Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:58

Qərblə Rusiya arasında futbol savaşı?


Sepp Blatter səhnəni tərk edir
Sepp Blatter səhnəni tərk edir

Bir sıra təhlilçilər bu qənaətədirlər ki, 79 yaşlı FİFA prezidentinin istefası yeni qlobal qalmaqalların yalnız başlanğıcıdır.

Beləliklə, FİFA-nın əvəzedilməz və əvəz edilməsinə qarşı son dərəcə inadkar Sepp Blatter hamını təəccübləndirəcək bir şəkildə istefasını elan etdi.

Bu istefa nəinki dünya ictimaiyyəti, hətta dünyanın futbol ictimaiyyəti üçün də gözlənilməz oldu.

Çünki elə ötən həftə 79 yaşlı isveçrəli UEFA-dan, Avropa ölkələrinin futbol federasiyalarından gələn istefa tələblərini dəf edərək 5-ci dəfə dünya futbol qurumunun prezidenti seçilmişdi.

Onu bu seçkiyə daxil olmaqdan, nə son aylarda FİFA strukturunda baş alıb gedən korrupsiya iddiaları, nə də seçkidən elə iki gün əvvəl FİFA-nın 18 məsul rəhbərinin İsveçrə polisi və ABŞ-ın Federal Təhqiqatlar Bürosu tərəfindən həbs olunması saxlaya bilmişdi.

O burnunun altında milyonlarla dollar çirkli pulların yuyulmasından, tabeçiliyindəkilərin böyük məbləğlərdə rüşvət aldıqlarından xəbərsiz olduğunu, lakin FİFA-da “təmizliyi” bərpa edəcəyini söyləyərək seçkiyə daxil olmuş və qalib gəlmişdi.

Lakin onun bu qələbədən 3 gün sonra bu şəkildə istefa verəcəyi hər halda bir qrup insan üçün sürpriz olmamalı idi.

Söhbət yenə də İsveçrə polisindən və FTB xəfiyyələrindən, qlobal hüquq-mühafizə orqanlarından gedir.

İngilislər deyirlər ki, Blatter qorxudan istefa verib

Elə Blatterin istefası saatlarında belə bir xəbər də yayılıb ki, indi FTB-nin cinayət təhqiqatına Sepp Blatterin də adı daxil edilib.

İngiltərə Futbol Assosiasiyasının rəhbəri elə belə də deyib. Blatter yaxınlaşmaqda olan cinayət işindən xoflanaraq kürsüsündən əl çəkib.

Odur ki, çərşənbə axşamı elan edilmiş istefa bu uzun hekayətin sonu olmaya da bilər.

Əslində Blatter istefasını da özünəməxsus şəkildə elan edib. O deyib ki, öz postunda azı altı ay qalacaq ki, 2015-ci ilin dekabrı ilə 2016-cı ilin martı arasında xələfinin seçilməsi üçün normal seçkini hazırlaya bilsin.

Mayın 29-da Blatter qələbəsindən eyforiyada idi
Mayın 29-da Blatter qələbəsindən eyforiyada idi

Necə olursa olsun, Blatter-in istefası son vaxtlar dünyanın ən populyar oyunu ətrafında yaranmış hətta siyasi təbəddülatlara nəinki son qoymayacaq, əksinə onları daha dramatik şəkildə gündəmə qaytaracaq.

FİFA-ya qarşı korrupsiya ittihamları əsas etibarilə, həm də 2018 və 2022-ci illərin dünya çempionatları üçün ev sahiblərinin seçilməsi şəraitini əhatə edir.

Blatter-in istefasını ən çox İngiltərədə təntənə ilə qarşılayıblar və bu da səbəsiz deyil.

İngiltərə ictimaiyyəti bu qənaətdədir ki, FİFA 2018-ci ilin dünya çempionatı üçün Londonun qisməti olmalı mükafatı Rusiyaya verib və burada həmin o korrupsiya həlledici rol oynayıb.

Cameron və Clinton-un uğursuz "futbol elçiliyi"

2010-cu ildə İngiltərənin ev sahibliyi üçün müraciətini təqdim edən nümayəndə heyətinə David Beckham və şahzadə William-la yanaşı, həm də ölkənin baş naziri David Cameron daxil idi və bu müraciət uğursuzluğa düçar olanda Beckham-ın axıtdığı göz yaşları ingilislərin çətin ki, nə vaxtsa, yadından çıxsın.

Deyilənlərə görə, o vaxt futbiolçu David baş nazir David-ə demişdi ki, çox adamların yalan danışdıqlarının şahidi olub, amma krallara və baş nazirlərə açıq yalan danışılmasını ilk dəfədir ki, görüb.

Həmin seçkiyə hazırlıq dövründə səs vermək hüququna malik olan FİFA nümayəndələri şəxsi söhbətlərində Britaniya nümayəndə heyətinə Londonun 2018-ci ilin ev sahibliyi üçün ən yaxşı namizəd olduğunu bildirmiş və səsvermənin özündə isə “gözlənilmədən” Rusiyanı “bəxtəvər” etmişdilər.

Həmin axşam Sürixdə dünyanın birinci supergücünə də pərtlik yaşatmışdılar.

2022-ci ilin futbol çempionatının ev sahibliyi üçün ABŞ-ın “elçiliyini” keçmiş prezident Bill Clinton etmişdi. Bu elçi dəstəsinə Brad Pitt, Arnold Schwarzenegger, Morgan Freeman və Spike Lee kimi tanınmışlar qoşulmuşdular.

Lakin ev sahibliyinin ABŞ bir yana, nə Avstraliyaya, nə Yaponiyaya deyil, balaca Qətərə verilməsinin bu nümayəndə heyətini necə şoka saldığını təsəvvür etmək çətin deyildi.

Ömrünün iki ilini ABŞ-ın “ev sahibliyi” kampaniyasına həsr etmiş Bill Clinton, şahidlərin dediyinə görə səsvermədən sonra Sürixin “Savoy Baur en Ville” otelindəki otağına qayıtmış və hirsindən stolun üstündəki ağır metal şamdanı qarşısındakı güzgüyə çırpmışdı.

Putin: “Məqsəd Rusiyanı ev sahibliyindən məhrum etməkdir”

Rusiya idman təhlilçilərinin əksəriyyəti bu qənaətədirlər ki, Britaniya və ABŞ-ın ev sahibliyi elçiliyindəki uğursuluğu indi FİFA səsverənlərinə baha oturur.

Bəs necə, axı səsvermədən sonrakı aylarda Britaniya qəzetləri FİFA-dakı korrupsiya ilə bağlı ifşaedici yazılarla çıxış etməyə başlayıblar və indisə FİFA ilə birbaşa FTB məşğul olur.

Ən azından Rusiyada bunu belə başa düşürlər ki, Qərb Moskvadan qisas alır.

Blatter 2010-cu ildə Rusiyanın ev sahibliyini elan edir
Blatter 2010-cu ildə Rusiyanın ev sahibliyini elan edir

Rusiya prezidenti Vladimir Putin öz son çıxışlarından birində əsəbi şəkildə “ABŞ-ın nə vaxtdan futbol ölkəsi olduğundan, ABŞ-ın niyə dünya polisliyi etməsindən” danışır və deyidi ki, Vaşinqtonun bütün bu futbol qalmaqalından başlıca məqsədi Rusiyanı 2018-ci ilin dünya çempionatına ev sahibliyindən məhrum etməkdir.

Doğrusu Sepp Blatterin istefasından sonra bu, real perspektiv kimi görünür. Britaniya mətbuatı 2018 və 2022-ci ilin çempionatları üçün səsvermənin yenidən keçirilməli olduğunu yazır.

Bir sıra təhliçilərin fikrincə, hər şey FİFA-ya dair korrupsiya təhqiqatının nə qədər dərinə gedəcəyindən asılı olacaq.

Ev sahiblərinin reputasiyası

Qəzetlər həmçinin Blatter-i kimin əvəz edəcəyindən də yazırlar. Namizədlərin sırasında UEFA rəhbəri Michel Platininin də adı çəkilir. Lakin bu da vurğulanır ki, onun şansları o qədər də real deyil, çünki bəzi iddialarda onun da adı hallandırılıb. Ən azı ona görə ki, Platini həmin o iclasda Qətərin ev sahibliyinə səs verib.

Michel Platini
Michel Platini

İdman təhlilçiləri yazırlar ki, Rusiya və Qətər ev sahibliyindən məhrum edilərsə, bu son illərdə FİFA kimi dünya idman strukturlarında yaranmağa başlamış ənənənin üstündən həmişəlik xətt çəkə bilər.

Söhbət böyük idman tədbirləri üçün ev sahibliyinin reputasiyası mükəmməl olmayan ölkələrə verilməsindən gedir.

Yeri gəlmişkən,“The İndependent” qəzeti Blatter barədə məqaləsinə nədənsə Michel Platini-nin Azərbaycan oxucusu üçün də maraqlı olacaq fotosunu əlavə edib.

XS
SM
MD
LG