Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:01

Bir yekə eşşəyin yükü qədər dərd


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

- Şeirlər

Hikmət Carçılı Orhun

***

Bir də gördün, gəlmişəm

gözlərim gözlərinə ac,

əllərim əllərinə həsrət,

dizlərim dizlərinə tamarzı...

Bir də gördün,

gözlərini yemişəm,

duz kimi yalamışam əllərini,

dizlərini qucaqlamışam uşaq kimi,

ağlayıram...

Bir də gördün, öyrənmişəm

gözlərinin qarasında itməyə,

əllərinin tərini duz qarışıq içməyə,

pişik kimi donunun ətəyində yatmağa,

və ilk qadın peyğəmbər olmusan...

Bir də gördün, diqqətsizlikdən bezib getmişəm

anlayacaqsan gözü yolda qalmaq nə deməkmiş..

əllərini təpənə çırpacaqsan,

dizinə döyəcəksən,

vaxtında qızını döyməyən atalar kimi...

***

Nə var-nə yox köhnə dost -

evdə-eşikdə, məhlədə?

tez-tezmi olursan

Sarı Süleymanın çayxanasında?

qonu-qonşu nə iş görür?

yenə tumanı qat-qat arvadlar,

gözü sürməli gözəllər yığışırmı

Elxanın evinin dalındakı

qoşa bulağın başına?

qeybət qırırmı qoca qarılar,

naz atırmı sütül qızlar

bığ yeri təzə qaralan oğlanlara?

yenə vururmu Kamran əmi,

Balış xala moruq yığırmı yenə?

İbrahimin qızı necə oldu,

insituta girə bildimi,

yoxsa bu il də kəsildi?

Nə var-nə yox köhnə dost?

gözlərindən oxunur kədərlisən...

hə, indi yadıma düşdü ki,

inişil evlənmişdin.

külfət basıb deyəsən.

işığın, qazın haqqını

vaxtlı-vaxtındamı ödəyirsən?

pampers ala bilirsənmi uşaqlara?

İbrahim əmi kür kişiydi,

sənə göz verib işıq vermirdi,

indi necə yola gedirsən?

o il Əfruz xala bir az ağrıyırdı,

indi necədir?

özünü aparıb gətirə bilirmi

heç olmasa?

Nə var-nə yox köhnə dost?

gözümə yaxşı görünmürsən,

o vaxt belə deyildin.

üz-üzə gəldikmi

saatlarla danışar,

qarıya qovuşardın..

həyatın sərt üzünə üzün dönməzdi,

elə hey qırışardın:

"bir gün hər şey yaxşı olacaq" deyə.

indi qırışığın açılmır.

Axı, deyəsən

sənin də ümidlərin

adamların saxta gülüşlərinə

çırpılıb.

bizmi çox geridə qaldıq,

sənmi çox qabağa getdin?

ki, yaşlı görünürsən,

köhnə dost.

yaşın da çox deyil,

deyəm qocalmısan

qoca görünürsən, köhnə dost,

elə bil yüz yaşın var...

nə var-nə yox, köhnə dost?

***

Bu yağışı da çiynimə alıb gedəcəm

günəşin yandırdığı,

torpağın dil çıxarıb ləhlədiyi,

ağacların başının yamyaşıl,

dibinin qupquru olduğu yerə...

Bu insanları da çiynimə alıb gedəcəm

bir yerə varacam –

cocukların gülüşünə,

adamların nəfəsinə tamarzı o yer...

bir az mamır olacaq orda

bir az su, bir az dağlar, bir az ağaclar...

Səni də çiynimə alıb gedəcəm

iki övladımız olacaq: biri qız, biri oğlan

biz tarlada işləyib yorulanda

oğlumuz içməyə su gətirəcək ovcunda,

qızımız tərimizi siləcək hörükləriylə...

***

Ayağımın tozu olmayanlar başıma daraşdı,

boynum ağırlaşdı.

Bir yekə eşşəyin yükü qədər dərd daşıya bilərəm,

indi boynum quş kimi...

Quş kimi uçuram, qollarımın yerinə

qanad taxmış kimi...

Bağrımın başında qalanan ocaqlara dözə-dözə

cəhənnəm əzabı çəkirəm işıqlı dünyada.

Birinin müasirliyi dərd, o birinin köhnəliyi

birinin şahlığı dərd, milyonunun köləliyi

Suyu, çörəyi parayla satası oldular,

yediyimiz ürəyimizdə qalır.

Sabah havanı da yudum-yudum versələr,

“günəşi də parayla satırıq” desələr üzülmərəm.

Orqanlarımı ayaqyoluna belə şahın

icazəsiylə gedəcəyimiz zamana hazırlayıram.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG