Fazil Mustafa:"kiminsə başına görə dəyişiklik"
"Hakimiyyətdə kiminsə yaşına, kiminsə başına görə müəyyən dəyişikliklərin olması qaçılmazdır". - bunu millət vəkili Fazil Mustafa payızda qarşıdan gələn parlament seçkiləri haqda strateg.az-a deyib.
"Yaş" aydındır, görəsən "baş" deyəndə Fazil Mustafa kimi və ya kimləri nəzərdə tutur?
İndiki parlament haqda o deyib ki, "indiki statusla, indiki funksiyalarla parlament nə xalqın xeyrinədir, nə hakimiyyətin. "Xalq belə bir parlamentin olmasını istəmir və onun maraqlarına cavab verən bir qanunverici hakimiyyətin formalaşmasının tərəfdarıdır".
YouTube olan yerdə televiziyaya kimdir baxan?
YouTube saytı artıq tamaşaçı sayına görə ABŞ-ın bütün kabel televiziyalarını ötüb: əsas tamaşaçı auditoriyası - 18-49 yaşlılar arasında ən çox baxılan platforma məhz YouTube-dur.
YouTube-un sahibi olan Google şirkətinin məlumatına görə, son bir ildə YouTube-un ana səhifəsinin ziyarətçilərinin sayı üç dəfə artıb. Üstəlik, son bir ildə bir ziyarətçinin saytda keçirdiyi vaxt 60 faiz çoxalıb.
Hafiz Hacıyev:"şortik geyinənlər harınlamışlardır"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Novxanıda restoranda şortik qadağası ilə bağlı Oxu.Az-a deyib ki, o, şortik geyinən kişilərə pis baxır:
“Artıq Azərbaycan xalqı bəzi adət-ənənələrini itirib. Avropada mənfi məqamlar görən kimi gəlib ölkəmizdə bunu tətbiq etmək istəyirik. Artıq artistlərimizin bir hissəsi bu milləti pozdu. Azərbaycan televiziyaları isə əxlaqsızlığı yaymaqda bir nömrəli rol oynadılar. Nə qədər açıq-saçıq geyinən varsa onların hamısını nümayiş etdirdilər. Bunları görən bəzi oğlanlar bədənlərini nümayiş etdirməyə başladılar. Şortik geyinən şəxslərin əksəriyyəti harınlamış adamlardır. Özlərini aristokrat kimi təqdim etmək istəyirlər. Bunlar mənasız, dar düşüncəyə malik olan insanlardır. Azərbaycan siyasiləri utanmamalıdır, belə məsələyə reaksiya verməlidirlər. Abır-həyası, əxlaqı olan adam şortik geyinməz”.
Azərbaycanlı "Çarli Çaplin" 2-ci mərhələni də keçdi
Las-Veqasda, Amerikanın America’s Got Talent şousunun I mərhələsində öz çıxışı ilə tamaşaçıları və münsiflər heyətini heyrətləndirən Üzeyir Novruzov İİ mərhələni də uğurla keçib. O, vinegret.az-a deyib ki, "“Mən ikinci mərhələni keçdim və avqustda Nyu-Yorka canlı konsertə yola düşürəm. Bu, Radio Music City Hall-da ilk canlı şou olacaq”. İİ mərhələdə onun çıxışı: