Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:28

Şirməmməd Nəzərlinin 20-liyə düşməyən hekayəsi


Şirməmməd Nəzərli

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal almayıb.

Şirməmməd Nəzərli


ZƏLİ


Cənub rayonlarımızda əvvəllər çəltik daha çox əkilərdi.

Göz işlədikcə uzanan sahələr iri ləklərə bölünər, yayın əvvəlində əkin üçün lehmə şəklində hazırlanardı.

Səpmə çəltikdən boy verib səməni kimi cücərmiş tumlar torpaqqarışıq daşınıb sahəyə gətirilirdi.

Dizə qədər lehməyə batan qız-gəlinlər həmin tumları beş-beş qoparıb sıra ilə sancırdılar. Elə naharı da çatdaq-çatdaq olmuş mərzlərin üstündə edirdilər.
Əkin vaxtı qoca-cavan – bütün kənd köməyə gəlirdi. Hətta məktəblilər də böyüklərə qoşulurdular. Bu gün də kənd camaatı köməyə gələcəkdi. Hərə bacardığı işdən yapışacaqdı.

İndi isə əkin gedirdi. Suçu Məşədi Fətullah bir xeyli lək hazırlamışdı. Al-əlvan geyimli qız-gəlinlər gəlib hörmət-izzətlə salamlaşdılar, yemək qoyulmuş bağlamalarını mərz boyu düzdülər, enli donlarının balağını qatlayıb lehməyə girdilər.

Ləkin hamar səthində rahatca sürüşən tabaqlardakı tumlardan çəngələyib götürdülər və qoparıb sıra ilə sancmağa başladılar.

Az sonra briqadirlə sədr də gəlib xeyli aralıda durdular. Əkinçilər başlarını qaldırmadan asta-asta danışıb gülürdülər.

Beləcə asta-asta danışmağında, gülməyində hamı davam edə bilərdi. Dilli Yetərdən başqa.

Elə buna görə də adına «dilli» qoşulmuşdu. Dilli Yetərin dili indi də dinc durmadı. Tumu dirsəyə qədər palçığa bulaşmış əlindən yerə qoymayıb belini dikəltdi, gündən gözləri qamaşa-qamaşa dedi:

– Sədr, a sədr, bir bəri gəl.

Sədr təəccüblə səs gələn tərəfə boylandı. Elə baxdı ki, kişinin üzündən aydınca oxundu: «Bu kimdir belə cürət edib sözümü kəsir?» O, könülsün əkin gedən ləkə doğru addımladı. Yetər elə bil onu yaxına yox, uçurumun ağzına çağırdı.

Sədr ləkə çatıb mərzin üstündə dimdik dayandı. Ona altdan-yuxarı baxan olsaydı, fikirləşərdi əlbət, böyük şəhərin hündür yerində ucaldılmış tunc heykəldir. Amma əkinçilərdən heç biri cürət edib başını qaldırmır, sədrin suda xəfifcə titrəyən kölgəsinə baxmaqla kifayətlənirdi. Yenə təkcə Dilli Yetər bununla kifayətlənmədi, sədrin «nə var?» deyə ikrahla soruşduğunu görüb eyni kinayə ilə cavab verdi:

– Yaxşı tum var, hazır lək var, gözəl də hava!..

Bunu deyib çəltik cücərtisini lehməyə şappıltı ilə sancmağa başladı. Qadının cəsarətinə və hikkəli danışığına görə idimi, yoxsa briqadirlə söhbətinin yarımçıq qaldığı üçündümü, demək olmazdı, sədr hirsindən kösöv kimi qaralmışdı.

Amma hava, Yetərin sözü olmasın, doğrudan da çox yaxşı idi. İri səbətlərə sıx-sız doldurulmuş tumların qoxusu adamın ciyərlərinə işləyirdi. Səriştəli suçuların dünəndən hazırladıqları ləklər, səliqə ilə düzəltdikləri dümdüz mərzlər adama «gəl-gəl» deyirdi.

Səma mavi ipək parçanı xatırladırdı. Bir azdan gün də günorta yerinə qalxacaq və isti nəfəsini hamıya verəcəkdi, heç kimə fərq qoymayacaqdı. Çünki bütün dünyanın isti ocağı, bütün yer üzünün işıqlı çırağı – o nəhənglikdə günəş bilmirdi sədr kimdi, briqadir kimə deyilir, əkinçi Yetər niyə əkinçi Yetərdir…

Arxadan briqadirin asta addımlarla yaxınlaşdığını hiss edən kolxoz sədri əvvəlkindən yumşaq səslə Yetərdən soruşdu:

– Açıq danış görüm, nə deyirsən?

Dilli Yetərin dili elə bil buna bənd idi. Palçıqlı əlini belinə qoydu, o biri əlini də kepka dimdiyi kimi alnına yapışdırıb dedi:

– Açığı odur ki, Şərəfnaz xanım da qoy bizimnən düşsün palçığa! Nə olar? Əkin vaxtı bütün kənd kömək əlini uzadır. Odey, müəllimlər də, uşaqlar da gəlirlər…

Bircə qızının adını, adının yanında da kinayə ilə deyilmiş «xanım» sözünü eşidəndə sədrin bənizi ağardı. Başını Yetər göstərən səmtə çevirdi. Doğrudan da, məktəbdən kömək gəlirdi. Qabaqda müəllimlərlə yanaşı, suçu Məşədi Fətullahın oğlu Səfər yeriyirdi. Deyəsən, bələdçilik edirdi.

Dilli Yetərin kolxozun rəhbərilə birdən-birə kinayə ilə danışmağı hamı üçün gözlənilməz oldu. Bu saat partlayış olacaqmış kimi qız-gəlinlər səslərini xırıp kəsib ikiqat səylə işləməyə başladılar və guya, məhz bu canfəşanlıq onları gözlənilən təhlükədən xilas edə bilərdi. Ətraf elə bil tamam boşalmışdı. İndi palçığa batıb-çıxan qadın əllərinin şappıltısından savayı səs eşidilmirdi. Birazdan məktəbdən gələn köməkçilər yaxınlaşdılar. Kolxoz sədri onları qarşılamalı, mütləq bir-iki xoş söz deməli idi. Amma Yetəri də cavabsız qoya bilməzdi və heyf ki, sədryana cavab üçün fürsət deyildi. O, ani tərəddüddən sonra özünü gülümsəməyə məcbur elədi,dili topuq çala-çala (görünür, mülayim, həlimxasiyyət olmaq çətin gəlirdi ona):

– Hm, hə, deyirəm axı, qara qızın dərdi varmış… Ax səni!... Heç darıxma, harda olsa, Şərəfnaz bu saat gələr. Yubanır, yəqin…

Sədr bunu deyib, məktəblilərə tərəf addımladı. Əgər bu saat bu palçıqlı dünyada bu qız-gəlinləri birləşdirən bircə şey vardısa, o da daxilən çəkdikləri qəhqəhə idi. Çünki kolxoz sədri ağ yalan danışırdı.

Şərəfnaz bura gələsi deyildi, əkin sahəsinin kəndin hansı səmtində olduğunu da bilmirdi.

Heç bir ciddi səbəb olmadan özünü günahkar hiss edən, oğurluq üstündə tutulubmuş kimi, rəng verib rəng alan briqadir isə ayaq üstdə durmuş ölüyə bənzəyirdi.

Sədr onun yanından keçib dəstəyə tərəf gedəndə briqadirə elə gəldi ki, bu saat səndələyib üzü üstə ləkə aşacaq. Sədr özündə olmayan briqadirə yanaşıb qulağına nəsə pıçıldadı.

Yox, sədr sehrkar bir loğman idi, ölünün qulağına üfürdü və onu diriltdi. Briqadir hərəkətə gəldi, rəngi özünə qayıtdı və götürüldü. Götürüldü və tez də ayaq saxladı, nəsə fikirləşdi, Yetərə tərəf tərs-tərs baxdı, yenidən götürüldü.

Gün günorta yerinə çatanda Şərəfnaz gəldi. Hamı əl saxlayıb qızın tamaşasına durdu, elə bil tarlaya avtodükan gəlmişdi. Şərəfnaz dodaqucu «Allah qüvvət versin» deyib badımcan kimi parıldayan təzə qaloşlarını cütlədi, bir qırağa qoydu.

Quruyub çatlamış mərzin üstündə bir-iki addım atmışdı ki, qaxsımış palçıq ayaqlarının ipək kimi yumşaq dərisini xəncər tək kəsməyə başladı.

Mərzin hamar yerində isə ovulub dənəvərləşmiş torpaq ayaqlarının altını qıdıqladı. Şərəfnazın mərzin üstü ilə yerişi ömründə kəndir görməmiş adamın kəndirbazlığını xatırladırdı. Qız canını dişinə tutub əvvəlcə bir, sonra o biri ayağını qara lehməyə basdı.

İki lək aralı işə başlamış məktəb uşaqları da əl saxlayıb baxırdılar. Suçular da çənələrini yerə sancdıqları belin dəstəyinə söykəmişdilər. Məşhədə Fətullah bu mənzərəni özünə sığışdırmadı.

Yalnız oğluna ərk elədi, uzaqdan-uzağa çımxırdı, dişsiz əngini bir-birinə sıxıb «utanmaz!» deyə üstünə qışqırdı. Hamı başa düşdü ki, bu, «Qızım, sənə deyirəm, gəlin sən eşit!» deməkdir. Ağsaqqal sözünə hamı utanıb üzünü çevirdi.

Şərəfnaz ayaqlarını palçığa nə qədər asanlıqla batırırdısa, bir o qədər çətinliklə çıxarırdı. Kök bədəninin ağırlığından ayaqları lehmənin dərinliyinə çatırdı.

Uzağa getmədi. Mərzə yaxın işləyən qızın tabağından götürüb sancmağa başladı. Əkinin birinci günündən dil boğaza qoymayan, səs-səsə verib «halay» oxuyan qız-gəlinlər indi ağızlarına su almışdılar. Amma Şərəfnazın tükürpədici səsi onları bərk diksindirdi.

Deyirdin, əlbət sədr qızının bədənindən bıçaqla kəsdilər. O, əli ilə yanındakı gəlinə nəsə göstərdi. Gəlin Şərəfnazın ayağına zəli yapışdığını görüb fikirləşdi ki, heyvanı zorla qopartsa, yeri bir az da ağrıyacaq. Bir də axı niyə yeyib doymamış zəlini qopartsın? Bu ki Şərəfnaza ziyan gətirmir, əksinə, xeyrinədir. Bəlkə, onu başa salsın, desin ki… Amma yox, indi zəlinin xeyrindən danışmaq gülməli çıxardı. Şərəfnaz xanım üçün bu saat dünyanın dar məqamı idi.

Qız əlini suda yaxalayıb özünü tez mərz boyu düzülmüş bağlamalara yetirdi, öz boxçasını tapıb açdı, içindən duz götürüb gətirdi, zəlinin üstünə səpdi və zəli dərhal Şərəfnazın qıçından qopub düşdü. Ağappaq dərinin üzərindən qatı qan boyası aşağı süzüldü…

***

Suçu Məşhədi Fətullahın oğlu Səfər bir həftə idi ki, əsgərlikdən qayıtmışdı. Tamam dəyişib, tanınmaz olmuşdu: boylu-buxunlu, yaraşıqlı, enlikürək, təmkinli. Orduda sürücülük öyrənmiş,vəsiqə almışdı.

Səfər gəldiyi gündən kəndi dolaşır, bağ-bağata göz gəzdirirdi. Kənd də tanınmaz olmuşdu: yaraşıqlı tikililər, abad evlər, asfalt yol… Lehmə yox, gölməçə yox, qurbağa yox, həşərat yox.

Kənd camaatı düyünü, unu, çörəyi mağazadan alırdı. Dükançı Səlimdən. Belə baxanda kəndləri şəhər qırığı idi. Di gəl, süfrəyə plov gələndə, Allah bərəkət versin, Səfər gözlərinə inana bilmədi. Nə ətir həmin ətir idi, nə dad o dad idi. Adı ilk kolxoz sədrinin (rəhmətlik) şərəfinə qoyulmuş «Sədri», «Ənbərbu» düyülərindən indi yalnız xoş söz-söhbət qalmışdı. Allah-təala kəndin bərəkətini niyə götürmüşdü? El-oba niyə bəzəkli boş xurcuna dönmüşdü?

Hər gün atası ilə bu barədə danışan Səfər kəndlərinin yaraşığına sevinsə də, dadı qaçıb adı qalmış yaşayışı başa düşə bilmirdi. İndi də ata-bala oturub bu barədə söhbət edirdilər ki, birdən Məşhədi Fətullah kolxoz sədrini həyət qapısında gördü və sözünü yarımçıq qoydu. Təəccüb elədi. Sədr isə ərkyana yaxınlaşıb salam verdi və:

– Xoş gəlibsən, a Səfər! – dedi, – Maşallah, maşallah! Yekə kişi olubsan! Eşitdim şoferlik də oxuyubsan! Hə, bunu yaxşı eləyibsən, lazım olar.
O «lazım olar»ı elə dedi ki, Səfər anlaya bilmədi: yəni kimə lazım olar?
Ata-balanın ona zəndlə baxdığını görən sədr mətləbə keçdi:

– Fətullah kişi, dara düşmüşəm, Səfər bala kömək eləsin gərək. Şərəfnaz bərk naxoşdu, həkim qalmayıb çağırmayaq. Hərəsi də bir söz deyir. Bu gün də birisi gəlmişdi, baxıb başını buladı, «qanı pisdi, zəli qoyulmalıdı» dedi. Fətullah, day özün görürsən də, kəndimiz, maşallah, şəhərdən seçilmir, göl yox, gölməçə yox, bataqlıqlar qurudulub. Belə yerdə zəli olar? Deyirəm Səfəri… qoşaq şoferimə, gedib görsünlər harda zəli tapa bilərlər…

– Niyə sən zəhmət çəkirsən? – deyə Məşhədi Fətullah soruşdu. – Bəs kürəkənin Səlim hardadı?

Mağaza müdiri Səlimin adını eşidən sədrin bənizi ağardı. Elə bil neçə il əvvəl əkinin birinci həftəsi idi və Dilli Yetər onu yaxına çağırıb qızı Şərəfnazın işı çıxmağını tələb edirdi.

Məşhədi Fətullahın isə yadına tamam başqa söhbət düşdü. Bu, Şərəfnaz əhvalatından qabaq olmuşdu. Üst-başı palçıqlı Məşhədi Fətullah uzun dəstəkli beli çiyninə qoyub kənd yolu ilə arğın-yorğun evə gələndə arxadan səs eşitmişdi:

– Fətullah, a Fətullah! Bir ayaq saxla görək.
Dükançı Səlimdi. Yanında da yad adam vardı. Məşhədi Fətullah yaxın gəlib ədəb-ərkanla salam verdi.

– Fətullah kişi, məni başa sal görüm, sənə niyə mövhumat Fətullah deyirlər? – deyə səlim xəbər aldı və ağ parusin şalvar, ağ köynək, ağ brezent ayaqqabı geymiş gözlüklü kişiyə tərəf əyildi. Qonaq şəhərdən gələnə oxşayırdı. «Ağ ayaqqabıları ki belə təmizdir, yəqin təbaşir sürtür», - deyə Məşhədi Fətullah düşünmüşdü. Amma dükançı Səlimin ürəyindən bu saat nə keçdiyini bilmirdi, sualından nə məqsəd güdürdü, baş açmırdı. Axı, onunla gündə azı üç vədə üz-üzə gəlirdi, niyə məhz indi, qonağın yanında onu sorğu-suala tutub dükançı Səlim? Özünə toxtaqlıq vermişdi: «Soruşanda nə olar? Əvvəla, mən Məşhədi Fətullaham. İndi ki harın Səlim bir «mövhumat»da artırıb adma, eybi yoxdur. Mövhumat utanılası ləqəb deyil. Onsuz da ağlıkəsən adamlar görürlər ki, mən adi müsəlmanam. Xeyir-şər, halal-haram, böyük-kiçik yeri bilənəm. Orucum-oruc, namazım-namaz. Nə adamları incidirəm, nə də Allahın heyvanını. Hər canlının canı özünə qismət. Səlim bəlkə qonağını əyləndirmək istəyir?»

– Əkin vaxtı suilanlarını qırmağa qoymuram, - deyə Fətullah kişi tənbəl-tənbəl dilləndi. – Deyirəm, qurbağaları bica yerə öldürməyin, axı onlar həşəratları, ağcaqanadları yeyirlər, onlarçün də yaxşıdı, bizimçün də. Sonra, canım sənə desin, kimin ayağına zəli yapışır, deyirəm qoparmağa tələsməyin. Zəli özü də iyrənəndi, hər bədənə yapışmaz, təmiz qanla da işi yoxdu. Deyirəm, zəli yapışdığı yeri sovurur, sovurur və özü də qopur. Qopanda da yaraladığı yerə ağzından şirə axıdır, yapışdırır ki, mixrof düşməsin…

– Nə düşməsin? – Səlim guya eşitmədi.

– Mixrof düşməsin, - deyə qoca təkrarladı.

Dükançı Səlim"mixrof"sözünə bir xeyli hırıldadı, sonra şaqqanaq çəkdi, gülməkdən az qala ürəyi gedəcəkdi. Məşhədi Fətullah heç nə görmür, heç nə anlamırmış kimi sözünə davam elədi:

– Hə, belə-belə şeylərə görə camaat mənə «mövhumat» deyir. Nə olar, təki könülləri xoş olsun...

Dükançı Səlim yenə ürəkdən güldü. Qonaq ehmalca onun qoluna toxunub «gedək» işarəsi verməsəydi, kim bilir, o hələ nə qədər güləcəkdi. Elə bil kəndin ən yaxşı suçusu, Fətullah kişi ağsaqqal yox, dəstək uşaq idi. Deyirdinəlbət, Fətullah bala gəlmişdi Səlim əminin dükanına, rəflərdə konfetlərə, oyuncaqlara hərisliklə baxırdı.

Səlim əmi də balaca Fətullahı yanına çağırıb burnunun fırtığını silir və deyirdi ki, əgər daşla bir sərçə vurub öldürsə, ona peçenye verəcək. Fətullah isə ağzının suyunu axıda-axıda nənəsinin sözlərini yada salıb «olmaz, günahdı» deyirdi. Uşağın mısmırığından feyziyyab olan dükançı Səlim öz aləmində onu dolayıb məmnun qaldı, sonra da dükanı bağlayaraq qonaq əmi ilə getdi işinə…

Bu əhvalatdan xeyli keçmiş Səlim sədrin yeganə qızıyla evləndi. Toyuqları da, xoruzları da yumurtlayan Səlimin indi bütün işləri yağ kimi gedirdi.
Səbr dağarcığı Məşhədi Fətullah ömründə birinci dəfə qapısını açmış sədrin yadına heç də bu söhbəti salmaq fikrində deyildi.

Səlimin adını ağzından qaçırtdığı üçün də əlüstü peşmançılıq çəkdi. Dağ vücudlu, başqa vaxt zəhmindən yer ayrılan sədr indi necə də əzgin, yorğun idi. Kişi özündə deyildi. Məşhədinin belə şeylərə ürəyi dözməzdi. Amma sükutu sədr özü pozdu:

– Məşhədi, - dedi, - Səlimin əlindən iş gəlsəydi, qapına day niyə gəlirdim?
Sədr bunu dedi və sonra söhbəti əvvəlki mətləbə gətirməyə çalışdı:

– Sən bir qismətə bax e, həkimlər hələ kəndimizdə heç kimə zəli yazmayıblar…

Dinməz-söyləməz oturub söhbətə qulaq asan səfər könülsüz-könülsüz ayağa durdu, bunu duyan atası onu qabaqladı:

– Oğul, dədə qurban, mənim xətrimə!..

Araya yenə sükut çökdü. Səlim atasına tərəf çevrilib onun qabarlı əlini hələ də saqqalından çəkmədiyini görəndə kövrəldi. Atasının cadar olmuşəllərinə, nurani üzünə, rəhmli gözlərinə baxdı, sonra da sədrin şişman bədəninə, tüksüz, qayğısız üzünə nəzər saldı. Ani müqayisədən özü də utandı. Axı, onlar müqayisəyə gəlmirdilər. Tərəddüd göstərdiyi üçün ürəyində özünü asdı-kəsdi. Sədrin həyət qapısından görünən maşınına tərəf tələsdi. Sürücü ilə salamlaşdı, özünü arxa oturacağa saldı. Oturacaqda su ilə doluüçlitrlik şüşə balonu görəndə maraqlandı:

– Bu nədi belə!

– Şərəfnaz tapşırdı. Dedi zəlini olduğu suda gətirək. Deyir suyu birdən ayrı yerdən götürərsiz, kran suyu olar, zəlilərin xoşuna gəlməz, yolda tələf olarlar…

Maşın rayon mərkəzinə tərəf yola düşdü. Qırmızı kirəmidli, boz şiferli daş evlər çiyin-çiyinə durmuş əsgərləri xatırladırdı, adama boy verməyən daş hasarlar isə qəsr-qala divarlarını. Əvvəllər kənd yolunun bu hissəsində yonca, çayır, vələmir qoxusu gələrdi. İndi isə… Səfər tərəvəz sahələrindən gələn dərmanın iyinə dözməyib maşının şüşəsini qaldırdı.

Cavan sürücülər rayon aptekində zəli tapmayanda təəccüblə bir-birinə baxıb çiyinlərini çəkdilər. Ümid Bakıya qalırdı.

Onlar maşını magistral asfalt yola çıxartdılar…

XS
SM
MD
LG