Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Əsrin sonunadək dünya əhalisi 12 milyarda çatacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Əhali artımında davamlı yavaşımaya baxmayaraq, indi sayı 7.3 milyard olan dünya əhalisi 2050-ci ildə 9.7 milyarda qalxacaq. Bunu BMT-nin son hesablamalarına əsasən demək olar. «The Guardian» yazır ki, 10 il öncə dünya əhalisinin sayı ildə 1.24% artırdı. Bu gün bu göstərici 1.18%-ə düşüb. Başqa sözlə, hər il dünyaya 83 milyon nəfər gəlir. 1960-cı illərin sonunda pik həddə çatan artım 1970-ci illərdən bəri davamlı düşməyə başlayıb. BMT-nin hesabatında bu enmə doğuş əmsalında qlobal düşüşlə izah olunur. Doğuş əmsalı bir qadının dünyaya gətirdiyi uşaqların orta sayı ilə ölçülür. Hətta bu rəqəmin yüksək olduğu Afrikada da azalma qeydə alınır.

2050-ci ilədək olan dövrdə dünyada əhali artımının yarıdan çoxu doqquz ölkənin hesabına olacaq – Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, ABŞ, İndoneziya və Uqanda.

80% ehtimal budur ki, 2030-cu ildə dünya əhalisi 8.5-8.6 milyard, 2050-ci ildə 9.4-10 milyard, 2100-cü ildə 10-12.5 milyard olacaq.

Hazırda 1.4 milyard əhalisi ilə dünyada birinci yeri tutan Çini yaxın yeddi il ərzində Hindistan (1.3 milyard) üstələyəcək. 2030-cu ildən sonra Hindistanda əhali artımında yüksəliş, Çində isə azacıq yavaşlama gözlənir.

RUSİYA UKRAYNANI NECƏ QARIŞDIRIR

İyulun 17-də təxminən 20 nəfər Lvovda nümayiş keçirib, Ukraynanın qərbindəki Qalitsiya regionuna daha geniş muxtariyyət tələb edib. Bunu «Newsweek»da oxuyuruq. Bu aksiya 5 dəqiqədən artıq çəkməsə də, Rusiyanın Kremyönümlü kanalları 300 nəfərlik nümayiş kimi təqdim edib, ölkənin mərkəzi küçələrindən birinin bağlandığını xəbərləyib. «Rossiya 24» kanalı «Kiyevin yeni problemi» adlı reportaj verib.

Ukrayna bayraqları
Ukrayna bayraqları

«Bu hadisə martın 19-da Odessada keçirilən nümayişə çox oxşayır. Qandonduran fakt isə odur ki, saxta nümayişlər separatçı əhval-ruhiyyənin artdığını göstərir və onlardan qabaq da bomba partlayışları baş verir. Odessada ötən ilin aprelində ilk terror hadisələri törədilib, Lvovda isə ötən üç həftədə üç hücum həyata keçirilib».

«Hətta Ukraynanın qərbinə muxtariyyət tələbi ilə 300 nəfərlik nümayiş olsaydı belə, bu da problem deyil. Ancaq partlayışlardan sonra daha bir saxta etiraz narahatlıq yaradır. Lvovdan savayı Rusiyanın Odessa və Zakarpatyedə də separatçı hərəkatları həvəsləndirməsi, bəlkə də yaratmasına dair dəlil var. Bu səbəbdən Ukraynanın Donbasa daha geniş muxtariyyət verəcəyi halda Moskvanın tələblərindən əl çəkəcəyinə dair Qərbin illüziyaları təhlükəli dərəcədə yanlış ola bilər».

OBAMA İRAN SAZİŞİ İLƏ PİS TARİX YARADIR

«The Washington Post»da George F.Will yazır ki, daha sərt sanksiyaların mümkünlüyünü və onların İranın nüvə silahı hazırlamaq qətiyyətini qıracağını düşünənlər bir suala cavab verməlidirlər: Sanksiyalar hansı böyük dövləti milli təhlükəsizlik maraqlarını qurban verməyə vadar edib?

Barack Obama və John Kerry
Barack Obama və John Kerry

Müəllifin fikrincə, yekun saziş prezident Obama-nın ikin məqsədini – İranın nüvə silahı proqramı infrastrukturunu dağıtmaq məqsədini əks etdirmir. İkincisi isə, administrasiya İranla yaxınlaşdıqca, öz vətəndaşları ilə daha qeyri-səmimi davranıb. Məsələn, John Kerry deyir ki, biz heç vaxt «istənilən yerdə, istənilən vaxt» təftiş tələb etməmişik. Ancaq aprelin 6-da Obama-nın milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes deyirdi ki, sazişə «istənilən yerdə, istənilən vaxt» təftişlər məsələsi salınacaq.

«İran sazişi razılaşdırılmalıdır: Konqresi qəsdən aşağılamaq üçün əvvəlcə BMT-yə təqdim olunmamalıdır. Wilson deyirdi ki, Versal sazişinin rədd olunması «dünyanın qəlbini qırmaq deməkdir». Wilson-u Paris Sülh Konfransında müşayiət etməyə heç bir üzvü dəvət olunmayan Senat onun qəlbini qırdı. Obama da Wilson-sayağı təkəbbürə görə dərsini almalıdır. Tarixi az bildiyindən, Obama pis tarix yaradır», - müəllif yazır.

XS
SM
MD
LG