-
100 ildən sonra nəşr olunmaq üçün
"Gələcək kitabxana" – şotlandiyalı sənətkar Katie Paterson-un yeni layihəsidir. Bu kitabxana üçün indidən kitablar toplanır.
Yazarlar öz yeni, çap olunmamış mətnlərini kitabxanaya verirlər, onlar yalnız yüz ildən sonra nəşr ediləcək. Bu məqsədlə Norveçin Oslo şəhəri yaxınlığında Normanda meşəsində min ağac əkilib.
100 ildən sonra bu ağaclar kəsiləcək və həmin mətnləri kitab şəklində nəşr etmək üçün kağıza çevriləcək. Meşədə "Gələcək kitabxana - ilk dəfə 2114-cü ildə oxu" sözləri yazılıb.
Margaret Atwood bu kitabxanaya kitabını tədqim edən ilk tanınmış yazıçı olub. O, bu il may ayında tamamladığı bir kitabını 100 ildən sonra nəşr olunmaq üçün layihəyə bağışlayıb.
Hər il bir yazıçının qoşulacağı bu kitabxananın oxunmamış əlyazmaları Deichmanske İctimai Kitabxanasında xüsusi qorunan otaqda saxlanacaq.
Margaret Atwood kitabxanaya təkcə öz kitabını hədiyyə etməyib. Həm də kitabxananın yaradılmasını qeyd etmək üçün "Hekayənlə 2114-cü ilin insanlarına məsləhət ver" kitab müsabiqəsi keçirib.
Bu günlərdə nəticəsi elan olunan müsabiqədə 5 kitab qalib olub. Onlardan birinin müəllifi Amber Bryant-dır, kitab "Sənə heç vaxt Ay müstəmləkəsi vəd etmədim" adlanır və belə başlanır:
"Diqqətlə qulaq asın, gələcəyin adamları. Ya da özünüz bilərsiniz".
Oxu zalı