Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:57

BMT eksperti: Azərbaycandakı fəallar azad edilsin!


Bakıda 15 mart aksiyasından foto
Bakıda 15 mart aksiyasından foto

BMT-nin xüsusi məruzəçisi Michel Forst «Azərbaycanda tanınmış insan haqları fəallarının amansız təqib və repressiyaya məruz qalmasını» tənqid edib.

-

BMT-nin xüsusi məruzəçisi Michel Forst «Azərbaycanda tanınmış insan haqları fəallarının amansız təqib və repressiyaya məruz qalmasını» tənqid edib. Məruzəçi iyunun 12-də ilk Avropa Oyunlarının açılış mərasimindən öncə həmin şəxslərin buraxılmasına çağırıb.

Müstəqil ekspert deyib:

«Bakı Oyunlarına tam hazırlığın getdiyi bir vaxtda Azərbaycan hakimiyyəti insan haqları fəallarına təqibi, həbsi və nəzarəti gücləndirib, onlara səyahət qadağası qoyub və bank hesablarını dondurub».

OLİMPİYA RUHUNA SADİQLİK

Cənab Forst qeyd edib ki, bu «əsassız kriminallaşdırma» dövlətə xəyanət, qanunsuz sahibkarlıq, vergidən yayınma, səlahiyyətdən sui-istifadə kimi siyasi ittihamlarla əsaslandırılıb. «Nəticədə bir çox azərbaycanlı hüquq müdafiəçiləri uzadılmış həbs-qətimkan tədbirləri, həbs və ya sürgünə məruz qalıb», - o, deyib.

BMT eksperti hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, jurnalist Xədicə İsmayılın işlərinə diqqət çəkir.

Cənab Forst «ölkədə fundamental ifadə və birləşmə azadlıqlarının boğulması, demokratik məkanın getdikcə daralmasından» dərin təəssüfünü bildirib. O, hökuməti çağırıb ki, insan haqlarını irəlilədən və qoruyanları təqib etməsin, onlara şərait yaratsın.

BMT-nin insan haqları eksperti vurğulayır ki, Avropa Oyunları «Avropa ölkələrinə bir araya gəlmək və Olimpiya ruhunu qeyd etmək imkanı yaradır». O, bildirir ki, ev sahibi Azərbaycan azadlıq və birgəlik kimi Olimpiya ideyalarına sadiq qalıb insan haqları müdafiəçilərini azad etməlidir.

«Azərbaycanlı fəallar azad olmalı, Bakıdakı mərasimlərə qatılmalıdırlar», - ekspert deyib.

BMT-NİN DİGƏR EKSPERTLƏRİ DƏ QOŞULUR

Cənab Forst atletləri, idman pərəstişkarlarını və Oyunların tərəfdarlarını çağırıb ki, «azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəylik göstərsinlər və onların dərhal azadlığa buraxılması çağırışlarına qoşulsunlar».

BMT-nin sərbəst toplaşma və birləşmə azadlıqları üzrə xüsusi məruzəçisi Maina Kiai ilə fikir və ifadə azadlığının irəli aparılması və qorunması üzrə xüsusi məruzəçisi David Kaye də bu müraciətə qoşulublar.

XİN REAKSİYA VERDİ: «BU BƏYANAT AZƏRBAYCAN MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNƏ KÖLGƏ SALIR»

«Azərbaycan həmişə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və xüsusi proseduralar üzrə mandat daşıyıcıları ilə onların mandatları çərçivəsində tam və konstruktiv əməkdaşlıq edib».

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Michel Forst-un açıqlamasına münasibət bildirərkən deyib.

H.Hacıyev deyib ki, bu bəyanat Avropa Oyunları ərəfəsində bəzi qüvvələrin Azərbaycana qarşı apardığı kampaniyanın tərkib hissəsidir:

«BMT sənədlərində də qeyd olunduğu kimi, idman xalqları birləşdirməyə xidmət etməli və siyasətdən kənar olmalı olduğu halda, Michel Forst tərəfindən idmanın siyasiləşdirilməsi cəhdi Olimpiya xartiyasının məqsəd və məramları ilə ziddiyyət təşkil edir. Bu bəyanat Azərbaycan məhkəmə-hüquq sisteminə kölgə salaraq istinad edilən istintaq işlərinin mahiyyətini təhrif edir. Konkret cinayət əməlləri üzrə ittiham olunmuş şəxslərin azad olunmasına çağırış hüquqi baxımdan əsassızdır və qanunun aliliyinin pozulmasıdır».

XİN sözçüsü onu da deyib ki, «Michel Forst insan hüquqları məsələsində belə «prinsipialdırsa», ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bütün fundamental hüquqlardan məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsindən danışmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG