-
Keçən həftə Argentina ədəbi mühiti yeni xəbərdən silkələnib
Borxes oynaya bilər, başqası yox
Argentinalı yazıçı Pablo Katchadjian 2009-cu ildə Borxesin ən məşhur əsəri olan “Əlif”-ə (əlif – ibrani əlifbasının birinci hərfidir) dəyişiklik edib. Daha doğrusu, mətnin orijinalı olan 4 min sözü saxlayıb, amma özündən ora 5 min altı yüz sözlük mətn də əlavə edib.
Sonra götürüb bunu kiçik bir mətbəədə 300 nüsxədə çap etdirib, adını da qoyub: “El Aleph engordado”, yəni “Gombul Əlif”.
2011-ci ildə Borxesin həyat yoldaşı və ədəbi irsinin qoruyucusu Maria Kodama onu məhkəməyə verib. Ədəbi eksperimentinə görə, Katchadjian bu günə qədər məhkəmələrdədir.
Keçən həftə Argentina ədəbi mühiti Karchadjian’a qarşı “İntellektual mülkiyyət fırıldağı” maddəsi ilə rəsmi ittiham irəli sürüldüyü haqda xəbərlə silkələnib.
Bu “cinayətdə” təqsirli bilinsə, onu altı ilə qədər həbs cəzası gözləyir.
"Amma bu, ədəbi eksperimentə görə, həddini aşmış bir cəzadır", - mətbuat etiraz edir.
Müdafiəçilər onun Borxes ilə bu “oyununun” arxasında ədəbi maraqdan başqa heç bir maraq yatmadığını və bunun şübhəsiz olduğunu deyirlər.
“O, hər hansı başqa bütləşmiş yazıçı yox, “Pierre Menard: Quixote müəllifi” əsərini yazmış Borxeslə oynayıb. O, bank qarət etməyib, plagiat dissertasiya yazmayıb, ədəbiyyata perfomativ münasibətilə tanınan bir yazıçının əsərilə ədəbi eksperiment edib.”
Borxesin özü “Pierre Menard: Quixote müəllifi” əsərində Pierre Menard adlı bir müəllifin Servantesin şedevri olan “Don Kixot”-u sözbəsöz, vergülünə, nöqtəsinə qədər kopyalamaq istədiyini yazıb.
Borxes həmin əsərində deyir: “Pierre Menard başqa bir “Don Kixot” yazmaq istəmirdi, bu, çox asan olardı, o, məhz “Don Kixot”-u yazmaq istəyirdi.”
Borxesin həmin əsərində Menard’ın yazdığı “Don Kixot” Servantesin yazmış olduğu əsl “Don Kixot”-a bənzəsə də, ondan bir az fərqlənir.
Meta-ədəbiyyat, reproduktivlik (yenidən emal) anlayışlarından xəbərdar olanlar bilirlər ki, Borxesin özü sitatlarla oynamasıyla, saxta ədəbi istinadlar etməsilə tanınır.
Həmkarları “Katchadjian Borxesə ziyanmı vurub?”, “Bəyəm insanlar daha Borxesi oxumayacaq?”, “Borxesin külliyyatını İnternetdən endirib oxuyun, o özü ədəbi eksperimentlər edirdi" kimi sözlərlə ittiham olunan yazıçının müdafiəsinə qalxıblar.
“Gombul Əlif” kanonlaşmış nəsr əsərini saxtalaşdırmağa cəhddir, yoxsa sənət əsəri, - bunu müzakirə etmək olar, amma hüquq-məhkəmə orqanlarında yox.
Oxu zalı