Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 02:05

«Dözümsüzlük Avropa Oyunlarına kölgə salır»


«Azərbaycan hökuməti beynəlxalq icmanın hörmətli üzvü, eyni zamanda repressiv və kleptokratik avtokratiya ola bilməz. Seçim etməlidir». – 5 iyun Qərb mediasının icmalı.

-

Avropa Oyunlarına sayılı günlər qaldıqca, dünya mediasının diqqəti daha çox Azərbaycana yönəlir. Beynəlxalq media bu Cənubi Qafqaz ölkəsinin Qərb üçün strateji mövqeyini vurğulamaqla yanaşı, tənqidi səslərin susdurulmasına da diqqət çəkir, idman təşkilatlarının rəhbərlərini, Avropa liderlərini yerli fəallara dəstək olmağa çağırır.

“The Newsweek” dərgisi “Dözümsüzlük və əsarət Avropa Oyunlarına kölgə salır” başlıqlı məqalə dərc edib.

Azərbaycan hökuməti beynəlxalq icmanın hörmətli üzvü, eyni zamanda repressiv və kleptokratik avtokratiya ola bilməz. Seçim etməlidir

Müəllif Adam LeBor AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın həbsindən, AzadlıqRadiosunun Bakı bürosunun möhürlənməsindən bəhs edir. O, yazır ki, rəsmilər Avropa Oyunlarından yararlanaraq Bakını dünyaya nümunə kimi təqdim etməyə çalışırlar.

“İndi hamının başı FIFA qalmaqalına qarışıb. Ancaq fəalların fikrincə, Bakıda artan repressiyaya da diqqət ayrılmalıdır. Hüquqlar uğrunda İdman kampaniyasının koordinatoru Rebecca Vincent deyir ki, Azərbaycanda işlər heç vaxt indiki kimi pis getməyib. Xədicə oyunların əsiridir və rejim onu buraxmaq istəmədi. Açıq şəkildə tənqidi danışan hər kəs ölkədən qaçıb, həbsxanaya salınıb yaxud susdurulub”.

Bədəl ödəmək gərəkdir və buna dəyər. Həqiqətin həyat norması olacağı yeni reallıq qurmalıyıq, elə bir reallıq ki, düzünü demək cəsarət tələb etməyəcək

Yazıda aprelin 13-də keçmiş ABŞ diplomatları, ekspertlər və təşkilatların Dövlət katibi John Kerry-yə məktub yazması da yada salınır. Məktubu imzalayanlar hökumət rəsmilərinə viza qadağası qoyulması, hesablarının dondurulmasına çağırırdı.

“Azərbaycan hökuməti beynəlxalq icmanın hörmətli üzvü, eyni zamanda repressiv və kleptokratik avtokratiya ola bilməz. Seçim etməlidir. Azərbaycanın müdafiəçiləri onun Qərblə müttəfiqliyini, narahat regionda sabitlik adası olmasını vurğulayırlar... İndilik Prezident Əliyev balanslı siyasətini saxlaya bilib. Hələlik, rejimin karıxmasının əlamətləri özünü göstərir. Prezident Əliyev mayın 21-də AB-nin Riqa sammitinə getmədi, oyunlara görə bərk məşğul olduğunu bildirdi. Xədicə İsmayılova isə həmişəki kimi əzmini saxlayıb. O, həbsxanadan yazırdı ki, bədəl ödəmək gərəkdir və buna dəyər. Həqiqətin həyat norması olacağı yeni reallıq qurmalıyıq, elə bir reallıq ki, düzünü demək cəsarət tələb etməyəcək,” müəllif yazır.

AZƏRBAYCAN HƏYƏCANLIDIR

“Euronews” kanalı da Avropa Oyunları ilə bağlı süjet yayımlayıb.

Bildirilir ki, 20 oyundan 12-si Olimpiya təsnifatına uyğun gəlir. Yəni gələn il Rio-da yerini təmin etmək üçün Avropanın ən yaxşı atletləri Bakıya gələcəklər.

Açılış mərasiminə biletlərin 80 faizi satılıb, baxmayaraq ki, bu biletlər elə də ucuz deyil – 170 avrodan bahadır. Ölkədə orta aylıq maaş isə 400 avrodur.

“Xeyli rahatlamışam,” oyunların əməliyyat komitəsinin icraçı direktoru Simon Clegg əsəbi gülüşünü kəsərək söyləyir. “Bu heç də bəzi məsələlərin bitməsi demək deyil. Əlbəttə, bəzi məsələlər davam edir. Burada böyük bir beynəlxalq tədbir keçiririk”.

“Euronews” qeyd edir ki, açılış mərasiminə biletlərin 80 faizi satılıb, baxmayaraq ki, bu biletlər elə də ucuz deyil – 170 avrodan bahadır. Ölkədə orta aylıq maaş isə 400 avrodur.

Ümumilikdə tədbirə 600 min bilet satışa çıxarılıb. Ən ucuzu 1 manatdır. İdman yarışlarına ən bahalı biletin qiyməti 5 manat təşkil edir.

Təşkilatçılar tədbirə hər şeyin hazır olduğunu bildiriblər.

AVROPA OYUNLARININ BƏDƏLİ

Bu başlıqlı məqaləni isə BBC.com dərc edib. Müəllif Cənubi Qafqaz üzrə müxbir Rayhan Demytrie yazıb.

İdman naziri Azad Rəhimov söyləyib ki, “Avropa Oyunlarından sonra bütün dünya Azərbaycanı Avropanın bir hissəsi kimi tanıyacaq”.

Hasar gecələr işıqlandırılır və gözəl görünür. Ancaq əsas məqsəd həmin hasarlar arxasında kasıblığı gizlətmək, rifah və inkişaf illuziyası yaratmaqdır

Müəllif oyunların neftin qiymətinin düşdüyü, milli valyutanın devalvasiyaya uğradığı bir vaxta keçirilməsinə diqqət çəkir. “Azərbaycanlıların əksəriyyəti çətinliklə dolanır, ona görə bu səxavətli xərcləmələr adamları qıcıqlandırır,” politoloq Ərəstun Oruclu deyib. “Hökumət üçün Oyunlar bir PR kampaniyasıdır. Ancaq iqtisadi baxımdan sərfəli deyil”.

Ərəstun Oruclu aeroport yolunun hasarlanmasından danışır: “Hasar gecələr işıqlandırılır və gözəl görünür. Ancaq əsas məqsəd həmin hasarlar arxasında kasıblığı gizlətmək, rifah və inkişaf illuziyası yaratmaqdır”.

Siyasi fəallar, ölkənin ən tanınmış araşdırmaçı jurnalisti Xədicə İsmayıl həbsdədir. Ancaq hakimiyyət bu tənqidlərin yalnız ölkəni gözdən salmaq məqsədi daşıdığını bildirir.

“Azərbaycanda heç kim siyasi baxışı və fəaliyyətinə görə təqib olunmur. Ölkədə hüququn aliliyi və ədliyyənin tam müstəqilliyi təmin olunub,” Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.

XS
SM
MD
LG