Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Mehdiabad sakinləri qaloşdan xilas yolu axtarır


Arxiv fotosu
Arxiv fotosu

-

"Nə olsun ki, məktəb tikiblər. Uşaqlar ki, lazımınca istifadə edə bilmir... Qışda uşaqlarımız məktəbə qaloşla gedir".

"Baxın, camaatın evinin qarşısı yay-qış çirkab sularla dolu olur. Səbəb də odur ki, bütün məhəllələrin kanalizasiyası bura axıdılır".

AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edən Mehdiabad qəsəbəsinin sakinləri qəsəbədəki vəziyyətdən danışırlar. Onlar əsasən yol, kanalizasiya sarıdan əziyyət çəkdiklərini deyirlər. Qəsəbə sakini Dilarə Mehdiyeva ötən qış övladlarını məktəbə buraxmayıb. Səbəbindən danışır:

BELƏ YERDƏN TƏHSİLLİ UŞAQ ÇIXAR?

"Burda məktəb tikdilər, ətrafına yol çəkmədilkər. Məktəbin dörd tərəfi dizə qədər palçıq... Uşaqlar məktəbə qaloşla gedib gəlirdi. Nə olsun ki, təzə məktəb tikiblər. Uşaqlar qışda dərsə gedə bilmir".

Yol problemi Mehdiabad sakinlərini təngə gətirib. Onlar yolsuzluğun gündəlik həyatın bütün sahələrində əngəllər yaratdığını deyirlər:

"Biz də istəyirik ki, uşaqlarımız normal təhsil alsınlar. Ancaq yolun, şəraitin olmaması birbaşa uşaqların təhsilinə mənfi təsirini göstərir. Yağış yağanda küçələrdə ayaq basmağa yer olmur. Belə yerdən təhsilli uşaq çıxar?..."

Sakinlər nə qədər ki, yay fəslidir, əlaqədar qurumların tədbir görməsini istəyirlər:

BƏLƏDİYYƏ DEYİR, SAKİNLƏR SƏBRLİ OLSUN...

"Bir azdan yenə məktəb başlayacaq, yenə köhnə söz-söhbətlər gündəmə gələcək. Yenə bələdiyyə ilə qarşılaşanda deyəcək, narahat olmayın, az qalıb. Nə qədər ki, yaydır, yolları düzəltsinlər. Kanalizasiya xətləri çəksinlər. Başqa məhəllələrin kanalziasiya suları bu məhəllyəə axıb gəlir. Bax, yaydır, adam üfunətdən, natəmizlikdən burnunu çölə çıxara bilmir".

Yerli icra hakimiyyəti deyir, ara məhəllələri bələdiyyə abadlaşdırmalıdır. Mehdiabad bələdiyyəsindən isə "Qaynar xətt"ə bildirilib ki, sakinlər səbrsizlik edirlər. Məlhəllələr növbəli şəkildə asfaltlanır. Yaxın vaxtlarda növbə 4 saylı məktəbin ətrafındakı məhəllələrə də çatacaq.

Sakinlərsə ümid edirlər ki, növbəti yağış mövsümündə evdən qaloşla çıxıb ayaqqabılarını dayanacaqda dəyişib avtobusa minməyəcəklər.

XS
SM
MD
LG