Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

Vurğun Əyyub: «Bu, sadəcə qisas almaq cəhdidir»


Vurğun Əyyub
Vurğun Əyyub

-

1992-ci ildə bərpa edilən Müsavat Partiyasının qurucularından biri, uzun müddət partiyanın ikinci şəxsi olan Vurğun Əyyub Binəqədi rayon təşkilatının özəyinin qərarı ilə partiyadan çıxarılıb. Səbəb kimi üzvlük haqqı verməməsi, qərarlara tabe olmaması və özəyin iclaslarına qatılmaması göstərilib.

Vurğun Əyyub AzadlıqRadiosuna müsahibəsində bu qərara belə münasibət bildirib:

- Doğrusu, qərar mənim üçün çox da təəccüblü deyil. Buna çoxdan hazırlaşırdılar. Mən mayın 2-də tələbələrimlə şəhər kənarına gəzintiyə getmişdim. Mesaj aldım ki, mayın 3-də iclasda iştirak etməliyəm. Cavab vermədim, çünki iclasda iştirak etmək niyyətindəydim. Qayıtdıqdan sonra bəlli oldu ki, soyuqlamışam, qızdırmam var. Ona görə də mesaj yazdım ki, «xəstə olduğum üçün iclasda iştirak edə bilmirəm, bağışlayın». Amma bunlar mesajımı nəzərə almadan məni partiyadan xaric etmək haqda qərar veriblər. Mən bilirəm ki, bu qərar sifarişdir və nizamnamədən kənar bir addımdır.

- Nizamnaməyə uyğun olmayan nədir? Onu izah edərdiniz, zəhmət olmasa.

-Mən iclasda olmadan, məni dinləmədən partiyadan azad ediblər. Bu, ciddi nizamnamə pozuntusudur. Məni guya qərarlara tabe olmamaqda günahlandırırlar. Hansı qərara tabe olmamışam? Bu da bəlli deyil. Üçüncüsü, üzvlük haqqı vermədiyimi bəhanə gətirirlər. Halbuki mənim Müsavat Partiyasının inkişafı və təşkilatlanması üçün xərclədiyim pullar qədər bunlar heç ömrü boyu üzvlük haqqı verməyiblər.

- Bundan sonra partiya üzvlüyünə bərpa olunmağı düşünürsünüzmü? Hansısa addım atacaqsınızmı?

- Mən Müsavat Partiyasının indiki orqanlarını legitim hesab etmirəm. Legitim hesab etmədiyim bir quruma da müraciət etmək niyyətində deyiləm. Əslində, bu qərar onların sifarişiylə verilib.

- Partiyanın başqanı Arif Hacılı ilə bu məsələni müzakirə etmək niyyətiniz yoxdur?

- Heç bir halda.

- Vurğun bəy, illərdir üzvü olduğunuz partiyadan bu şəkildə uzaqlaşdırılmağınız incidirmi sizi?

- Deyə bilmərəm ki, təsir etməyib. Amma bununla bərabər mən Müsavat Partiyasında elə sifətlər gördüm ki, onlarla bir yerdə olmağı özümə aşağılıq bilirəm.

- Son zamanlar Müsavat Partiyasında yarpaq tökümü başlayıb. Hikmət Hacızadə, Adil Qeybulla istefa verdilər. Qubad İbadoğlu və siz partiyadan uzaqlaşdırıldınız... İllərdir üzvü olduğunuz partiyada baş verənləri necə izah edərdiniz? Onun aqibətini necə təsəvvür edirsiniz?

- Vaxtilə belə fikir işlədilmişdi ki, idarə olunmayan bir partiyadansa idarəolunan kiçik bir partiya daha vacibdir. Görürəm ki, indi o siyasəti yerinə yetirirlər. Müsavat Partiyasını hər şeyə «bəli, bəli» deyən, baş əyən adamların toplaşdığı quruma çevirmək yönündə iş aparılır. Müsavat Partiyası sifətinə, adına layiq fəaliyyət göstərmir. Ona görə də, təbii ki, bu partiyanın Azərbaycanı gələcəkdə uğurlara apara bilməsi artıq xeyli dərəcədə şübhə altındadır.

- Bir müddət öncə partiyadan çıxarılan Qubad İbadoğlu sizinlə bağlı qərarı qisasçılıq kimi dəyərləndirib. Siz də bu fikrə qatılırsınızmı?

- Mən özüm də bunu qisasçılıq kimi qiymətləndirirəm. Bu, sadəcə, Vurğun Əyyubdan qisas almaq cəhdidir. Əslində, mən Müsavat Partiyasında heç bir şəxsin haqqında pis söz deməmişəm, heç kəsi təhqir etməmişəm. Halbuki elə Arif Hacılının qardaşları və elə yanındakılar ünvanıma hər cür hədyan danışırlar. Sadəcə mən demişəm ki, Müsavat Partiyasının qurultaydan sonra formalaşan orqanlarını legitim saymıram. Onlar çox yaşı bilirlər bu damğanı alınlarından heç vaxt silə bilməyəcəklər. Və bunun qisasını məndən almağa çalışırlar.

- Yeri gəlmişkən, Mustafa Hacıbəyli – partiya başqanının qardaşı mətbuata deyib ki, Vurğun Əyyubun 8 ildir partiya ilə heç bir əlaqəsi yoxdur.

- Bu, elə bir yalandır ki, heç cavab verməyə ehtiyac yoxdur. Əvvəla Vurğun Əyyub mühacirətə getməmişdi. Vurğun Əyyub işləməyə getmişdi. Arif Hacılı kimi 1993-cü ildə Surətin hədəsindən qaçıb gizlənməmişdi. Sadəcə, Vurğun Əyyub Türkiyədə işləməyə gedib, iki il yarım ölkədə olmayıb. Gedərkən də Müsavat Partiyasının o zamankı başqanı İsa Qəmbərə şəxsən müraciət etmişəm ki, mən burda olmadığım müddətdə Divan üzvü kimi qalmağa utanıram. Çünki mən Divan iclaslarında, verilən qərarların qəbulunda müntəzəm olaraq iştirak edə bilməyəcəyəm. Ona görə də istefa vermək istəmişəm. İsa Qəmbər məndən xahiş edib ki, istefa verməyim. «Nə zaman gələ bilərsənsə, onda da Divanın iclaslarında iştirak edərsən. Ciddi məsələlərdə də internetlə əlaqə saxlayıb fikrinizi alarıq» deyib… Mustafa Hacıbəylinin nəfəsi yalanla gedib gəlir. Bu adam qarşıdakını ləkələməkdən ötrü hər şeyə əl atır. Hər şey danışır ki, ona baş qoşsunlar, onu ciddi adam saysınlar. Mənimsə ona baş qoşmaq niyyətim yoxdur.

- Vurğun bəy, belə bir məlumat verildi ki, sizi buna qədər bir dəfə də özək üzvləri partiyadan uzaqlaşdırıblar, sadəcə rəhbərlik bunu rəsmiləşdirməyib. Belə bir şey olubmu?

- Mən birinci dəfədir bu haqda eşidirəm. 2011-ci ildə məni niyə partiyadan çıxarmalıydılar, mənə aydın deyil. Həmin zaman mən Türkiyədə işləyirdim.

- Sizin partiyadan çıxarılmağınız sosial şəbəkələrdə də geniş şərh olunur və qərara xeyli sayda etiraz edənlər var. Bu sizin üçün gözlənilən idi?

- Müsavat Partiyasinda ləyaqətli, məsələlərə nizamnamə, əxlaqi dəyərlər çərçivəsində qiymət verən xeyli insan var. Onlar mənim mübarizə yoldaşlarımdır, illərdir yol gəlirik, onlara dəstəyə görə təşəkkür edirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, mən «Müsavat Partiyasının indiki rəhbərliyi qeyri-legitimdir, nizamnamə tələbləri onlar üçün boş şeydir» deyəndə, bəlkə də buna şübhə edənlər varıydı. Ancaq onlar bu gün gördülər ki, partiyada durum necədir.

- Bundan sonra siyasi fəaliyyətinizi necə davam etdirəcəksiniz? Neyləyəcəksiniz?

- Mən Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müaviniyəm və fəaliyyətimi də bu hərəkat çərçivəsində davam etdirəcəyəm. Məni Müsavat Partiyasından çıxarmaqla müsavatçılıqdan çıxara bilməzlər. Mənim üçün müsavatçılıq ideyaları bu gün də əhəmiyyətini və gücünü saxlayır. Mən bu ideologiyaya inanıram və ona bağlı bir adamam.

XS
SM
MD
LG