Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

Nemtsov-un Putin-i tənqid edən hesabatı axır ki çap olunur


Ilya Yashin
Ilya Yashin

-

Fevralın 25-də axşam Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov dostu, jurnalist İlya Yashin-in evinə gəlmiş və ondan Ukraynada döyüşən rus əsgərləri ilə bağlı hesabatını bitirməkdə kömək istəmişdi.

2 gün sonra Nemtsov Moskvanın mərkəzində qətlə yetirilmişdi. O, prezident Putinin ən sərt tənqidçilərindən idi.

İndi həmin araşdırma başa çatdırılıb və nəşrə hazırdır. Yashin deyir ki, Nemtsovun apardığı araşdırma tam şəkildə qalmayıb.

Çünki qətldən sonra Rusiya xüsusi xidmət orqanları onun evində axtarış aparmış, kompüterinin yaddaşını, əlyazmalarını da özüləri ilə aparmışdılar.

"Onun qətlindən sonra bir müddət şokda oldum, özümə gələndən sonra özümə söz verdim ki, onun başladığı işi başa çatdıracam" - deyir Yashin.

"Putin, Müharibə" adlanan hesabatın siqnal nüsxəsi artıq çapdan çıxıb. Bütün tiraj isə mayın 12-də işıq üzü görməlidir.

Yashin deyir ki, kitabı çap etmək böyük bir problemə çevrilib. Bir çox mətbəələrə təzyiq edilib ki, bundan imtina etsinlər:

"Kitabı Moskvada çap etmək üçün sözün əsl mənasında xüsusi əməliyyat keçirməli olduq".

Nemtsov araşdırmanı apararkən Ukraynada öldüyü deyilən rus desantçılarının bir neçə ailə üzvü ilə söhbət etmişdi.

Bundan başqa öldürüldüyü gün Nemtsov araşdırma ilə bağlı bəzi sənədləri katibəsi Olga Shorinaya vermişdi.

Boris Nemtsov
Boris Nemtsov

Yashin deyir ki, Nemtsovun ünsiyyətdə olduğu əsgər ailələri ilə o da əlaqə yaradıb.

Amma onlardan heç biri adını açıqlamaq istəməyib.

Yashin düşünür ki, Nemtsovun qətli həmin adamları da qorxudub.

Kitabı mayın 12-də bir qrup jurnalist və ictimai fəal ictimaiyyətə təqdim edəcək. Onlar arasında müxalifətdəki Yabloko Partiyasının Pskov şəhər təşkilatının üzvü Lev Shlosberg də var.

Shlosberg Ukraynada öldüyü deyilən rus əsgərlərinin Pskovda gizli şəkildə dəfnini üzə çıxarandan sonra naməlum şəxslər tərəfindən döyülmüşdü.

Rusiya Ukraynada əsgərinin olmadığını, Ukrayna ordusuna qarşı döyüşənlərin yerli silahlılar olduğunu iddia edir.

Ukrayna və Qərb ölkələri dəfələrlə Rusiyanı separatçılara silah verməklə yanaşı, həm də Ukraynanın şərqinə canlı qüvvə göndərməkdə suçlayıblar.

Kitabı çap etmək bir işdir, onu oxuculara çatdırmaq ayrı bir iş. 2010-cu ildə Nemtsov Putinin hakimiyyəti dövründəki korrupsiya ilə bağlı hesabatını 100 min tirajla nəşr etdirmiş, amma bütün tiraj polis tərəfindən müsadirə edilmişdi.

XS
SM
MD
LG