Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:05

Avropa Oyunları yaxınlaşır, beynəlxalq çağırışlar artır


Avropa Oyunları haqda karikatura (Meydan TV)
Avropa Oyunları haqda karikatura (Meydan TV)

-

«Asiya İnkişaf Bankı (AİB) və səhmdar ölkələri bankın Bakıda gözlənən iclasından öncə Azərbaycan hökumətini çağırmalıdır ki, fəallara və müstəqil qruplara təzyiqlərə son qoysun», - bu bəyanatla aprelin 30-da «Human Rights Watch» hüquq-müdafiə təşkilatı çıxış edib.

Manilada mənzillənən Asiya İnkişaf Bankının Rəhbərlər Şurası mayın 2-5-də Bakıda 48-ci illik toplantı keçirəcək.

«Bank şəffaflığı, insanların iştirakını və hesabatlılığı davamlı inkişafın vacib elementləri kimi tanıyıb. Ancaq Bakı görüşü ilə eyni vaxtda Azərbaycan hökuməti onu tənqid edən müstəqil qruplara qarşı görünməmiş təzyiq kampaniyası aparır», - bəyanatda bildirilir.

«Prinsiplərinə sadiq qalmaq naminə bank rəhbərliyi hökuməti qeyri-hökumət təşkilatları və medianın işinə bütün məhdudiyyətləri götürməyə çağırmalı, həmin qrupların azad fəaliyyətinin davamlı inkişaf üçün vacib olduğunu vurğulamalıdır», - «Human Rights Watch»un beynəlxalq maliyyə institutları üzrə baş tədqiqatçısı Jessica Evans deyir.

Bəyanatda ötən il onlarla fəalın, jurnalistin saxta ittihamlarla saxlanmasından, apreldə isə ictimai fəal Rəsul Cəfərov və hüquqşünas İntiqam Əliyevin məhkum edilməsindən bəhs olunur. Hakimiyyətin, həmçinin, QHT-lərin işini əngəlləyən qanunlar qəbul etdiyi xatırlanır.

HRW hələ fevralda bankın prezidenti Takehiko Nakao-ya məktub yazaraq Bakı görüşündən öncə atılmalı olan əsas addımlar barədə tövsiyələrini verib. Məktubda deyilirdi ki, bank hökumətlə bu sahədə işləyə bilmirsə, müstəqil qrupların illik iclaslarda azad iştirakı təmin olunmursa, onda Bakıda illik iclas keçirilməsin.

«Bank illik iclasları üçün ev sahibləri seçimi qaydalarını yaratmalıdır, iclaslar bankın prinsiplərinə əməl edən ölkələrdə keçirilməlidir», - HRW bildirir.
Azərbaycan 1999-cu ildən bankın üzvüdür və 1.5 milyard ABŞ dolları dəyərində investisiya alıb. Bakı iclasında 3 min hökumət rəsmisi, biznes liderləri, investorlar, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edəcək.

«AİB-də ən böyük səhmdarlar olan Yaponiya və ABŞ nəinki bankın prinsiplərinə istinad etməlidir, həmçinin siyasi motivli ittihamlarla saxlanmış fəalların və jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırmalıdır», - Evans deyib. «Azərbaycan hökumətindən qeyri-səmimi iddiasının haqq-hesabı sorulmalıdır – bir tərəfdən davamlı iqtisadi inkişaf istədiyini deyir, eyni zamanda hökumətdən hesabatlılıq istəyə biləcək insanları susdurur».

Toplantı aprelin 29-da açılmış Bakı Konqres Mərkəzində keçiriləcək.

AVROPA OYUNLARINDAN ÖNCƏ BİLMƏLİ OLDUĞUNUZ 7 MƏSƏLƏ

Jurnalistlər Azərbaycanda sosial və siyasi məsələləri nəzərə alaraq Avropa Oyunlarını ən yaxşı necə işıqlandıra bilərlər? Bu məsələ aprelin 28-də Londonda keçirilən paneldə müzakirə olunub.

«Azərbaycanda insan haqlarına idman şansı verin» adlı tədbiri «Index on Censorship», HRW və «Article 19» təşkilatları keçirib. Paneldə keçmiş siyasi məhbus, hazırda Meydan TV-nin direktoru Emin Milli, «Hüquqlar naminə İdman» (Sport for Rights) kampaniyasının koordinatoru Rebecca Vincent, HRW-nin Azərbaycan üzrə tədqiqatçısı, bu yaxınlarda Bakı aeroportundan geri qaytarılan Giorgi Gogia iştirak ediblər. Əsas 7 məsələ ətrafında diskussiya aparılıb:

1) Ötən il ərzində Azərbaycanda insan haqları icması yerlə-yeksan edilib.

2) Azərbaycanda insan haqlarının durumunu nəzərə alanda, Avropa Olimpiya Komitələri məsuliyyətdən azad hesab oluna bilməz ....

3) …elə Avropa ölkələri də.

4) Azərbaycan hökuməti beynəlxalq PR kampaniyasına sərmayə qoyur və məqsədinə çatır.

5) Oyunlar sıravi azərbaycanlılar arasında elə də populyar deyil.

6) İdman jurnalistləri oyunlar zamanı təkcə idmandan yazmamalıdır.

7) Azərbaycanda indiki mühitə baxmayaraq, insan hüquqları üzrə fəaliyyət vacib və diqqətəlayiq məsələdir.

Hakimiyyət bir qayda olaraq beynəlxalq qurumların insan haqlarına yönəlik tənqidlərini qəbul etmir, ölkəyə qarşı məqsədyönlü «qara piar» kampaniyasının aparıldığı bildirilir. Bu günlərdə hökumətyönlü agentliklər «anti-Azərbaycan kampaniyası»nın ABŞ Dövlət katibi John Kerry-nin Konqresdəki ofisindən idarə olunmasından və «Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsi»ndən bəhs edən yazı dərc ediblər.

Yazıda ABŞ-da sözügedən kampaniyanın təşkilinin «National Endowment for Democracy» (NEd) təşkilatına həvalə olunduğu iddia edilirdi. Ancaq bir gün sonra ABŞ səfirliyi yazıdakı iddiaları «tamamilə əsassız və dəyərsiz» adlandırıb. «ABŞ tərəfindən Azərbaycanın suverenliyi və müstəqilliyinə göstərilən uzunmüddətli dəstək yalnız sözlərin deyil, həm də əməllərin üzərində qərarlaşıb», - səfirlik bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG