Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

İntiqam Əliyevin beli tutulub, Elvin Abdullayev döyülüb


İntiqam Əliyev
İntiqam Əliyev

Elvin Abdullayevin anası: “Kirli paltarlarını verdilər mənə. Cırıq-cırıq olmuşdu, ələ gələsi deyildi. Görünür, möhkəm döyüblər”

İntiqam Əliyevin ailəsi narahatdır. 7 il yarım azadlıqdan məhrum edilən hüquqşünasın səhhətində problemlər yaranıb. O yeriyə bilmir. Bu haqda AzadlıqRadiosuna onun qızı Nərmin Kamilsoy deyib: “Bir az əvvəl telefonla danışdıq. Səhhəti əvvəlki kimidir, problem belindəndir, beli tutulduğuna görə yeriyə bilmir. Hərəkət etməkdə əziyyət çəkir”.

Hüquqşünasın qızı atasının bel ağrılarının səbəbini bilmədiyini söyləyir: “Əslində, belində duzlaşma, protruziya var. Amma bilmirik bu ağrılar o yırtıqla bağlıdır, yoxsa radikulitdir? Bəlkə də hərəkətsizlikdən tutulub. Bilmirik. Radikulit olsaydı, ağrılar bu qədər uzun çəkməzdi, iynə vuranda duzələrdi”.

Nərmin Kamilsoy kəskin ağrılar ucbatından atasının ayağa qalxa bilmədiyini, bu üzdən də vəkillərlə belə görüşdən imtina etdiyini bildirir: “Yerimək bir yana, ayağa qalxmaqda əziyyət çəkir. Ona görə də atam məcbur olmasa, ayağa qalxmır. İstintaq yekunlaşıb, haqqında hökm çıxarılsa da, onunla üzbəüz görüşə icazə vermirlər, yenə də şüşə arxasından danışırıq. Şüşə arxasında görüşdəsə oturmağa icazə yoxdur, ayaqüstdə dururuq, odur ki, 10 gündür yanına getmirik”.

Nərmin Kamilsoy İntiqam Əliyevə kamera şəraitində tibbi yardim gostərildiyini, müalicə müəssisəsinə köçürülmədiyini söyləyir.

İNTİQAM ƏLİYEVƏ BQXK BAŞ ÇƏKƏCƏK

Vəkili Cavad Cavadov da İntiqam Əliyevin səhhətinə görə narahat olduğunu deyir. O, buna görə Penitensiar Xidmətə müraciət edib. Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsindən kömək istəyib: “Onlar İntiqam Əliyevin vəziyyəti haqda məlumatlıdırlar və sağ olsunlar, dedilər ki, qısa müddətdə həbsxanaya gedib durumuyla maraqlanacaqlar. Birbaşa əlaqəmiz yoxdur deyə çox narahatıq”.

İntiqam Əliyev aprelin 22-də 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. O, iqtisadi cinayətlər törətməkdə ittiham olunur. İntiqam Əliyev ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

LEYLA YUNUSUN VƏKİLİ: “BİZ İNDİ ANCAQ ONA ÇALIŞIRIQ Kİ...”

Başqa bir məhbusun, Sülh və Demokratiya İnstitutunun rəhbəri Lelya Yunusun da səhhəti ağırdır. Onun vəkili Elçin Qəmbərov bu haqda deyib. Onun sözlərinə görə, hüquq müdafiəçisinin gözü getdikcə zəifləyir. Bundan başqa, onun Hepatit C-dən əziyyət çəkdiyi, qaraciyərinin iflas ərəfəsində olduğu bildirilir.

Elçin Qəmbərov deyir ki, Leyla Yunusla mayın 19-da görüşməlidirlər və ancaq bu zaman yeni xəbər olacaq. “Biz indi ancaq ona çalışırıq ki, onun haqqındakı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə nail olaq” deyə vəkil bildirir.

Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar. Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Həyat yoldaşı Arif Yunus da dövlətə xəyanətdə təqsirli bilinir.

«Amnesty International» təşkilatı onları «vicdan məhbusları» kimi tanıyıb.

“OĞLUMUN KÖYNƏYİ CIRIQ-CIRIQDIR”

“Bazar günü- mayın 18-də Kürdəxanıya getmişdim. Elvinin kirli paltarlarını verdilər mənə. Cırıq-cırıq olmuşdu, ələ gələsi deyildi. Onları atdıq. Görünür möhkəm döyüblər”. Həbsdəki AXCP fəalı Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva belə deyir.

Elvin Abdullayev
Elvin Abdullayev

O, məsələ barədə rəsmi qurumlara şikayət etmədiyini deyir: “Kimə deyək, kim baxır? Kimi kimə şikayət edirik? Mənim uşağıma bir də əl vurulsa, gərək nöyütü əlimə alıb gedim Prezident Aparatının qabağına, ya da ABŞ səfirliyinə... Dubinkayla dizinə vurublar, bunun sabahı nə olacaq? Yenə kamerasını dəyişiblər. Onun kamerasına gey salıblar. 21 yaşında gəncin heysiyyatıyla oynayırlar. Bunlar neyləmək istəyirlər?.. Sabah bu, “zon”a gedəndə haqqında nə düşünəcəklər? İstəyirlər ki, damarını doğrasın oğlum...”

Mayın 19-da Elvin Abdullayevin məhkəməsidir. Ana deyir: “Sifarişlə tutulub. Ona veriləcək cəzanı da bilirik. Cibinə heroin qoyublar, 7 ildən 12 ilə kimi iş düşür. Heroin istifadəçisi niyə olur uşağım? Mənim uşağım namaz qılır. Səsini çıxaran içəridədir. Sabaha gedəcəyik teatra baxmağa, məhkəmə teatrına. Neyləyə bilərik, əldən bir şey gəlmir”.

Penitensiar Xidmətdən ananın dediklərinə münasibət öyrənə bilmədik.

Elvin Abdullayevin anası: “Kirli paltarlarını verdilər mənə. Cırıq-cırıq olmuşdu, ələ gələsi deyildi. Görünür, möhkəm döyüblər”

Elvin Abdullayev Azərbaycan Pedaqoji Universitetinin tələbəsidir. Tələbələr arasında hakimiyyəti tənqid etdikdən sonra prorektor ona bunun yolverilməz olması barədə xəbərdarlıq edib.

2015-ci il yanvarın 8-də həbs edilib. Elvin Abdullayev narkotik maddə saxlamaqda ittiham olunur.

İLQAR MƏMMƏDOV KARSERDƏN ÇIXARILIB

REAL sədri İlqar Məmmədov karserdən çıxarılıb. Mayın 18-də bu xəbəri “Facebook” səhifəsində vəkil Fuad Ağayev bölüşüb: “Bu gün İlqar Məmmədovla telefon vasitəsilə danışdıq. Məlum oldu ki, mayın 14-də adbaad yoxlamadan (16:30-da keçirilir) bir qədər əvvəl onun kamerasına cəzaçəkmə müəssisəsinin beş əməkdaşı gələrək axtarış aparacaqlarını bildiriblər. Həmin kamerada saxlanılan 28 məhbusun yanında keçirilmiş axtarış nəticəsində aydındır ki, İlqarın əşyaları arasında qanuna uyğun olmayan heç nə tapılmayıb.”

“Bundan bir qədər sonra İ.Məmmədov cəzaçəkmə müəssisəsinin rəis müavini Emil Həsənovun yanına çağırılıb, orada ona bildirilib ki, guya o, axtarış keçirənlərə mane olub və buna görə intizam qaydasında 7 günlüyə karserdə saxlanılacaq. İlqar bunun yalan olduğunu bildirib, yazılı qaydada qərara qəti etiraz edərək müdafiəçisi ilə görüşünün təmin olunmasını tələb edib. Lakin buna əhəmiyyət verən olmayıb”.

Vəkil deyir ki, ertəsi gün görüşə getsə də, onu cəzaçəkmə müəssisəsinə buraxmayıblar. “Elə həmin gün Ombudsman aparatının əməkdaşı İlqarla görüşüb, baş verənlər haqqında ətraflı məlumat alıb”.

Fuad Ağayev mayın 18-də İlqar Məmmədovun rəisinin yanına gətirildiyini, tibbi müayinədən sonra kameraya qaytarıldığını bildirir.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü il dekabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxıb və İlqar Məmmədovu təxirə salınmadan buraxmağı tələb edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG