginlikdən narahatlığını bildirir və bölgədə davamlı sülhün bərqərar olması üçün addımların atılmasına çağırır.

İRNA-nın məlumatına görə, belə bir narahatlığı İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə səsləndirib.

Son hadisələrdə bir azərbaycanlı əsgərin öldüyünü və üç erməni hərbçisinin yaralandığına təəssüfləndiyini bildirən Xatibzadə iki qonşu ölkəni - Ermənistan və Azərbaycanı təmkinli olmağa və sərhəd mübahisələrini sülh yolu ilə həll etməyə çağırır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü, "İran Cənubi Qafqazda davamlı bir sülhün bərqərar olması üçün hər cür yardımı etməyə hazırdır" deyə o bildirib.

Son günlər Azərbaycan-Ermənistan sərhəddi boyunca gərginlik yaşandığı barədə tərəflər rəsmi məlumatlar yayır. Azərbaycan sərhəddin Kəlbəcər istiqamətində atəşkəsin pozulması nəticəsində bir hərbçisinin həlak olduğunu, Ermənistan isə 3 hərbçisinin yaralandığı barədə məlumat yayıb.

İyulun 24-də isə hər iki tərəfin müdafiə nazirliklərinin yaydığı məlumata görə, bölgədə sakitlikdir.

Türkiyədə yoluxmaların sayı getdicə artır

Türkiyə-Covid 19,maskalı insanlar

Reütersin iyulun 23-də verdiyi məlumata görə son iki həftə ərzində yoluxmaların sayı artaraq 9586 nəfərə çatıb.Bu mayın 19-dan bu yana ən yüksək həddir.

Rəsmi məlumatda 52 nəfərinsə Covid-19 virusundan öldüyü bildirilir.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca əhaliyə xəbərdarlıq edib ki, əgər peyvənd olunmasalar, pandemiya problemi gündəmdən çıxmayacaq.

Amma ümumilikdə aprel-may ayları ilə müqaisədə infeksiyanın xeyli azaldığı müşahidə olunur.Həmin vaxt Türkiyədə gündəlik yoluxmaların sayı 60 min nəfəri ötmüşdü.

İyulun 4-də Türkiyə yoluxmaların sayı, ciddi məhdudiyyətlərə görə azalaraq 4418 nəfərə düşmüşdü. Amma hakimiyyət bundan sonra məhdudiyyətlərin əksəriyyətini qaldırdı.

ABŞ-dan hədiyyə: 24 iyulda Gürcüstan 500 min doza Pfizer alacaq

COVİD-19 əleyhinə peyvənd

Şənbə günü, iyulun 24-də Gürcüstana koronavirus əleyhinə 500 min doza Pfizer/BioNTech peyvəndi alacaq. Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Gürcüstana peyvənd hədiyyə olunması ilə bağlı qərarı ABŞ hökuməti qəbul edib. Bu barədə iyulun 17-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib.

Bundan əvvəl Gürcüstan hakimiyyəti, ölkəyə bir milyon doza peyvəndin mərhələli çatdırılması ilə bağlı birbaşa Pfizer ilə razılaşma əldə edildiyini elan etmişdi.

Bundan sonra, iyulun 14-də ölkəyə 28 min doza peyvənd gətirilib.

Tokioda Olimpiya oyunları başlayır

Tokio Olimpiya Oyunları

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq.

Məlumata görə, Tokionun Milli Stadionunda baş tutatcaq açılış mərasimində koronavirus infeksiyasının davamlı artması səbəbindən iştirak məhdud olacaq.

Təşkilatçılar şounun təfərrüatlarını açıqlamayıblar, lakin 15 dünya lideri daxil olmaqla təxminən 950 nəfərin 68 min nəfərlik Olimpiya Stadionunu ziyarət edəcəyi bildirilir.

İyulun əvvəlində təşkilatçılar koronavirusa yoluxma hallarının artması səbəbiylə Tokioda yeni bir fövqəladə vəziyyət elan edildikdən sonra olimpiada yarışlarının tribunalarda tamaşaçısız keçiriləcəyini elan ediblər.

Tokioda keçiriləcək Yay Olimpiya Oyunları keçən il baş tutmalı idi, ancaq koronavirus pandemiyası səbəbindən təxirə salındı.

İyulun 22-də Tokioda 1.979 COVID-19 -a yoluxma halı qeydə alınıb ki, bu da yanvar ayının ortalarından bəri ən yüksək göstərici sayılır.

Bu infeksiya, bir neçə idmançı da daxil olmaqla olimpiadada iştirak etmək üçün akkreditə olunmuş təxminən 90 nəfərdə də aşkar edilib.

Putin və Paşinyan arasında telefon söhbəti olub

Vladimir Putin (sağda) və Nikol Paşinyan (Arxiv fotosu)

Tərəflər regiondakı vəziyyətlə bağlı məsələlərin geniş çevrəsini detallı şəkildə müzakirə ediblər.

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan iyulun 22-də telefon söhbətində erməni hərbi əsirlərin Azərbaycandan qaytarılmasını müzakirə ediblər.

Bu xəbəri Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən TASS xəbər agentliyi yayıb.

Məlumatda deyilir:

"Tərəflər regiondakı vəziyyətlə bağlı məsələlərin geniş çevrəsini detallı şəkildə müzakirə ediblər. Söhbət zamanı habelə 9 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsi müzakirə olunub. O cümlədən əsirlərin qaytarılması və regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilib”.

Bundan bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Moskvada Vladimir Putinlə görüşmüşdü.

Dombasda vuruşmuş belarusluya Çexiyada 21 il cəza verilib

Ukrayna

Çexiya apellyasiya məhkəməsi belarusiyalı Aleksey Fadeevi Ukraynanın şərqindəki müharibədə iştirak etdiyinə görə 21 il həbs cəzasına məhkum edib.

Rusiyapərəst separatçıların tərəfində vuruşan 41 yaşlı Belarus vətəndaşı terrorizmdə təqsirli bilinir.

Bu barədə Novinky.cz xəbər verir. Fadeev uzun illərdir Çexiyada yaşayır. Məlumata görə, o, 2014-cü ilin oktyabrından 2016-cı ilin mayına qədər separatçı qrupları dəstəkləmək üçün dəfələrlə Donbasa gedib, separatçı birləşmələrdən birinin silahlı qüvvələrində xidmət edib.

Birinci instansiya məhkəməsi buna görə onu 4,5 il həbs cəzasına məhkum edib. Həmin vaxt məhkəmə Fadeevin döyüşlərdə iştirak etmədiyini və yalnız köməkçi iş gördüyü qənaətinə gəlib.

Lakin prokurorluq bu qərardan apellyasiya şikayəti verib. Müdafiəçisi müdafiə etdiyi şəxsin müharibədə döyüşmədiyini və ittihamların onun üzərindən götürülməsini israr edib. Guya müdafiə etdiyi şəxs cəbhə bölgəsindəki döyüşlərdə iştirak etməyib, sadəcə Ukraynaya mülki əhalini qorumaq üçün gedibmiş.

ABŞ Türkiyəyə qarşı əlavə sanksiyaları tətbiq edə bilər

AB, prezidenti Joe Biden və Türkiyə prezidenti Racep Tayyip Erdogan-NATO sammiti

“ABŞ prezidenti Joe Biden Rusiyadan S-400 hava hücumlarından müdafiə sistemləri aldığına görə, Türkiyəyə qarşı sanksiyaları saxlamaqda qərarlıdır.

Reütersin iyulun 21-də yaydığı məlumata görə, bunu ABŞ-ın adı çəkilməyən yüksək səlahiyyətli diplomatı deyib.

O, həmçinin qeyd edib ki, əgər Türkiyə gələcəkdə Rusuiyadan daha böyük silah sitemləri alacağı təqdirdə Vaşinqtin Ankaraya qarşı daha böyük sanksiyalar tətbiq edəcək.

Qeyd edək ki, Türkiyənin Rusiyadan silah alması və Suriya münaqişəsi də daxil olmaqla son illər Vaşinqtonla Ankara arasında bir sıra fikir ayrılıqları yaranıb.

Vaşinqton hesab edir ki, Rusiya istehsalı olan S-400 raketlərini NATO-nun hərbi sistemi ilə uzlaşdırmaq mümkün deyil.

Vaşinton buna görə Türkiyəyə “F-16” qırıcı təyyarələrin verilməsini də dondurub.

Qeyd edək ki, Türiyə ilə ABŞ NATO ittifaqında yaxın tərəfdaş ölkələrdir.

Qəzada həlak olan Türkmənistan hərbçilərinin sayı 30-a çatıb

Hərbi maşınlar, arxiv foto

Avtomobil qəzasında həlak olan Türkmənistan hərbçilərin sayı ən azı 30 nəfərə çatıb.

AzadlıqRadiosunun Türkmənistan xidmətinin məlumatına görə, hadisə iyulun 18-də olsa da rəsmi qurumlar hələ də qəza haqqında detallı məlumat vermir.

Məlumata görə, hadisə bir neçə hərbi yük maşını "Xalq abidəsi"indən geri dönərkən baş verib. Hərbçilər Qurban bayramı ilə bağlı tədbirdən geri dönürmüşlər.

Vurğulanır ki, xatirə kömpleksini ziyarətdən sonra təpədən aşağı enən hərbi maşınlardan birnin əyləc sistemində proiblem yaranıb və o aşağıda gedən digər maşınlarla toqquşub və sonra aşıb.

AzadlıqRadiosuna danışan digər bir mənbənin verdiyi məlumata görə, qəzadə həlak olanların sayı 30-u keçib. Aralarında 3 zabitin olduğu 20-dən çox hərbçi ağır yaralanıb və hazırda xəstəxanada müalicə olunmaqdadılar.

Şahidlərin sözlərinə görə, qəzanın baş verdiyi yerdə yollar hələ də bağlıdır və ərazidə müəyyən işlər aparılmaqdadır.

İzlənmə siyahısında Fransa prezidentinin də telefon nömrəsi tapılıb

Fransa prezidenti E. Makron, 8 may 2021

Araşdırmaçı jurnalıistlər cəsus proqramı vasitəsilə izləmə siyahısında Fransa prezidentinin də telefon nömrəsini tapıblar. Prezidentin sözçüsü deyib ki, jurnalistlərin aşkarladığı faktlar təsdiqlənərsə bu çox ciddi məsələdir.

Pegasus casus proqramı vasitəsi ilə izləmə hədəfi ola biləcək telefon nömrələrinin siyahısında jurnalistlər Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla ən azı 14 dövlət və hökumət başçısının nömrələrini tapıblar.

Le Monde qəzetinin yazdığına görə, Makronun nömrəsi Mərakeş kəşfiyyat xidmətləri tərəfindən Pegasus ilə sındırmaq üçün mümkün hədəf olaraq tərtib edilən telefon nömrələrinin siyahısında yer alıb.

Siyahıda daha 10-dan çox fransalı nazirin adının da yer aldığı bildirilir. "Forbidden Stories " in rəhbəri Lonard Riçardın sözlərinə görə, siyahı xüsusi xidmət orqanlarının ona daxil olan insanlara olan marağını göstərir, lakin öz-özlüyündə bu hakerlik faktını təsdiqləmir.

Fransa Prezidentinin sözçüsü deyib ki, jurnalistlərin təqdim etdiyi faktlar təsdiqlənərsə, deməli "bunlar açıq-aşkar çox ciddidir".

Siyahıda Makrondan əlavə Cənubi Afrika Prezidenti Cyril Ramafosa, Mərakeş Kralı VI Məhəmməd, Avropa Şurasının sədri Şarl Mişel , Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus da var.

Bundan əvvəl Macarıstan və Azərbaycan jurnalistlərinin, həmçinin öldürülən səudiyyəli jurnalist Camal Kaşoqinin yaxınlarının təsdiqlənmiş izləmə faktı barədə məlumat verilib.

Pegasus, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün hazırlanmış bir proqramdır və yalnız dövlət qurumları tərəfindən istifadə edilə bilər. Bu proqram izlənilən insanların smartfon məlumatlarına daxil ola bilir.

Ermənistanın müdafiə naziri istefa verdi

Ermənistanın müdafiə naziri Vagharshak Harutyunian, 20 dekabr ,2020

Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vagarshag Arutyunyan istefa verib.

Bu barədəAzadlıqRadiosunun Ermənistan xidməti iyulun 20-də məlumat yayıb.

Hələlik istefanın səbəbi barədə ətraflı məlumat verilmir.

Arutyunyan müdafiə nazirliyinə ötən il-2020-ci il noyabrın 20-dən rəhbərlik edirdi.

Bunadək o, baş nazirin müşaviri idi.

Rusiyada narkotikdən ölümlər bir ildə 60 faiz artıb

Narkotik-illustrasiya

2020-ci ildə narkotik problemindən ölən rusiyalıların sayı əvvəlki ilə nisbətən 60 faiz artıb.

Bu barədə məlumat Rusiya Statistika Komitəsinin hesabatında yer alıb. Rosstat-ın hesabatında deyilir ki, 2020-ci ildə narkotikdən 7316 nəfər ölüb, bir il əvvəl isə ölüm sayı- 4569 nəfər olub.

Məlumata görə, 2016–2018-ci illərdə Rusiyada hər il 4.4-4.8 min insan narkotikdən həyatını itirib.

Ümumilikdə, 2020-ci ildə Rusiyada xəstəliklə əlaqəli olmayan müxtəlif səbəblərdən 140 minə yaxın adam ölüb ki, burda narkotikdən istifadəyə görə ölənlərin payı 5,2 faiz olub.

Rosstat, narkotik maddələrdən sui-istifadə nəticəsində zehni xəstəliklərdən vəfat edənləri də narkotik ölümləri kateqoriyasına aid edir.

Bu ilin iyun ayında BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi pandemiya başlayandan bəri dünyada narkotik istifadəsinin artmasına dair bir hesabat yayıb.

Həmin hesabata görə, 2020-ci ildə bütün dünya üzrə narkotikadan istifadə edənlərin sayı 275 milyon olub. Bu da 2010-cu illə müqayisədə 22 faiz artım deməkdir.

Azaraq Azərbaycan tərəfə keçmiş erməni sakin geri qaytarılıb

Azərbaycan Ermənistan sərhədində yerləşən "Qaragöl"

Ermənistanın Sünik bölgəsində azaraq Azərbaycan tərəfə keçmiş ermənistan sakin geri qaytarılıb.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, yerli sakin öz kombaynı ilə azaraq, Azərbaycan tərəfə-Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçib.

Ermənistan Daxili İşlər nazirliyinin məlumatına görə, Rusiya və Ermənistan sərhədçilərinin vasitəçiliyi ilə kombayn və erməni sakin geri qaytarılıb.

Erdogan:Taliban qardaş torpaqlarının işğalına son qoymalıdır

Türkiyə prezidenti Racep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan bildirib ki,Taliban öz qardaşlarının torpağını işğal etməməli, buna son qoymalıdır.

Reütersin iyulun 19-da verdiyi məlumata görə Erdogan Şimali Kiprə səfəri ərəfəsində jurnalistlərə deyib ki, Talibanın yanaşması, bir müsəlmanın digəri ilə davranışına ziddir.Bir müsəlman digəri ilə belə davranmamalıdır.

“Taliban qardaş torpaqlarının işğalını dayandırmalı və təcili bütün dünyaya göstərməlidir ki, Əfqanıstanda sülh hökm sürür” ,deyə o vurğulayıb.

Qeyd edək ki, Ankara bu yaxınlarda bəyan edib ki, NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra Türkiyə Kabil hava limanının mühavizəsini öz üzərinə götürə bilər.

Hazırda Ankara ilə Vaşinqton Türkiyənin bu təklifini-belə bir əməliyyata maliyyə, siyasi və maaddi-texniki dəstəyin mümkünlüyünü müzakirə edirlər.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu günlərdə bildirib ki, söhbət Əfqanıstanda daha böyük təhlükəsizlik məsələsindən gedəndə, biz sözsüz Türkiyənin konstruktiv rolunu alqışlayırıq.

Amma Prays əlavə detallar barədə məlumat verməyib.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etməyə başladıqdan sonra yerli hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında döyüşlər başlayıb.

Son məlumata görə Taliban yaraqlıları son həftələrdə Əfqanıstanın 423 bölgəsinin təxminən üçdə birini ələ keçiriblər.

Rusiya, Tacikistan və Özbəkistan Əfqanıstanla sərhəddə hərbi təlim keçirəcəklər

Rusiya ordusu hərbi təlim keçirir

Rusiya, Tacikistan və Özbəkistan avqustun əvvəllərində Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında birgə hərbi təlimlər keçirəcək.

Rusiya Orta Asiya Hərbi Dairəsi-nin komandanı Aleksandr Lapin iyulun 19-da jurnalistlərə bildirib ki, təlimlər avqustun 5-10 arası Tacikistandakı Hərb-Meydan düzündə keçiriləcək. O qeyd edib ki, hərbi təlimlərdə müttəfiq ölkələrin ərazisinə soxulmuç qanunsuz silahlı birləşmələrin qarşısının alınması məşq ediləcək.

AzadlıqRadiosunun TASS-a istinadla verdiyi məlumata görə,bu təlimlərdə Rusiyanın Tacikistandakı hərbi bazasının heyəti-dağ-nəqliyyat ordusu, tank və artileriya bölmələri, həmçinin xüsusi təyinatlı qüvvələr iştirak edəcək.

Son həftələrdə Əfqanıstandan Tacikistana hökumət qoşunlarının əsgərləri və polislər də daxil olmaqla yüzlərlə qaçqın keçib.

Qonşu Türkmənistan da yaranmış vəziyyətə görə Əfqanıstanla sərhəd bölgəsinə hərbi texnika və canlı qüvvələr yeridir.

Son məlumata görə Taliban yaraqlıları son həftələrdə Əfqanıstanın 423 bölgəsinin təxminən üçdə birini ələ keçiriblər.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etməyə başladıqdan sonra yerli hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında döyüşlər başlayıb.

Almaniyada sel daşqınlarda həlak olanların sayı 130-u keçib

Şuld, Almaniya 15 iyul 2021

Almaniyanın qərbində fəlakətli sel nəticəsində ölənlərin sayı 133-ə yüksəlib.

Polisin açıqlamasına görə, Reynland-Pfalz əyalətində fəlakət nəticəsində 90-dan çox insan vəfat edib, təxminən 620 nəfər müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

"Deutsche Welle" xəbər verir ki, Şimali Reyn-Vestfaliyada 43 nəfər həlak olub. Səlahiyyətlilər qurbanlara dair məlumatların hələ sona çatmadığını, onlarla yerli sakinin hələ də itkin düşdüyü bildirilir.

İtkin düşənlərin axtarışı və bərpa işləri davam etdirilir. Təbi fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində, polis, hərbi qüvvələr və könüllülər çalışmaqdadır.

Milyarder Fərhad Əhmədov keçmiş həyat yoldaşına 200 milyon dollar ödəyəcək

Milyarder Fərhad Əhmədov, arxiv foto

Əslən Azərbaycandan olan rusiyalı iş adamı, milyarder Fərhad Əhmədov, boşanma sonrası əmlak bölgüsü müqaviləsi çərçivəsində keçmiş həyat yoldaşına təxminən 207 milyon dollar ödəməyi qəbul edib.

Bu, sərvətinin təxminən yüzdə 15-i və İngiltərədəki məhkəmə tərəfindən 2017-ci ildə həyat yoldaşına verilən məbləğin yalnız üçdə biridir.

Bir neçə ildir keçmiş həyat yoldaşı Fərhad Əhmədovu məhkəməyə verib, Forbes jurnalinın 1,4 milyard dollar dəyərlkəndirdiyi əmlakının üçdən birini istəyirdi.

2016-cı ildə bir London məhkəməsi, milyarderin 453 milyon funt sterlinq (570 milyon dollar) ödəməsi ilə bağlı qərar çıxarıb. Financial Times qəzetinin qiymətləndirməsinə görə, bu boşanma zamanı verilən ən böyük məbləğlərdən biridir.

Əhmədov məhkəmənin qərarını yerinə yetirməkdən imtina edib. RBK-yə verdiyi müsahibədə milyarder məhkəmə qərarının onun üçün "tualet kağızından baha olmadığını" söyləib. Bundan sonra məhkəmə onun dünyadakı varidatına həbs qoyulmasını ilə bağlı qərar çıxarıb.

Bundan sonra, onun Dubay limanındakı 450 milyonluq "Luna" superyaxtasına həbs qoyulub.

Fobers jurnalinın məlumatına görə, Əhmədov bu məsələdə barışığa gəlsə də yaxtaa hüququnun bərpa olunması ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Məhkəmədə udulan vəsaitin təxminən yarısı-103 milyon dollar onun keçmiş həyat yoldaşının vəkilinə çatıb.

Qırğızıstan Əfqan qırğızları qəbul etməyə hazır olduğunu bildirir və yardım istəyir

Əfqanıstanda yaşayan qırğızlar, arxiv foto

Qırğızıstan Talibanın hücumlarından Tacikistana sığınan Əfqanıstan qırğızlarının ölkəyə gətirilməsi ilə bağlı iş aparır.

Bununla bağlı Tacikistan hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə danışıqlar aparılır.

Rəsmi Qırğızıstan Talibanın hücumlarından qaçan Əfqanıstan qırğızlarını qəbul etməyə hazır olduğunu bildirir.

Qırğızıstan hökuməti məsələ ilə bağlı iyulun 17-də toplantı keçirib.

Müvafiq dövlət qurumlarına mümkün evakuasiya, köçürülmə sahəsinin hazırlanması, lazımi infrastrukturun yaradılması, etnik qırğızlara tibbi, sosial və hüquqi yardım göstərilməsi üçün bir sıra göstərişlər verilib.

Son bir neçə gündə təxminən 350 etnik qırğız Əfqanıstandan Tacikistana qaçıb. Tacikistan tərəfinin verdiyi məlumata görə, yolda iki körpə vəfat edib.

Son günlər Taliban hökumət qüvvələrinin nəzarətində olan onlarla bölgəni nəzarət altına aldığını bəyan edib.

Bu, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrin Əfqanıstandan qoşunlarını çıxardığı bir vaxtda baş verir.

İranda sosial tələblərlə etirazlar davam edir

İranın Hamidyeh şəhərində etiraz aksiyası

İranda sosial tələblərlə etirazlar davam edir. Polislə toqquşmalar olub. Ölkənin neftlə zəngin cənub-qərbində susuzluq problemi yaşanır. Bu, son 50 ildə ən kəskin su problemidir.

Azadlıq Radiosu Fars xidmətinin məlumata görə, Xuzestan vilayətində çayların səviyyəsinin enməsi regionda içməli su qıtlığı yaradıb.

Su qıtlığı isə elektrik təchizatında problemlərə səbəb olub.

İyulun 15-də Əhvaz şəhərində azı 1 aksiyaçının saxlanaraq naməlum istiqamətə aparıldığını xəbər veriilr.

Qeyd edək ki, ötən ay İranın enerji sektorunda da maaşların artırılması tələnbilə tətillər keşirilmişdi.

Hakimiyyətsə bir qayda olaraq etiraz aksiyalarına görə xarici qüvvələri günahlandırır, onları etirazları qızışdırmağa cəhddə ittiham edir.

Davamı

XS
SM
MD
LG