Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:48

Markesin sərxoş gəmisi


Həmid Piriyev
Həmid Piriyev

-

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Həmid Piriyevdən yeni şeirlər

Həmid Piriyev

Göyərçininin ayağında gələn məktubda yazılan şeir

dünyada ən qiymətli şey azadlıqdır

ən qiymətsiz şey insan ömrü

əgər elə olmasaydı

azadlıq üçün canlarından keçməzdi adamlar

kəsilmiş adam başlarının üstündən yuvarlanmazdı

inqilab gələcəyə doğru

dörd qruplu qanların qarışığında yuyunub

pak olmazdı azad gələcək

sülh quşuyam

sizə məktub gətirmişəm

oxuyun bu məktubu diqqətlə

köçürün yaddaşınıza hər kəlməsini

və əməl edin mümkünsə

sevin bir-birinizi öldürməyin candaşlarınızı

onsuz da çox öldürmüsünüz əsrlər boyu

mənasız müharibələrdə

başqalarının şeytani və heyvani hisslərinə

alət olduğunuzu bilməyə-bilməyə

öldürmüsünüz mənasız mübahisələrdə

dəyərsiz bir əşyaya görə

yaxud sərxoş vaxtı dediyi namünasib sözə görə

öldürmüsünüz torpaq uğrunda

özünüzün də torpaqdan yarandığını və

haçansa torpağa qarışacağınızı bilə-bilə

öldürmüsünüz

səhər obednyasından yarım saat əvvəl

işa namazından on beş dəqiqə sonra

ibadətin nuru üstünüzdən

təkbirin paklığı dilinizdən hələ getməmiş

öldürmüsünüz səbəbli-səbəbsiz

adama çox torpaq lazım deyil

ən çoxu bədəninin ölçüsündə

bunu anlaya-anlaya

amma anlamaq istəməyərək öldürmüsünüz bir-birinizi

bəsdir daha

sülh quşuyam

sizə dimdiyimdə bir çimdik sülh

qanadlarımda bir ovuc mərhəmət

caynaqlarımda bur tutam sevgi gətirmişəm

sevin bir-birinizi

nə qədər ki gec deyil

3 mart 15

Markesin sərxoş gəmisi

Səxavət Sahil üçün

balaca qız idi adı Elba

o vaxt üç-dörd yaşı olardı

qonşu palatada yatan

çiynindən güllə yarası almış

xalasının zabit ərinin yanına gəlirdi anasıyla

birinci gündən dost olmuşdu mənimlə

hospitalın altıncı mərtəbəsindəki cərrahiyyə şöbəsinin

geniş işıqlı təzə göy koridoruna girən kimi

birinci mənim yatdığım palataya

gəlib mənimlə görüşürdü

həm dodaqları həm də gözləri gülürdü onda

qayğısızdı şirindi gözəldi balacaydı hələ

adı Elba

anasıyla da tanış olmuşduq ötəri

bir-birimizin adını bilməsək də

necəsiniz soruşurdu təşəkkür edirdim

Elba, əmini yorma deyirdi

Elba gülürdü

elə mən də

onu axırıncı dəfə görəndə

tapança aldırmışdı anasına

koridordakı sütunun

dalında gizlənib məni öldürürdü

və gülürdü

tezliklə çıxdım hospitaldan

daha onu görmədim

tez-tez yadıma düşür o balaca qız

indi böyümüş olar

çox güman hələ məktəbdə oxuyur

ya da liseydə

çox güman ki hospitaldakı xəstə əmisi yadında

deyil onun heç anasının da

hospitalın altıncı mərtəbəsinin

geniş şüşələrindən lap yaxınlıqdakı

beşmərtəbəli hər gecə işıqları yanan

içində qayğılı və qayğısız adamlar yaşayan

köhnə binalar görünürdü

və onların dalındakı

təzə tikiliən hündürmərtəbəli

adamsız işıqları yanmayan

yetim teyf binalar

və çox uzaqda hansısa köhnə zavodun

köhnə beton tüstüsüz bacası

amma dəniz görünmürdü

dənizdə üzən gəmilər də

mən heç gəmi gözləmirdim də

səndən fərqli olaraq polkovnik

mənim özümü gözləyən də yox idi

nə dəniz sahilində

nə də həyətində budaqları quş yuvası

altı kölgəlik olan

hündür ağacların qocaldığı

köhnə binalardakı dar işıqlı isti mənzillərdə

mən vardım

gündə üç dəfə

Piriyev, gəlin iynənizi vurum deyən

göyçək tibb bacıları vardı

yığcam otaqlarda böyüyən

dodağı təbəssümlü

dəniz gözlü balaca Elbalar vardı

bir də sahildə gəmi gözləyən polkovnik

bilirsən, polkovnik

gecələr daha gözəl görünürdü

bayaqdan haqqında danışdığım

mənzillərindəki mebelləri

o mənzillərdə yaşayan uşaqların ömürləri

və damındakı çanaq antenləri

təzə olan köhnə binalar

yanımdakı çarpayılarda uzanıb qıvrılan adamların

ah-ufundan qaçıb

altıncı mərtəbənin eyvanında siqaret çəkəndə

fikir vermişdim buna

teyf binaların həyətində uzanıb

aya serenada oxuyan pişiklər də bilirdilər

gecələrin gözəlliyini

sənin gözlədiyin gəminin

üzdüyü dənizin üstündə uçan

qağayılar da

bircə sən bilmirdin, polkovnik

bir də Elba

çünki hələ balacaydı onda

qorxurdu gecələrin qaranlığından

onu günəş salamlayırdı hər səhər

solğun şüalarıyla gülümsəyib

əl eləyirdi ona göyüzünün dərinliklərindən

indisə o günəş

Bakı-Sumqayıt elektrik qatarını

salamlayır stansiyalarda

bir də stansiyada

Bakı-Sumqayıt elektrik qatarını gözləyən məni

bu gün lap tezdən durmuşam, polkovnik

tənəkə qutunun dibində qalan

kofeni dəmləyib içmişəm acqarına

və sahilə gedirəm

Markesin sərxoş gəmisni qarşılamağa

salamat qal, polkovnik

Elbanı görsən məndən salam deyərsən

bir də yaddan çıxmamış

ünvanını yaz ver

məktub yazım sənə

darıxanda

6 iyun 15

Qara paltarlı kişi

(Portret şeir-hekayə)

Bakı ruslarından idi

saçı saqqalına qarışmışdı

gözlərinin ağı qızarmış altı torbalanmışdı

birçəklərindəki seyrəlmiş ağ tüklər

şapkasının altından boylanırdı

bığları siqaret tüstüsündən saralmışdı

avtobusun ikiadamlıq oturacağında

pəncərə tərəfdə oturmuşdu

məni saxlayan Allahdı

qurban olum ona

deyirdi şirin rus çalarlı Bakı ləhcəsində

həbsxananın yanından keçəndə

mən də burda yatmışam

deyib gülümsədi

dayday nöş yatmısan soruşdu uşaqlar

nə bilim dedi tutdular da

içib küçədə yatmışdım

ayılanda burdaydım

bir aylıq salmışdılar məni içəri

iki həftəyə buraxdılar

nöşün dayday yenə soruşdu uşaqlar

neyniyillər ee məni dedi

yanıma gələn yox

peredaça gətirən yox

atdılar mitilimi bayıra yerimdə başqası yatar

bəlkə onun yanına gələn olacaq

bəlkə nəsə gətirəcəklər ona

sonra avtobusdan düşdü

məni saxlayan Allahdı

ona qurban olum deyə deyə

15 oktyabr 2014

Göy qurşağının axırıncı rəngi

(Portret şeir-hekayə)

doxsan səkkizinci ilin qış aylarından birində

Buzovnaya gedirdik anamla

qırmızı rəngli qazeldə

dal tərəfdə

təkadamlıq oturacaqda oturmuşdum

adamlar minirdilər düşürdülər

düşürdülər minirdilər

gedirdilər gəlirdilər

bir qız da mindi

təxminən on yeddi on səkkiz yaşlarında

qarasaçlı qaragözlü göyçək qız

oturduğum təkadamlıq oturacağın

qolsöykətməli yeri açılıb oturacaq olurmuş

qız onu açıb yanımda oturdu

hərdən mənə baxıb gülümsəyirdi

yanaqlarında zənəxdanlar oynayırdı

yəqin ki heç kimi sevmirdi onda

yəqin ki hələ ağlamamışdı eşq acısından

yəqin ki həyatın gözəl olduğuna inanırdı hələ

yəqin ki həyatının gözəl olacağına da inanırdı hələ

bizdən tez düşdü avtobusdan

düşəndə yenə mənə baxıb gülümsədi

əgər onu bir daha görə bilsəm

avtobusda metroda dayanacaqda

yolda və ya başqa hardasa

soruşacağam ki

bağışlayın

bilmirsiniz göy qurşağının axırıncı rəngi hansıdır

11 oktyabr 2014

Məlikov küçəsiylə Çingiz İldırım küçəsinin kəsişməsindəki

zibillikdə sülənən və acından uşaq bezlərini didən ala itin şeiri

məni xoşbəxt etmək asandır

bir fal çörək

yarısı dişlənmiş sosiska

əti yeyilmiş balıq skeleti

içi siyrilməmiş tomatlı konserv qutusu

ya da adicə sümük

saydıqlarım sizinçün evinizin zibilidir

mənimçünsə

səqadət rəmzi

yanından keçəndə burnunuzu tutduğunuz bu zibil qabları

yayda kölgəliyimdir

qışda daldalanacağım yemək artıqlarını zibilqabının içinə

batmış uşaq bezlərinisə

yerə qabağıma atmayın insafınız olsun

qaba çıxmağa gücüm yox

pişiklərin yeməyinəsə baxa bilmirəm

əslində mənim haqqım olanı

qulağımın dibində veyillənən axırıncı bit də

iki gün əvvəl getdi harasa

yəqin ki qanı çox olan başqa bir

zibillik itinin qulağından sallanmağa

aclıqdan qanım da quruyub

doyuzdura bilmədim bitlərimi

tüklərim də tökülür yavaş yavaş

səsim də çıxmır ulayım

mədəm də balacalaşıb

yəqin pəncəmdən də yığcam olub

qarnım da quruldamır axır vaxtlar

işə düşməyən motor uğultusu kimi

baş-qulağımı aparmır

məni xoşbəxt etmək asandır

yeməyə bir şey atın

olum hamıdan xoşbəxt

hətta özünü dünyanın xoşbəxti sayan adamlardan da

bir də işdən gücdən

telefondan televizordan

nə bilim daha nədən başınız ayılanda başa salın

balaca gombul ərköyün uşaqlarınızı

ki incitməsinlər məni daşlamasınlar

qaçmağa taqətim yox

qapmağasa yazığım gəlir

daha yaxşısı onlara

sahibsiz küçə itlərini sevməyi öyrədin

məni xoşbəxt etmək asandır

təki istəyin

4 yanvar 15

XS
SM
MD
LG