Noyabrın 7-də Avropa Birliyi ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq. Prezident İlham Əliyev bu məqsədlə noyabrın 6-da Brüsselə yola düşüb. «Trend» İnformasiya Agentliyinin Azərbaycanın Belçika və Avropa Birliyində səfiri Arif Məmmədova istinadən yaydığı məlumatda bildirilir ki, iki günlük səfər çərçivəsində dövlət başçısı Avropa Birliyi, NATO və Belçika rəhbərləri ilə danışıqlar aparcaq.
Cənab Əliyevin Avropa Birliyi Nazirlər Şurasının Baş katibi, Xarici Siyasət və Müdafiə Məsələləri üzrə Ali komissarı Havyer Solana, Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo, qurumun Energetika Məsələləri üzrə komissarı Andirs Piebalqs və Avropa parlamentlərinin deputatları ilə görüşü nəzərdə tutulur. Həmin gün Avropa Birliyi ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq. Gün ərzində prezidentin Belçika parlamentinin sədri Anne Mari Lihzinlə görüşü və Belçika Krallığı Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı da gözlənilir.
Noyabrın 8-də isə İlham Əliyevin NATO-nun mənzil- qərərgahına baş çəkməsi və bu qurumun baş katibi Yap de Hoop Sxefferlə görüşü, NATO-nun Avroatlantik Əməkdaşlıq Şurasında çıxışı, mətbuat konfransı keçirəcəyi planlaşdırılır.
Məlumatda həmçinin Azərbaycan prezidentinin Belçikanın Baş naziri Qi Ferhofştadt, bu ölkənin Xarici İşlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Karl De Quxtla görüşəcəyi də bildirilir.