Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:24

Fazil Mustafa: “Homoseksualların vəzifə tutması zərərlidir”


Fazil Mustafa
Fazil Mustafa

“Homoseksuallıq bəzən zənginlər və vəzifəli şəxslər tərəfindən stimullaşdırılır”

-

Nəfəs LGBT Azərbaycan Alyansı deputat Fazil Mustafadan homoseksuallarla bağlı “nifrət çağırışları”nı dayandırmağı tələb edir.

Təşkilatın adından yayılan bəyanatda deyilir ki, “cinsiyyət dəyişdirilməsini insan əxlaqına və təbiətinə zidd olan hadisə kimi qiymətləndirən millət vəkili cəmiyyəti homoseksual insanlara qarşı sərt mövqe nümayiş etdirməyə səsləyir...

Təşkilat olaraq Fazil Mustafanı verdiyi açıqlamalarda ehtiyatlı olmağı tələb edirik. Çünki, etdiyi nifrət çağırışları cəmiyyətdə artmağa davam edən homofobik insanlara haqq qazandırmaqdadır. Həmçinin, bildirmək istərdik ki, bundan sonra baş verəcək nifrət cinayətlərində birbaşa Fazil Mustafa məsuliyyət daşıyır. Millət vəkili unudub ki, Azərbaycan hüquqi dövlətdir və din dövlətdən ayrıdır. Azərbaycan Respublikası din və ya bütə çevrilmiş milli dəyərlərlə idarə olunmur. Dinindən, irqindən, millətindən, yaşından, cinsi oriyentasiyasından asılı olmayaraq hər bir insanın yaşamaq hüququ var”.

Bəyanatın sonunda deyilir: “ Fazil Mustafa nəzərə almalıdır ki, onun göstərdiyi münasibət prezident İlham Əliyevin mövqeyi ilə üst-üstə düşmür. İlham Əliyevin 24 iyun 2014-cü ildə AŞPA-dakı çıxışı zamanı ona verilən suallara cavabında bildirmişdi ki, Azərbaycanda LGBT hüquqları tam qorunur”.

Fazil Mustafa AzadlıqRadiosuna müsahibəsində deyib ki, həmin bəyanatla tanış deyil:

– Bizim yanaşmamız sərf xəstəlik prizmasındandır. Biz buna kriminal kimi yanaşmamışıq. Bildiririk ki, bu xəstəlik insan təbiətinə ziddir. Ola bilsin, Avropa mühakiməsi ilə buna normal, təbii axarda bir hadisə kimi münasibət göstərilsin. Amma bizim ümumi İslam mental dəyərlərində ciddi təzadlar ortaya çıxır. Ona görə də bunun Azərbaycanda yayılmasına qarşı ziyalılar, müəyyən düşünən insanlar mövqe ortaya qoymalıdırlar. Bunu Avropa dəyəri olaraq cəmiyyətə sırımağın heç bir məntiqi izahı yoxdur. Avropada ola bilsin ki, insanlar bunu normal yaşam tərzi kimi seçə bilərlər. Amma Azərbaycanda bu, insanın yaradılış mahiyyətinə ziddir. Allahın insanı yaratdığı obrazdan insanın süni şəkildə imtina etməsidir. Ona görə də biz buna xəstəlik kimi yanaşırıq və bu xəstəliyə də kriminal gözü ilə baxılmaması, bunun cəmiyyətdə təcrid olunması daha faydalıdır. Mən hesab edirəm ki, bu kimi şəxslərin vəzifə tutması, ölkənin mənəvi mühitinə təsir edəcək qərar verməsi zərərlidir.

  • Sizcə, insanın homoseksual olması onun idarəetmədəki qərarlarına nə dərəcədə ziyanlı təsir göstərə bilər?
  • Ruhi dispanserdə də çox sayda insanlar var və onlar xəstədilər. Onları vəzifəyə qoysan, qeyri-adekvat qərarlar verə bilərlər, məsələn, rahatlıqla nüvə silahından istifadə edərlər. Bu xəstəlik də onun başqa bir variantıdır. Ola bilsin, insan normal görünür, amma onun arxasında amoral şeylər var. O, Avropada yayılsa belə (bu, onların öz seçimidir) Azərbaycan mühitində bu qədər stimullaşdırılması yanlışdır. Bəzən də zənginlər və vəzifəli şəxslər tərəfindən stimullaşdırılması tərəfimizdən də, ailə institutunun sağlam olması üzərində düşünənlər tərəfindən də müqavimətlə qarşılanacaq. İndi Türkiyədə, başqa ölkələrdə homoseksuallığı süni şəkildə yaymağa çalışırlar. İnsan təbiətinə zidd olduğuna görə, bu məsələdə güzəştli mövqe ortaya qoymağı düşünmürük.
  • Türkiyənin adını çəkdiniz. Bu ölkədə səhnəyə kişi kimi gəlib, amma sonradan cinsini dəyişməyə qərar verən Zəki Müren kimi ciddi sənətçi vardı. Sizcə, onun topluma nə ziyanı oldu? Bu cür insanların özünü realizəsinə imkan verilmədən təcrid etmək, diskriminasiya halları çoxsaylı insan faciələrinə yol açmazmı?
  • Söhbət bu şəxslərin vəzifə tutmasından, cəmiyyəti idarə etməsindən gedir. Cəmiyyəti idarə edəndə o adam nə təklif edəcək? Tabeliyində olanlara və ya qeyrilərinin yanında hansı dəyərin qaldırılmasına çalışacaq? Hər halda, ailə institutunun möhkəmlənməsinə çalışmayacaq ki? İnsanları cinsini dəyişməyə təşviq edəcək. Bu da insan faciəsinə, məhvinə səbəb olur. Xəstəliyin yeri xəstəxanadır. Demirəm ki, bunları cəmiyyətdən sıxışdırıb... öldürək və yaxud güllələyək, ya neyləyək. Deyirəm ki, bu xəstəliyin, ideyaların cəmiyyətdə yayılmasına imkan vermək olmaz. Müqavimət göstərməliyik. Bu gün katolik kilsəsi də pedofiliyaya qarşı açıq mübarizə aparır. Bu da xəstəlikdir. Xəstəlik kimi yanaşmalı, təbliğatı gücləndirməliyik, yoxsa o adamları sıradan çıxarmamalıyıq, yox etməməliyik. Vəzifəsindən, statusundan istifadə edib amoral prinsipləri yaymasına qarşı çıxmalıyıq. Zeki Müren, Bülent Ersoy mahnısını oxuyurdu, problem yox idi. Amma Bülent Ersoy baş nazir olanda problem yaranır.
  • 50-60 il öncə ABŞ-da qaradərili insanlara qarşı da ayrı-seçkilik vardı. Amma bu gün həmin irqin nümayəndəsi bu ölkənin başçısı, prezidentdir. Eləcə də 50-60 il əvvələ kimi homoseksuallar bu haqda açıq danışmırdılar, indi Avropada hakimiyyətdə təmsil olunmağa iddialıdırlar və bəzən də bu iddianı gerçəkləşdiririlər. Bəlkə toplumun nələrisə qəbul edə bilməsi üçün zaman, müəyyən məsafəni qət etməsi lazımdır?
  • İrqçilik başqa şeydir. Qaradərili Allahın yaratdığı dərini, cinsini dəyişmir ki. İnsanın, yaradılışın mahiyyətini bilməyən adamlar onu özlərindən saymırdılar, özlərini fərqli, güclü, imtiyazlı sayırdılar. Bu da ağdərili insanların vəhşiliyi idi. Bəşəriyyət inkişaf etdikcə baxışlar da dəyişdi. İrqindən, cinsindən asılı olmadan bütün insanlar bərabərləşdi. Amma yeni cinsin yaranmasından söhbət gedirsə, bunu hüquq kateqoriyasına salmağımız açığı, böyük problemlər yaradır. Avropa bunun mənəvi böhranını yaşayır. Orda belə nazirlər var, deputatlar var, geniş yayılıblar. Bunun süni surətdə Azərbaycan cəmiyyətinə transfer olmasının nəticələrini artıq görürük. Bu adamlara xüsusi imtiyazlar verilir, dəstəklənirlər, bu, yaxşı hal deyil. İrqçiliklə bunu müqayisə etmək yanlışdır. Belə adamların idarəetmədə bu qədər önə çıxmasına imkan vermək olmaz. Rəssamdısa, musiqiçidisə, şairdisə, qoy öz çevrəsində öz ideyalarını ifadə etsin.
  • O zaman nə fərqi var? Homoseksual şair şeiriylə, rəssam rəsmiylə kütləyə təsirini göstərə bilər. Sizin dediyiniz kimi həmin insan dövlət qulluğunda olaraq çevrəsindəkilərə təsir etdi, ya yaradıcı insan olaraq başqalarının yanında sözünü keçirdi.
  • İnsanın öz fikirlərini yaymaq hüququ var. Amma bu, yanlış ideya da ola bilər. Məsələn, bu gün Avropada faşizmi yayana münasibət mənfidir, bu, təhlükəlidir, irqçiliyə aparır. Homoseksuallıq da təhlükəlidir, ailə sütununu dağıda bilər. Hər halda biz cəmiyyətlə bağlı narahatlığımızı bölüşürük.
  • Dönə-dönə deyirsiz ki, bu cür insanların Azərbaycanda idarəetmədə təmsilçiliyi problem yaradır. Sizdə homoseksualların yüksək vəzifədə təmsil olunması və çevrəsindəkilərə mənfi təsiri haqda nümunələr, faktlar varmı?
  • Fakt o vaxt olur ki, bu cəmiyyətdə açıq leqallaşdırılır, insanlar bunu bəyan edirlər. Məsələn, Almaniyada nazir etiraf etdi ki, cinsi orientasiyasını dəyişib və ya Hollandiyada. Azərbaycanda bunu deyən yoxdur axı. Bunu demədikdə mən bildiyim fakta çevrilmir. Sadəcə, tendensiya var və söhbət indidən bunun qabağını almaqdan gedir, kimisə tutmaqdan getmir.
  • Yəni sizdə bu haqda hansısa məlumat, fakt yoxdu?
  • Mən bildiyim informasiyadır. Fakta çevrilməsi üçün məhkəmə qərarı, etiraf olmalıdır. Amma Azərbaycanda hamı bilir ki, musiqidə, ədəbiyyatda, məmur sferasında kim kimdir. Bunlar haqda məlumat var və cəmiyyət də onlara normal yanaşır. Söhbət diskriminasiya etməkdən də getmir, dəyərlərinin təbliği yanlışdı və biz buna qarşı mübariz aparırıq.
  • Qayıdaq Nəfəs LGBT-nin bəyanatına. Onlar hesab edirlər ki, bütün insanlar dinindən, irqindən, sinsi orieantasiyasından asılı olmadan qanun və Allah qarşısında bərabərdir...
  • Tamamilə doğru. İki cins var: qadın və kişi. Üçüncü cins hansıdır? Bu cinsi Konstitusiya qəbul edibmi? Orientasiyanın dəyişməsiylə bağlı Avropa məkanında uzlaşma var, Azərbaycanda yox.
  • Təşkilat hesab edir ki, nifrət çağırışları yayırsız və homoseksuallarla bağlı hər hansı zorakılıq, qətl hadisəsi baş versə, buna görə həm də siz məsuliyyət daşıyırsız.
  • Mətbuatdan oxuduğuma görə, onlar özləri bir-birini öldürür. Biz, əksinə, şiddətə qarşıyıq. Bunlara kriminal yanaşsaydıq, homoseksuallığı xəstəlik adlandırmazdıq. Narkomaniya kimi bu da müalicə edilməlidir. Biz bunun müalicəsini istəyirik.

XS
SM
MD
LG