Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:59

O qədər soğan dişləmişdi ki...


Günel İmran
Günel İmran

-

"Hər gecə yatmaq istərkən ürəyi saatlardan bərk döyünərək, ona gözünü qırpmağa macal vermirdi"

Günel İmran

İSTƏNİLMƏYƏN MƏLƏK

Hekayə

Yuxudan oyananda göz qapağına qonmuş ağ kəpənək az qalsın, gözünün içinə girəcəkdi.

Nəsir yataqdan qalxanda boynunun bərk ağrıdığını hiss etdi. Ev tanımadığı insanlarla, ağ kəpənəklərlə dolmuşdu.

Doğmalarını çağırdı. Ətrafdakıların səs-küyü Nəsirin səsini batırır, onun dedikləri eşidilmirdi. İzdihamı yarıb eyvana çıxdı.

Həyətlərində yas çadırı qurulmuşdu. Çox sayda insan binanının ətrafına yığışmışdı. Otağa qayıdıb “kimin yasıdır”- deyə sual verəndə heç kim ona cavab verməmişdi.

Nəsir həyətə çıxmaq üçün pilləkənləri düşəndə atası qarşısına çıxdı. Atası çox gümrah görünür, aylarla xəstə yatan adama heç oxşamırdı.

Atasının adı Ata idi. Saçlarına qara dənlər düşmüş, neçə il cavanlaşmışdı. Əlində faks kağızı rulonu kimi çox uzun bir kağız vardı. Nəsir atasının əlindəki kağızın aşağı mərtəbələrəcən uzandığını gördü.

Ata oğluna bu kağızların yas mərasiminə dəvət etdiyi adamların siyahısı oduğunu, məclisi necə təşkil etdiyindən danışdı. Nəsir atasının işgüzar söhbətini səbrlə dinləyirdi. Halbuki, kimin yası olduğunu bilmək marağı, narahatlığı onu daxildən didirdi.

Dözməyib Atanın sözünü yarımçıq kəsdi. Nəsir atasından kimin rəhmətə getdiyini soruşanda o, cavab vermədən gülümsədi. Sualına cavab eşitməsə də atasının üzündəki təbəssüm onu sakitləşdirmişdi.

Gələrkən özü də atasına bənzəyirdi. Nigaranlığı keçmişdi. Ata ondan səhər yeməyi yeyib yemədiyini soruşdu. Cavabını gözləmədən də kiçik yaşlarında olduğu kimi oğlunun əlindən tutub həyətdəki çadıra apardı.

Bir boşqab halva gətirdi. Ata çadırın girişində dayanıb gələnləri salamlayırdı. Alnından tər yanaqlarına süzülürdü. Nəsir bu gördüklərindən narahat olub, ona yaxınlaşdı:

- Ata, bir az dincəl, bu mərasim bir həftə sürəcək. Get bir az istirahət elə ki, yorğunluğun çıxsın. Axı təzə sağalmısan.

Atası etiraz etmədən, onunla binaya tərəf gəldi. Bir həftə... Yas məclisinin bir həftə çəkəcəyini hardan bilirdi? Bilmirdi, elə belə demişdi.

Pilləkənləri atasının ardınca qalxırdı. Öz mərtəbələrini geridə qoysalar da, pilləkən qalxmaqda davam edirdilər. Binanın çardağına çıxdılar. Hər tərəfdə ağ divanlar, kürsülər, yataqlar var idi.

Bura da adamlar toplaşmışdı. Onların geyimləri oturduqları yer kim bəyaz idi. İlk baxışdan Nəsir onları tanımamışdı. Daha da yaxına gələndə ilk olaraq on il əvvəl dünyasını dəyişmiş babasını tanımışdı.

Bura yığışanların hamısı onun nə vaxtsa ölən qohumları idi. Onların hamısı Atanı gördüklərinə sevinmişdilər. Nəsirə isə heç fikir vermirdilər.

Hərəsi Ataya öz yanında əyləşmək üçün yer göstərirdi. O isə heç kimin yanında oturmadan çardağın uzaq bir küncündəki çarpayıda uzandı. Uzanan kimi də yuxuya getdi. Çardaqdakı ağ göyərçinlər Nəsirin üzərinə uçuşaraq, onu burdan qovladı.

Göyərçinlərin sayəsində ayağını hara atdığını da görə bilmirdi. Və boşluğa addım atdığını hiss etdi. Nəsir yuxudan pilləkənlərdən yıxıldığı an ayıldı.

Bütün bunlar yuxu idi. Həqiqi olan isə Nəsirin çarpayıdan yıxılması idi. Boynu yuxuda olduğu kimi ağrıyırdı. Hələ də yuxunun təsirində idi. Haçansa pis yuxu görəndə gerçəkləşməsin deyə, soğan dişləyib atmaq lazım olduğunu eşitmişdi. Belə şeylərə əvvəllər inanmazdı.

Bu yuxudan ayılanda isə eyvana çıxıb orda saxladıqları bütün soğanları dişləyib pəncərədən çölə atdı. O qədər soğan dişləmişdi ki, bir də heç vaxt soğan yeməyəcək qədər iyrənmişdi.

Eyvanın pəncərəsini bağlayanda pəncərə şüşəsinə yapışmış ağ kəpənəkləri gördü. Yuxudakı kimi idilər. Sadəcə bunlar tərpənmirdilər.

Həmin gün Nəsirin atasının vəziyyəti pisləşdi. Atanı qara basırdı. Dünyasını dəyişmiş insanların adını sayıqlayırdı. Onun halını soruşmağa gəldiklərini deyirdi.

Nəsir yuxsunu heç kimə danışmadı. Yuxusunu unutmağa çalışdı. Ata hər gün daha da zəifləyir, həyatla bağları incəlirdi. Çəkisi uşaq çəkisi qədər yüngül olmuşdu.

Həkimlərsə ümidli idilər. Atanın sağalması üçün hər şey edilirdi. Nəsirdən başqa heç kim Atanın dünyasını dəyişəcəyini ağlına gətirmirdi. Nəsir gün boyu bunu ağlından çıxarmırdı. Bu yuxunu gördüyü gündən bəri ölüm mələyini hər zaman yanında hiss edirdi.

Mələk Nəsirlə yemək yeyir, nəfəs alırdı. Ölüm mələyi gecələr keşikdə dururdu. Özü də yatmırdı, Nəsirə də yatmağa imkan vermirdi. Hər gecə başını yastığa qoyanda Nəsir ürəyinin yerindən çıxacağını hiss edirdi.

Qulaqları saat əqrəblərinin səsindən batırdı. Ondan başqa saat səsləri heç kimi narahat etmirdi. Evdəki saatların hamısını zibilə atdı. Amma yenə də sakitlik çökmədi.

Hər gecə yatmaq istərkən ürəyi saatlardan bərk döyünərək, ona gözünü qırpmağa macal vermirdi. Səhərəcən tavana baxıb say sayırdı. Həyatının ən uzun həftəsi beləcə keçdi.

Həftənin tamamında atasının səhhəti çox yaxşılaşdı. Yanaqlarına qırmızı rəng gəlmişdi. Sanki neçə il cavanlaşmışdı. Zil qara rəngli gözləri həyat eşqi ilə parıldayırdı. Belədə Nəsir atasına daha çox oxşayırdı.

Danışarkən həmişə atası kimi alnını qırışdırırdı. Ata və oğulun alnındakı qırışlar da eyni idi. Nəsir həmin gün rahat nəfəs aldı. Başına yastığa qoyan kimi yuxuya getdi...

Səhər yuxudan sevinclə ayıldı. Yuxudakı bir həftə ötmüşdü. Ayılan kimi xəstəxanaya zəng etmiş, atasının həyatda olduğuna əmin olmuşdu.

Hər şey yaxşı olacaq – dedi.

Onu bir həftədir izləyən ölüm mələyinin çıxıb getdiyini hiss etdi. Boğazına dirənmiş baltadan, ölümdən qurtulmuş kimi rahat nəfəs aldı.

Bir neçə saatdan sonra atasının səhhəti pisləşdi. Bu dünya ilə, yaxınları ilə vidalaşmaq üçün Atanı xəstəxanadan evinə gətirdilər.

Nəsirin yuxusundakı bir həftə keçdikdən sonra Ata dünyasını dəyişdi. Nəsir isə səhər səhv etdiyini, atasını aparmaq üçün gələn ölüm mələyinin də onları indi tərk etdiyini duydu.

XS
SM
MD
LG