Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:32

Günel İmran "Şaxta babanın arzuları" (Hekayə)


Günel İmran
Bu gün Santa Klaus sehirli kirşəsinə oturacaq və dünyanı sehirli nağıllara inanmağa vadar edəcəkdi.

Köməkçiləri elflər dünyaya bəs edəcək qədər hədiyyələri, kirşəyə yerləşdirirdilər.

Şimal maralları bu dünya səyahətini bir il gözləmişdilər. Evlərə bacalardan daxil olaraq sevinc paylayacaqdılar.

Hər şey hazır idi, bircə qar çatmırdı. O, əlindəki kürəni tərpətdi və bu da qar. Kürə bütünlüklə ağ qara büründü.

Sonra digər əlində tutduğu siyahıda kürəni hədiyyə edəcəyi uşağın adın tapdı və qarşısında qırmızı qutu sözünü yazdı .

Santalı, marallı, elfli kürəni qırmızı hədiyyə qutusuna qoydu, torbasına yerləşdirdi.

Torbası bir xeylək ağırlaşmışdı. Öz rolunu oynamaq vaxtı yetişmişdi.

Şikayətlənməyin yeri yox idi.Onun bəxti gətirirdi. Keçən il bayram ərəfəsində günlərlə Bulvarda qurulan küknar ağacının yanında dayanıb , kiminsə onunla şəkil çəkdirməsini gözləmişdi.

Hava da ki, əsl qar havası idi. Soyuducudakı balıq kimi donmuşdu . Əvvəllər geyindiyi telepuzik paltarı bu libasından qat-qat isti idi.

Bayram axşamı isə evə 39 dərəcə hərarətlə gəlmiş, köhnə yeni il gününə kimi yorğan-döşəkdə qalmışdı.

Keçən illərə baxanda bu gününə şükür. Həmişə köklükdən şikayətlənirdi.

Gün boyu bir loxma çörək aparmırdı ağzına. Ancaq axşamdan- axşama evində yemək yeyərdi.

Di gəl ki, elə kökəlirdi. Bunun da xeyri var imiş. Elə bu görkəminə görə bu gün burada idi.

Xalis Şaxta baba idi. Güzgünün qarşısına keçdi. Saçını, saqqalını düzəltdi.

- Hə, indi oldum əsl Şaxta baba.

Uşaqlıq xatirələri beyninə nüfuz etdi.Yaşadığı kənddə yeni ili qeyd edən olmurdu.

Tökülmüşdü elə, Şaxta baba, küknar ağacı, yeni il hədiyyələri...

Camaat öz ad günündə hədiyyə görmürdü , o ki qalsın yeni ildə.Yeddi yaşı olardı , xalasıgil bir dəfə şəhərdən bunlara qonaq gələndə həmyaşıdı olan xalası oğlu ona Şaxta babadan, gördüyü yeni il şənliklərindən danışmışdı.

Həmin söhbətdən sonra bir neçə il Şaxta bababını görmək arzusu ilə böyümüşdü.

Güzgüdə hələ bir az da saqqalına əl gəzdirirdi ki, qapı döyüldü.Onu iş başına çağırırdılar.

Qapını açdı .Genış dəhlizlə gedərək böyük bir zala daxil oldu. İndi o qəhraman idi.

Neçə- neçə körpəni sevindircək qəhrəman... O , zala daxil olan kimi, uşaqlar oturduqları yerdən qalxaraq onu dövrəyə aldılar.

Kimisi ona şer dedi, kimisi oynadı, kimisi isə mahnı oxudu. Hamısı da hədiyyələrini alıb, Şaxta babanın yanından razılıqla ayrılırdılar.

Balaca bir uşaq ona, məktub uzatdı.

-Şaxta baba, keçən il hədiyyəmi tapmamışdın. Mənə başqa hədiyyə gətimişdin.

Ona görə əvvəlcədən məktubumu sənə verirəm ki, gələn il mənim nə hədiyyə istədiyimi biləsən. Tapmağa vaxtın çata.

Öz-özünə fikirləşdi ki, nə diribaş uşaqdı. Mən bu boyda olanda heç belə şeylər qanmırdım. Əşşi, zəmanə uşaqlarıdır da.

Bunları zəmanə belə yetişdirir. Məkubu cibinə qoyanda yadına düşdü ki, səhər evdən çıxanda oğlu da ona Şaxta baba üçün bir məktub vermişdi.

Məktub Şaxta baba libasının altındakı paltarın cibində idi. Heç macal tapıb oxumamışdı.

Bayramda oğlunun ikinci məktubu idi. Birincisində Şaxta babadan velosiped istəmişdi.

Bunu almağa pulu olmadığı üçün oğluna Şaxta baba adından bir məktub yazıb bildirmişdi ki, Şaxta babanın anbarında velosiped qurtarıb.

Bu il başqa hədiyyə istəsin , gələn il isə Şaxta baba mütləq velosipedin gətirəcək. Bu da ikinci məktub.

Hələ oxumayıb. Bilmir ki, məktubda yazılan hədiyyəni almağa pulu çatacaqmı.

Amma oğlunun sehirli nağıllara inanmasını istəyirdi. Hələ də inanırdı ki, inam olandan sonra ən cəsarətli nağılların da qəhrəmanı olmaq olar.

Ya da ki, bu arzularla həyatı başa vurmaq daha xoş olar.

Üzündə yapışdırdığı təbəssüm , içində məişət dərdləri, beləcə məclisi yola verirdi.

Az qalmışdı, bir azdan çıxıb evinə gedəcəkdi. Məclisi təşkil edən ona yaxınlaşıb dedi.

- Şaxta baba, hamının xoşuna gəldin. Danışdığımız pulun üç qatını verirəm, amma səhərə kimi burda məclisimdə olacaqsan.Danışdıq?

Kişi əlini cibinə salıb , xeylək pul çıxarıb saymağa başladı.

O, isə pulların istisini duyur və tərəddüd edirdi. Başqa vaxt olsa , heç söhbəti olmazdı. Həmin dəqiqə yox deyərdi.

Ailəsini bu bayram günündə tək qoymazdı. Heç vaxt onda pula hərislik olmayıb.

Olsa idi bu günlərə qalardı ki...Amma qarşıda evin damına şifer vurdurmaq məsələsi dururdu.

Evin tavanı aşsüzənə dönmüşdü. Keçən qışı nə ki qazan- qab var hamısını yerə düzərək və yağış damlalarını evlərində sayaraq yola vermışdilər.

Tavan artıq az qala başlarına uçurdu .Mütləq təmir olunmalı idi. Odur ki, razı oldu. Pulu cibinə qoyandan sonra bir qədər də rahatladı.

Sevinc dolu maskasına bir təbiilik qatıldı. Məclisdə böyük şənlik var idi. Düşünürdü ki, qəribə adamlardı.

Uşaqları anladım, bu yekəliyində adamlar onsuz da Şaxta babaya inanmırlar, vacibdi mənimlə saat on ikini qeyd etmək?

Elə şadyanalıq var idi ki, elə bil qarşıdan gələn ilin bütün günlərini bir dəfəyə qeyd edcəkdilər. Sanki, bütün il bir neçə saat çəkəcəkdi.

Saat on ikiyə az qalırdı. Hamı saniyələri sayırdı.

Hə, vaxt tamam oldu. Atəşfəşanlıq, badələr, deyilən sağlıqlar, səs-səsə qarışmışdı. Gecədən səhərəcən rəqslər.

Qonaqların arzusu ilə o da məclisin göbəyində oynayırdı. Hamı Şaxta baba ilə oynamaq istəyirdi.

Elə bil Hollivud ulduzu idi .Şəkil çəkdirən kim, oynayan kim. Bir azca mahnılar sümüyünə düşmürdü.

Xalis kənd uşağı idi. Belə küylü əcnəbi mahnıların sevmirdi. Anlamırdı bundan nə ləzzət alırlar ki,qulaq asırlar.

Amma səhərəcən bu mahnılara qulaq asaraq oynayası oldu. Dan üzü ağaranda məclis yekunlaşdı.

Onu bu günün ulduzu edən libası çıxarıb torbasına qoydu. Gündəlik geyimində küçəyə çıxıb evinə getməyə yol axtardı.

Bütün gecəni əylənən şəhər yatmaq üzrə idi. Küçədə bir maşın gəlib onun yanında dayandı.

Sürücü ona əl elədi ki, otursun maşına. Bu saatda evə getməyə çətin maşın tapardı .Yol isə qısa deyildi ki, piyada getsin.

Odur ki, maşına mindi. Onu evinə çatdıranda sürücüyə nə qədər üz vurdusa da , kişi pul götürmədi.

Sürücü dedi : ” Nə danışırsan , bu gün bayramdı. Neçə ildi taksidə işləyirəm. Hələ bir dəfə yeni ildə ilk müştərimdən pul götürməmişəm.

Qardaş, bayramın mübarək”. Taksi sürücüsünə minnətdarlığını elədi. Maşından düşdü ,evinə doğru getdi.

Hava çiskinli di. Bircə yağış yağmayaydı. Bir neçə gün bayramı yola verərdi. Sonra evin damını şiferlədərdi.

Evə girəndə nədənsə qapıda bütün ailəsinin onu qarşılamasını ürəyindən keçirdi. Amma hamı yatmışdı.

Evində telefon olmadığına görə qonşuya zəng edib demişdi ki, onun səhərə yaxın gələcəyini ailəsinə çatdırsın.

Qoy onu gözləməsinlər. Elədir ki, var. Heç kim onu gözləmirdi. Çoxdan yatmışdılar.

Yataq otağına keçdi, torbanı açdı, Şaxta baba paltarını çıxarıb səliqə ilə qatladı və asta səslə dedi:

- Gələn ilədək salamat qal.

Sonra torbada kiçik bir bağlama əlinə keçdi. Necə olmuşdu ki, bu bağlama torbada qalmışdı?

Yəgin şənliyə hədiyyə verəcəyi uşaqlardan hansısa gəlməyibmiş və hədiyyəsi torbada qalıb.

Bağlamanı açdı. Kiçik bir təyyarə. Maraqlı idi ki, elə bu cür təyyarəni uşaq vaxtı neçə yeni il gözləmişdi və beləcə unutmuşdu. Kim idi həmin vaxtlar ona yeni il hədiyyəsi alan?

Sanki Şaxta baba onun hədiyyəsini gətirməkdə uzun illərin yolunu keçmişdi.

Buna otuz il əvvəl necə də sevinərdi. Uşaqlıq arzusu olan təyyarəni əlində tutaraq başının üstünə qaldırdı. Elə bil təyyarə onun uşaqlıq illərinə uçuş etdi.

Əlini aşağı saldı. Məktubunu oxumağa vaxt tapmadığı oğlunun yuxuda gülən üzünə baxdı.

Uşaq yuxuda nə görürüdüsə, üzü gülürdü. Bəlkə yuxusunda bu təyyarəni Şaxta babadan hədiyyə alırdı. Təyyarəni oğlunun yastığının altına qoydu.

Sonra yatağına uzandı. Yeni ilin ilk gününün səhəri açılırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG