Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:21

Məhkəmə dəhlizlərində intihara cəhd edən məhbus anası


Arxiv fotosu
Arxiv fotosu

-

“Neçə ildir oğlumun üzərinə şər atıb həbs ediblər. Məhkəmə oğluma 9 il həbs kəsib. Oğlum yuxarı məhkəmələrə şikayət verdi. Ancaq hökm qüvvəsində saxlanıldı. Bir ana kimi övladıma qarşı ədalətsizliyə, haqsızlığa dözə bilmədiyimdən bu ilin martında Ali Məhkəmənin dəhlizində intihar etmək istədim. Damarlarımı kəsdim, dəhlizi qan çanağına döndərdim. Xəstəxanalıq oldum. Ancaq nə olsun? Jurnalistlərdən başqa kimsənin diqqətini dərdimə çəkə bilmədim".

"ÖLDÜRMƏSƏYDİ, ÖLDÜRƏCƏKDİLƏR"

Elminaz Abdullayevanın oğlu Əlvan Abdullayev qətl cinayətində təqsirli bilinərək 9 illik həbsə məhkum edilib. Elminaz Abdullayeva deyir, oğlu özünü müdafiə etmək istəyərkən qətl baş verib.

"Oğlanlarımı vurmaq istəyirdilər, Əlvan silah işlətməsəydi, indi mənim oğlanlarımın ikisi də torpağın altındaydı. Nə etməliydi? Gözləməliydi ki, qardaşını da, onu da öldürsünlər?"

Əlvan Abdullayevin vəkili Əsabəli Mustafayev məhkəmənin qərarını ədalətsiz hesab edib. Bildirib ki, Əlvan Abdullayevin tanışları olan Zaur və Davud Aşurovlar onu döyüblər və bıçaqla vurmaq istəyiblər.

"O, özünü müdafiə edib. Bunu iş materialları da sübut edir. Burada özünümüdafiə göz qabağındadır. Bunu hüquqda ən az savadı olan adam da görür. Onun qardaşını öldürmək istəyiblər, güllə atıblar, bunun qarşılığında o da məcbur olub silah işlədib, yəni real təhlükə olub. Qanun da deyir ki, real təhlükə varsa, sən özünü və yanındakını qorumaq üçün adekvat tədbir görə bilərsən”.

"MƏHKƏMƏLƏR SİFARİŞLƏ, RÜŞVƏTLƏ İŞLƏYİR"

Elminaz Abdullayeva məhkəmənin qərarını ədalətsiz hesab edərək, bir dəfə də Şirvan Apellyasiya Məhkəməsinin binasında özünü yandırıb.

"Düşündüm ki, yəqin ki, bu aşağılar baxmayıb, Ali Məhkəməyə kassasiya şikayəti verdim.Ərizəmi vermişəm, sözümü demişəm, şikayətimi bildirmişəm. Nə faydası? Azərbaycanda müstəqil məhkəmə yoxdur. Hamısı sifarişlə, rüşvətlə işləyir.

İndi məhbus anası ölkə başçısından kömək istəyir.

"Bizim əsas problemimiz odur ki, səsimizi prezidentə çatdıra bilmirik. Gedirik Prezident Administrasiyasının qasşısına, döyüb, təhqir edib, sürüyüb uzaqlaşdırırlar ordan. Prezident səsimizə səs versin".

Bakı Ağlr Cinayətlər Məhkəməsinin Əlvan Abdullayevlə bağlı çıxardığı hökmdə göstərilir ki, 18 mart 2013-cü il tarxidə Əlvan Abdullayevlə tanışları olan Aşurov qardaşları arasında mübahisə düşüb. Əlvan Abdullayev ov tüfəngindən atəş açaraq Zaur Aşurovu qətlə yetirib. Məhkəmə əlvan Abdullayevin ifadələrini özünümüdafiə xarakterli hesab edərək ittihama əsaslanıb və onu 9 illik həbsə məhkum edib. Yuxarı instansiya məhkəmələri hökmü qüvvəsində saxlayıb.

XS
SM
MD
LG