Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Bir əlil məmur qapısı arxasında qalıb


Arxiv fotosu
Arxiv fotosu

-

“Düz 2 ildir ki, İcra Hakimiyyətinə gedirəm. Elə qapıdaca polislər ya deyirlər rəhbərlik yerində yoxdur, ya deyirlər qəbul keçirilmir. Orda divara başçının da, müavinin də qəbul günləri, saatları yazılıb vurulub”.

Aslan İbrahimov 1-ci qrup əlildir. Bir neçə il əvvəl keçirdiyi qəza nəticəsində onurğa sütunu zədələndiyindən yeriyə bilmir. Ancaq deyir, əlil arabasına oturmaq da mənlik deyil:

BİR KÖŞKÜM OLSUN...

“5-6 addım yeriyib dayanıram, bir az özümə gəlib yenə yeriyirəm. Bununla belə, mən özümə söz vermişəm ki, əlil arabasına oturmayacam. Özümdə təpər tapıb işləyəcəm. Şükür ki, əllərim və başım salamatdır. İcra hakimiyyətinə də ona görə gedib gəlirəm ki, mənə bir parça torpaq ayırsın. Kiçik köşk tikib içərisində min bir xırdavat satmaqla özümü dolandırım”.

29 yaşlı Aslanın əlilliyi onun ailə həyatını da alt-üst edib. Deyir, yenicə evlənibmiş ki, həyat yoldaşı onun əlilliyinə tab gətirməyərək boşanmaq qərarı verib. O düşünür ki, həm də başına gələn bu hadisənin depressiyasını unutmaq üçün mütləq bir işin qulpundan yapışmalıdır.

İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, əlil torpaq sahəsi ayrılması üçün müraciət edib. Ona bir neçə dəfə bildirilib ki, torpaqla bağlı müraciətlərə bələdiyyələr baxır.

ƏLİLDİRSƏ, GÜZƏŞT VAR, AMMA...

Bələdiyyədən isə torpaq sahəsinin yalnız hərrac yolu ilə satılmasının mümkünlüyü bildirilib. Əlil isə torpaq sahəsini pulsuz əldə etmək istəyir.

Hüquqşünas Namizəd Səfərov deyir, qanunvericilikdəki son dəyişikliklər əlillərə pulsuz torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Ancaq hüquqşünas torpaq hərracında əlillərə bəzi güzəştlərin mövcud olduğunu da deyir:

“2007-ci ilin dekabrın 1-dən Azərbaycanda torpaq sahələri vətəndaşlara yalnız hərrac vasitəsilə satılır. Hərracda müəyyən start qiymət müəyyənləşdirilir, sonradan bu qiymət müraciət edənlərin sayından asılı olaraq qalxa da bilər. Pulsuz torpaqla təminatdan isə söhbət gedə bilməz. Ailədə 2 nəfər əlildirsə, onların haqqı var ki, müraciət etsinlər bələdiyyəyə, bələdiyyənin də borcudur ki, torpaq hərracı keçirilərkən birinci növbədə əlili xəbərdar etsin ki, əlil hərracda iştirak etsin. Pulsuz torpaq verilməsə də, əlil olduğuna görə həmin alıcıya hərracda qiymət məsələsində müəyyən güzəştlər ola bilər”.

XS
SM
MD
LG