Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Gecəqonduların sayına görə Təbriz öndə gedir


Təbrizin 1.6 milyon əhalisinin dörddən biri gecəqondularda yaşayır
Təbrizin 1.6 milyon əhalisinin dörddən biri gecəqondularda yaşayır

İran İslam Respublikasının rəsmi xəbər agentliyi «İRNA»nın noyabrın 6-da dərc etdiyi reportaja əsasən, əhali sayının nisbəti baxımından Təbriz şəhəri İranda ən yüksək gecəqondu sakininə malikdir. Bu isə bir başa yoxsul kənd əhalisinin şəhərə mühacirətinin artması ilə bağlıdır.


İranda kənd yerlərindən şəhərlərə mühacirət prosesi 1960-cı illərdə Şahın torpaq islahatı ilə başlamış və 1979-cu ilin İslam inqilabından sonra ölkənin sənayeləşdirilməsi ilə get-gedə artmışdı. Təbrizin meri Əlirza Növin bildirib ki, İslam inqilabından əvvəl mərkəzi Təbriz olan Şərqi Azərbaycan vilayətinin 35 faiz əhalisi şəhərdə, 65 faizi isə kənlərdə yaşayırdı. İndi isə bu rəqəm əksinə çevrilib: vilayətin şəhər əhalisi 65 faizə yüksəlməklə kənd sakinlərinin sayı 35 faizə düşüb.


«İRNA» xəbər agentliyinin istinad etdiyi yerli tədqiqatçı Məhəmmədsadıq Purmehdi Təbriz şəhərinin 1.6 milyon əhalisinin dörddən biri, yəni 400 mininin qeyri-qanuni şəkildə tikilmiş gecəqondularda yaşadığını bildirib. Həmin məlumata əsasən, sanitariya baxımından bərbad vəziyyətdə olan 3000 hektarlıq sahədən ibarət bu yoxsul yaşayış məntəqələri Təbrizin şimal, şimal-qərb və cənub bölgələri-Mənbə, Selab, Yusufabad, Xəlilabad, Dadaşabad, Sallaqxana, Abbasi, Maralan, Hafiz, Lalə və Axmaqaya məhəllələrinin kənarları və Eynalı dağının ətəyini əhatə edir.


Şərqi Azərbaycan vilayətinin «Sənədsiz Məskənlərə Nəzarət» idarəsinin hesabatına görə Təbrizin ətraf təpəlikləri üzərində möhkəm bünövrə və inşaat materiyalı olmadan tikilən bu yaşayış binaları ən xırda zəlzələyə belə dözə bilməyəcək. Bu hesabata əsasən 4 baldan güclü hər bir zəlzələ Təbrizin şimalındakı Eynalı dağı ətəyinin gecəqondularında yaşayan 200 min insanın həyatını ciddi şəkildə təhdid edir.


Təbrizin meri Əlirza Növin bu qədər əhalini yeni yaşayış imkanları ilə təmin edilməsi üçün şəhər bələdiyyəsinin büdcə və vəsaiti olmadığını bildirib. O, eyni zamanda şəhər ətrafında sənədsiz məskənlərin sürətli artmasının bütün şəhər planları, su, elektrik və sanitariya sistemini pozduğunu söyləyib.


Hazırda Dünya Bankı Təbrizin yoxsul əhalisinin mənzil məsələsini həll etmək üçün 10 il müddətində ödənilməsi şərti ilə 330 milyon dollar kredit təklif edib. Təbrizin meri cənab Növin bu və ya başqa mənbələrdən sərmayə təmin edildiyi təqdirdə bu iş üçün nəzərdə alınan 130 hektar sahədə yeni yaşayış binaları inşa ediləcəyini bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG