Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:20

Prezidentin oxşarı


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Saday Fərəcov

PREZİDENTİN OXŞARI

Onun prezidentə oxşadığını bir axşam çayxanada fərq etdik. Qəribədir, əvvəllər heç kəs bu oxşarlığı tutmamışdı. Bəlkə Vaqif olmasaydı, bundan sonra da bilməyəcəkdik.

Belə baxanda bizdə təqsir yox idi. Axı, Möhtərəm - prezidentin oxşarını deyirəm - heç vaxt kəndə adam sifətində çıxmazdı. Allahın ver günü sir-sifəti saç-saqqalın içində itib-batardı.

Bu dəfə isə elə çayxananın böyründə, Qasımın bərbərindəcə saçını-saqqalını qırxdırmış, bircə bığa dəyməmişdi. Sonra da evə gedib çimmiş, bütün kənd cavanları kimi çayxanaya gəlib asılma televizorun altındakı masanın arxasında oturmuşdu.

Bu novruzqabağı qar ötən illərdəkindən çox yağdı. Bir gecənin içində kəndin yollarını, cığırları örtdü. Elə bil kənd də oynaqlayan dəcəl uşaq kimi qalın qar yorğanının altında gizlənmək istəyirdi. Bacalardan çıxan ipəktək zərif bozumtul tüstülər olmasaydı deməzdin bura kənddir.

Qar səhəri gün də axşamacan yağdı. Bizim bu dağ kəndimizi rayonla birləşdirən yeganə yol bağlandı. Kəsirim olduğuna görə şənbə günü pul dalınca kəndə gəlmişdim, Novruz tətilinə çıxmamış imtahana pul verib qurtarmaq istəyirdim. İndi isə qayıda bilmirdim. Kəndimizin ən təcrübəli sürücüsü belə risk edib dağların sinəsi ilə uzanan o yola çıxmaq istəmədi. Doğrusu atam da çox inad eləmədi; axır vaxtlar şəhərdə aksiyaların, nümayişlərin sayı artırmışdı, mənim də onlara qoşulacağımdan ehtiyat edirdi.

Belə olan təqdirdə bekarçılıqdan özümü verdim çayxanaya.

Möhtərəmsə sürünü hələ iki gün dağa apardı. İkinci gün səhər, Torpaq Çərşənbəsi günü klubun qabağına həmişə sürünü dağa apardığı yerə gəlib elan elədi ki, qar dağ-daşı tutduğundan heyvanlar qırpmağa ot-ocaq tapa bilmir. Üstəlik yerimək olmur. Sürünü dərəyə düşürməkdən qorxur. Ona görə də qarlar əriyənə kimi sürünü dağa apardı yoxdu.

Camaatın etirazına baxmayaraq dediyindən dönmədi. Çomağına söykənib cibindən qəzet parçası çıxartdı, maxorka düzəltdi, damağına qoyub alışdırdı, dərindən bir tüstü alandan sonra bu dəfə çomağı çiyninə aşırıb öskürə-öskürə evlərinə yollandı. Həmin gün günortadan sonra onu bir də bərbərxanada gördülər.

***

- Ə, qalx. – Ayaqlarını çayxananın düz ortasında dayanan odun peçinin altına salıb qızınan Vaqif qəfildən bağırdı. Onun xasiyyəti idi, ömrü boyu qluşiteli deşilmiş maşın kimi guruldaya-guruldaya danışardı. Kəndin ən xodgedən cahıllarından idi. Qabağından yeyən deyildi. "Liboy" davadan üzüağ çıxardı. Deyirdilər guya Bakıda oğrular arasında ad çıxarıb, hörməti var. Ona görə kənddə hamı ondan çəkinərdi. Qorxaqlar, iradəsi zəif olanlar yaltaqlanar, özünə hörmət edən oğlanlarsa onunla problem yaşamaqdan qaçardılar. Vaqif də tülkü idi, səsinin belə gurultulu olmasına Allah vergisi kimi sevinərdi. Nöşün ki, bu gurultu onun qolunun gücünə bir əzəmət də qatırdı.

Hamı başını qaldırıb baxdı, görsün Vaqif kimi qaralayıb, kimin taleyi özündən küsüb.

Vaqif üzünü Möhtərəmə tərəf tutmuşdu.

- Mən? - O, astadan dilləndi. Möhtərəm onsuz da fağırın biri idi. Bu dəfə özünü lap yazıqlığa vurdu.

- Hə, sən!-Vaqif dedi.-Ayağa dur.

Möhtərəm ayağa qalxıb büzüşdü.

Domino, nərd oynayanlar əllərini saxlayıb baxırdılar, görsünlər Vaqif bu yazıqdan nə istəyir. Heç kəs dinmirdi. Kimin nə işinə Vaqiflə problem yaşasın? Üstəlik, müdaxilə edib Vaqifə “Başına dönüm, qadavı alım” demək üçün də hələlik bir səbəb yox idi.

- Başını dik tut. Hə, bax belə. Özün də bir az sağa dur, hə, televizorun yanında. Ay sağ ol, dayan.

Vaqif heç nə demədi. Bir müddət dinməzcə dayandı. Baxdı, baxdı və qəfil dilləndi:

- Oxşayır?

- Kimə?-Vaqifin hamaşlarından kimsə soruşdu.

- Prezidentə.

Çayxana qaynaşmağa başladı. Masalardan səslər yüksəldi, hərə bir söz deməyə başladı. Vaqif müzakirələrə son qoymaq istər kimi televizoru göstərdi.

- Baxın də, korsuz, televizora baxın, görün prezidentə necə oxşayır?!

Gözlərimizi televizora zillədik. Prezident danışırdı. Yenə bayrama hələ bir neçə gün qalmış xalqı təbrik edirdi. Bayaqdan televizorun səsi alındığından heç ona fikir verən yox idi.

Biz gah Möhtərəmə baxdıq, gah prezidentə. Hərə özlüyündə oxşarlıqlar axtarırdı, ilk nəzərə çarpan, burunlar idi, iksinin də burnu yastı, enli idi, gözlər hər ikisində balaca idi, gicgahlara doğru sığınmışdı, ikisinin də çənəsi oval idi və bığlar... Bığlar bu bənzərliyi tamamlayırdı.

- Necə də möhtərəm prezidentə oxşayır! - Bu oxşarlıq məsələsini ən birinci tamamlayan kənd məktəbində ədəbiyyatdan dərs deyən Fərəməz müəllim oldu, - afərin sizə Vaqif müəllim,-o, yenə öz yersiz alicənablığını göstərdi, guya müəllim deməsəydi Vaqifin acığı tutacaqdı.

Fərəməz müəllimin həmişəki yaltaqlığına görə çayxanaya pıqhapıq düşsə də Vaqifdən çəkinib dərinə gedən olmadı. Əvəzinə hamı müəllimin fikrini təkrarladı: Bəli, bəli, oxşayır, kopya prezidentdi.

Möhtərəm əvvəl büzüşüb təzə doğulmuş buzova dönmüşdüsə də onu prezidentə oxşadanların sayı artdıqca qırışığı açılmağa, üzü gülməyə başladı. İsti dəyən gön kimi genəlməyə başladı.

Vaqif də bu kəşfindən sevincək olmuşdu. Siqaret yandırıb damağına qoydu. Stulda gərnəşib yayxandı.

- Ə, Mikayıl, ordan bir çaynik çay gətir. Ə, Möhtərəm, dur sən də gəl burdan otur.-Öz masasını göstərdi.

Vaqif heç özü də bilmədən onu Möhtərəm çağırmağa başladı. Bu ad hamının dilinə düşdü. Zarafatlar, atmacalar, lağlağılar başladı. Elə bil siqaret və odun peçinin tüstüsündən tutqunlaşıb bozarmış çayxanaya bahar gəldi. Hamının kefi duruldu. Vaqifsə öz axtarışlarına davam edirdi. Çayxanada olan cavanlardan birini çağırıb qulağına nəsə pıçıldadı. Həmin adam çayxanadan çıxıb getdi, bir azdan əlində kostyum, ağ köynək, qalstukla döndü. Geyimlər Vaqifin idi.

- Dur keç kuxnaya, bunnarı geyin gəl. –Vaqif kostyumu işarə edib Möhtərəmə dedi. O, da dinməzcə mətbəxə keçdi.-Ə, Fərəməz, sənin qalstukdan başın çıxır, keç ona kömək elə.-Vaqif Fərəməz müəllimə təpindi.

- Onun başı şalvardan da çıxır.–Uşaqlardan kimsə zarafata salsa da, Vaqif səs gələn tərəfə sarı çönüb üzünü bozartdı.

Hamı siqareti siqaretə calayıb intizarla Möhtərəmin mətbəxdən çıxmağını gözləyirdi.

Budur, Möhtərəm mətbəxin ağzında göründü. Əynində Vaqifin qara kostyumu, ağ köynək, boğazında da qalstuk. Fərəməz müəllim də əllərini qasığında daraqlayıb prezidentin oxşarının yanında dayanmışdı.

- İndi oldun, əsl Möhtərəm. –Vaqif ayağa durub onun yanına gəldi, qabağında dayanıb qalstukun düyününü düzəltdi. - Əməlli-başlı prezidentə oxşadın.

Yerdən səslər yüksəlməyə başladı. Möhtərəm doğrudan da prezidentə oxşayırdı. Elə bil bir almanı yarı bölmüşdün. Bircə ayağındakı o palçıqlı qaloşu olmasa deyərdin indicə televizordan düşüb.

Vaqif də elə bil qaloşların işi korladığını gördü.

- Hə, bircə qaloş işi korlayır. Eybi yox, onun da çarəsinə baxarıq. Möhtərəm, neçə razmer geyinirsən?

- 46-Möhtərəm irişdi.

- Uşaq qəbridir ki,-yenə kimsə yersiz zarafat elədi.

Vaqif üzünü dükançı Aslana çevirdi.

- Səndə bunun ayağına tufli var?

- Tapılar, təki sən tufli istə,-Aslan dedi.

- Onda Möhtərəmin tuflisi də sənin boynuna. Nə deyirsən?

- Sənə qurbandı. –Aslan etiraz eləmədi.

- Mənə yox, prezidentə.-Vaqif Möhtərəmi göstərib şaqqanaq çəkdi. Onun bu şaqqanağından sonra çayxanaya xoş ovqat yayıldı.

***

Səhər kənddə hamı Möhtərəmdən danışırdı. Onsuz qar hələ kəsməmişdi. Camaatın işi-gücü yox idi. Uşaqdan tutmuş yaşlı kişilərə qədər hamı özünü çayxanaya təpmişdi. Oturmağa yer qalmamışdı. Mikayılın gəlhagəli idi, çaynik, stəkan-nəlbəki çatdıra bilmirdi.

Möhtərəmlə şəkil çəkdirənlər bir deyildi, beş deyildi. Hamı bu tarixi anı əbədiləşdirmək istəyirdi. Prezidentlə şəkil-bu fürsət bir də ələ düşməzdi.

Başqa vaxt it yerinə qoyulmayan Möhtərəm indi kəndin ən urvatlı adamı olmuşdu. O, da elə bil bicləşmişdi, həmişəki sakit, fağır Möhtərəm deyildi. Özünü əsl prezident kimi ciddi aparırdı. Allah kasıba bir yandan verəndə bir yandan alır. Möhtərəm bunu da axıra kimi gətirə bilmirdi. Kimsə nəsə deyən kimi irişirdi. Bax onda ağzındakı çürük dişləri ortaya çıxırdı. Şəkilləri də korlayan elə Möhtərəmin çürük dişləri olurdu. Bunun üstündə Vaqif neçə dəfə ona acıqlanmışdı.

Biri gün bayram axşamı idi. Axşam yenə çayxanaya yığışmışdıq. İndi heç kəsi nərd-domino maraqlandırmırdı. Hamının bir mövzusu vardı: Möhtərəm. Ordaca qərar alındı ki, bayramaxşamında cavan oğlanlar arvad paltarı-zad geyib qapı-qapı gəzməsinlər. Elə Kosa-Keçəl bəsdir. Bir də Möhtərəm. İyirmisi axşam çayxananın qabağındakı meydanda tonqal qalansın. Orda Möhtərəm kiçik bir nitq söyləsin, kənd camaatını təbrik etsin, Kosa ilə yumurta döyüşdürsün. Sonra da Kosa-Keçələ qoşulub qapıları gəzsin.

***

Novruz bayramı kəndimizdə heç vaxt belə şövqlə keçməmişdi. Möhtərəmin varlığı qarı, yolların bağlanmağını, işlərin tökülüb qalmağını da unutdurmuşdu. O gecə kənddə uşaqdan-böyüyə hamı Möhtərəmlə şəkil çəkdirmişdi. Bələdiyyə rəisimiz isə bir ara fürsət tapıb Vaqifdən xahiş etmiş, Möhtərəmi bələdiyyə idarəsinə çağırıb bayrağın fonunda onunla şəkil çəkdirmişdi. Deyirdi ki, şəkli böyütdürüb iş masasının üstünə qoyacaq. Qoy desinlər böyük vəzifəlilər kimi prezidentlə şəkli var.

Bələdiyyə rəisi o gün Vaqifə başqa şey də pıçıldamışdı. Deyilənə görə şəhərdə ixtişaşlar güclənmişdi. Müxalifət yenə mitinq keçirmişdi. Bizim dağ kəndimizdə mobil telefonlar yaxşı tutmadığına görə şəhərdə baş verənlərdən o qədər xəbərimiz yox idi. Həm də adətən müxalifətin mitinqləri yatırıldığı üçün ciddiyə alan olmamışdı.

***

Bayramdan iki gün sonraydı. Artıq qar kəsmişdi. Bu gün sabah qar əriyəcək, yollar açılacaqdı. Mən artıq şəhərə qayıtmaq istəsəm də atam razı olmurdu. Deyirdi şəhər qarışıqlıqdı, qorxuram gedib müxalifətə qoşulasan. Mənsə tezcə şəhərə qayıtmaq, dost-tanışa burda olanları danışmaq istəyirdim.

Yenə çayxanada oturmuşduq. Artıq Möhtərəm həmişəki Möhtərəm deyildi. Çayxanada hörməti vardı. Hamı onunla prezident kimi hörmətlə davranırdı. Deyirdilər ki, guya o özü də ağzından qaçırıb ki, daha çobanlıq etməyəcək.

Domino, nərd oynayanlar öz işində idi. Arabir masalardan səslər yüksəlirdi. Şəhərdəki hadisələrdən danışırdılar. Amma heç düz-əməlli bir şey bilən yox idi. Hərə ağızdan eşitdiyinin üstünə birini də qoyub uydururdu.

Vaqifsə dörd nəfərlə domino oynayırdı. Möhtərəm onun yanında oturmuşdu. Televizorun səsi lap astadan gəlirdi, konsert göstərirdilər. Birdən veriliş dayandı, xəbərlərin xüsusi buraxılışı başladı. Hamı televizora boylandı. Mikayıl canhövllü gəlib televizorun qabağında dayandı. Pultu televizora tuşlayıb səsini artırdı.

“...Ölkədə hakimiyyət dəyişib. Prezident devrilib...”

Diktorun səsi bomba kimi ətrafa yayıldı. Hamının gözləri bərəlmişdi. Heç kəs dinmədi. Heç kəsin dili söz tutmurdu.

- Sənin də dövranın getdi, Möhtərəm - Sakitliyi Fərəməz müəllimin yumşaq, yastı səsi pozdu. Elə bil indi ayıldıq. Gözlərimizi televizordan çəkib Möhtərəmə zillədik.

Prezidentin oxşarı əvvəl özünü o yerə qoymaq istəmədi, ayağa durub irişdi, yenə çürük dişləri göründü və birdən büzüşməyə başladı. Biz yalnız indi hiss elədik ki, neçə gündən bəri geydiyi kostyumu əyninə böyükmüş.

Vaqif də Möhtərəmə yanpörtü baxdı. Elə bil o da əməyinin zay olmasına heyfsilənmişdi. Ona görə üzündəki məyusluğu gizlətmək üçün siqaretli əlini ağzına apardı.

Möhtərəm özünü qısıb-qısıb lap astadan dilləndi.

- Gedib kastyumu çıxarım?

- Yox,- Vaqif dilucu cavab verib stoldakılara çöndü, kim gəlirdi?

Möhtərəm sabahdan çayxanada görünmədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG