Erməni boksçu danışdı
Ukrayna yığmasının erməni əsilli boksçusu Gevorg Manukian prezident İlham Əliyevin göstərdiyi davranışa sevindiyini bildirib. O, Qafqazinfo-ya deyib: “Bu mənim çox xoşuma gəldi. İlham Əliyevin mənə belə münasibət göstərməsi həqiqətən çox yaxşı idi. Azərbaycan prezidenti medal qazandığıma görə də məni təbrik etdi. Həqiqətən bu sevindirici idi”. İkinci yeri tutan Manukiana medal veriləndə tamaşaçılar onu fitə basıb, ancaq İlham Əliyev əlinin işarəsi ilə onları sakitləşdirəndən sonra tamaşaçılar əl çalmağa başlayıb.
Yuxarılarda korrupsiya
ABŞ Dövlət Departamentinin “İnsan Haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsində korrupsiya barədə deyilir ki, "yuxarılarda korrupsiya qalır"
Britaniya Bako Sahakianı tanımır
“Böyük Britaniya özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumu tanımır və Britaniya hökuməti bu qurumun təmsilçiləri ilə hər hansı əlaqə saxlamır"- bunu Böyük Britaniyanın Bakıdakı səfirliyi bildirib. Chatham House – Britaniyanın beynəlxalq münasibətlər sahəsində analitika mərkəzi kimi tanınan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu iyulun 8-də Londonda Dağlıq Qarabağı müzakirə edəcək. Əsas çıxışçı Bako Sahakian-dır və onu təşkilatçılar “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edirlər.
Ziya Məmmədovun qardaşı qətldən danışdı
Millət vəkili Elton Məmmədov Qusarda qardaşı Nəriman Məmmədovla quda olan Ramiz Vəliyevin qətli barədə Qafqazinfo-ya deyib ki, “Bu cinayət araşdırılır. Qətl zamanı qardaşımın orada olduğu bildirilsə də, mən hadisə yerində olmamışam. Heç nə deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinizsə, Qusar rayon prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər”.
Virtualaz.org saytı məlumat yayıb ki, Qusarda qətlə yetirilmiş biznesmen Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. Və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib.Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.