Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Ziyalının istefa qorxusu haqda yazısı


Stanley Fish
Stanley Fish

- "Kimsə bu qərarı verən kimi suallarla başının üstünü kəsdirirəm. Niyə belə qərara gəldin? Çətin idi? Necə gedir işlər? Bütün günü neynirsən?

Bu sualları özgələrə bir ümidlə verirəm: bəlkə məni də eyni qərara gəlməyə razı salan bir cavab verərlər."

Stanley Fish ədəbiyyat nəzəriyyəçisi, hüquq alimi və professorudur. Bizdə ona ziyalı deyərdilər, onlar ona "public intellectual" (ictimai məsələlər üzrə intellektual) deyirlər.

Səksənə yaxın yaşı olan S.Fish'in yaşadığı istefa vermək və təqaüdə çıxmaq çətinliyi haqda yazısını təqdim edirik

KÖÇMƏK

Kitablarımı satdım. Hamısını yox, çoxunu.

Nəşr edilmək üzrə olan əlyazmamın tamamlanması üçün gərək ola biləcək kitabları satmadım.

Payızda başlayacağım yeni layihə üçün lazım ola biləcək kitabları da saxladım.

Amma 50 il peşəkar həyatımı təmin edən kitabların - Milton, Spenser, Shakespeare, Skelton, Sidney, Herbert, Marvell, Herrick, Donne, Jonson, Burton, Browne, Bacon, Dryden, Hobbes haqqında olan, yaxud onların müəllif olduqları kitabların hamısı getdi (qapıdan çıxdıqlarını sözün hərfi mənasında gördüm) və indi boş ağ kitab rəflərinin arasında gəzirəm.

Bu itkinin zahiri səbəbi böyük bir mülkdən kiçik mənzilə köçməyimdir. Anthony Powell doğru deyirdi ki, kitablar evi dər-döşək kimi bəzəyir, amma indiki halda kitablar həddən artıq çox, otaqsa həddən artıq balacadır onları saxlamaq üçün.

Dərin səbəbsə bu idi: Artıq vaxtdır.

Rəflərdə gördüklərim bir də üzərinə qayıtmayacağım əsərlər idi, tənqidçi yoldaşlarımın bir də məni məşğul etməyəcək yazıları idi, indi qoy başqa bir adam müraciət etsin o dilemma təhlillərinə.

Onillərlə iştirak etdiyim söhbətlər indi tamam ayrı istiqamətə getdi (əslində, bir neçə istiqamətə) və indi nə vaxtım, nə də düzünü desəm, onları izləməyə tələb olunan intellektual enerjim qalıb.

Əlvida onların hamısına. Yaxşı ki, sizi tanıdım. Əminəm, mənsiz də əlasınız.

Kitab köçündən sonrakı saatlarda və günlərdə özümü, “post-mortem” (ölümdən sonra – tərc.), bu hiperbolaya görə üzr istəyirəm, reaksiyamı müşahidə elədim.

Görüm, peşmanlıq hiss edəcəyəmmi? Bəs nostalgiya? Panika? Rahatlıq?

Heç nə hiss etmədim. Əsas məsələ qeydiyyata düşən kimi daha vacib iş olan yeni xalı seçmək idi.

23 il universitetdə işləyəndən sonra onu tərk etməli olan bir həmkarımdan bunun çətin olub-olmadığını soruşanda bir cavab vermişdi ki, mənə onu xatırlatdılar. O, demişdi: “Bu, oteldən ayrılmaq kimidir.”

Əslinə qalsa, otellərdən ayrılanda daha ciddi emosional reaksiyam olurdu, nəinki peşəkar həyatımın qeydlərindən ayrılanda; kitabların kənarlarındakı çoxlu qeydlərimdən.

Həmişə tanış mətnlərdəki qeydlərimə qayıda və onları qoyduğum yerdə tapa biləcəyimi düşünürdüm.

O xəyal həmişə qurduğum başqa xəyalların – köhnə mövqelərimi müdafiə etmək, yenilərini formalaşdırmaq, hər il konfranslara getmək, məqalə toplularına yazı vermək, müxtəlif universitetlərdə çıxış etmək, həmin o köhnə kursdan dərs demək, həmin o köhnə suallara əmin-arxayın cavab vermək kimi işlərimin bir hissəsi və kökü idi.

Daha davam etmək istəmirəm. Amma nə qədər desəm də, davam edirəm.

Deyirəm, “Daha davam etməyəcəyəm”, eyni zamanda yeni müqavilələr bağlamaqla, yeni çıxış dəvətlərini qəbul etməklə, yeni kurslar fikirləşib tapmaqla, yeni mükafatlara acmaqla məşğulam.

Kitablarım məndən daha açıqgözlüdür.

Onlar səhnədən ah-naləsiz, arzu-istəksiz çıxdılar, yalnız ümidləri vardı, - mənim otaqlarımda muzey əşyası kimi xidmət etməkdənsə, başqa bir adamın kitabxanasında daha yaxşı istifadə olunmağa ümidləri.

Bu dərin düşüncələrin arxasında güclə söyləyə bildiyim bir söz var: “Təqaüdə çıxmaq”.

1998-ci ildə təqaüdə çıxmaq haqda ciddi fikirləşirdim.

Bu, “erkən” təqaüd olacaqdı. Amma əvəzində, kollecdə dekan kimi bir icraçılıq işi götürdüm və erkən təqaüd variantını sonsuz təxirə salınan təqaüd variantına dəyişdim.

Amma ətrafımda çoxu gənc olan dostlarım və həmkarlarım istefa verir, təqaüdə çıxırlar.

Kimsə bu qərarı verən kimi suallarla başının üstünü kəsdirirəm. Niyə belə qərara gəldin? Çətin idi? Necə gedir işlər? Bütün günü neynirsən?

Bu sualları özgələrə bir ümidlə verirəm: bəlkə məni də eyni qərara gəlməyə razı salan bir cavab verərlər.

Yaxud bəlkə təqaüdə çıxmağın başqa cildə girmiş ölüm olmadığını, amma ölümün bəyaz atın üstündə gəlişini sürətləndirən bir şey olduğunu deyərlər.

Son vaxtlar özgə adamlarla danışmıram, odur ki, sizə müraciət edirəm, yaxud dəqiq desəm, təqaüd yaşına çatanlara.

Siz də bunu etmisinizmi? Ya bəlkə etməyə hazırlaşırsınız? Bəlkə kitablarımı istefaya göndərmək özümün də təqaüdə çıxmağım yolunda ilk addım idi? Bundan sonra hansı addımı atmalıyam?

XS
SM
MD
LG