Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:50

Abdulla Abdullayevin məhkəməsində vəkillərlə prokuror üz-üzə


AMAY ticarət mərkəzi
AMAY ticarət mərkəzi

-


“İllərlə bu dövlətə sədaqətlə xidmət etmişəm. Heç kimə xəyanət etməmişəm. Amma başıma xalta salıb meymun kimi qapı-qapı gəzdirirlər. Heyvan kimi salıblar dörd divarın arasına”.

Bunu “A.M.A.Y” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında deyib.

Əvvəlcə məhkəmə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış 13 nəfəri dindirib. Onların heç biri Abdulla Abdullayevi tanımayıb və ondan şikayətçi olmadıqlarını bildiriblər.

Məsələn, dindirilənlərdən biri olan Rəşad Quliyev ifadəsində deyib ki, təqsirləndirilən şəxsləri tanımır, “Xudafərin” MMC-dən aldıqları mənzillə bağlı heç vaxt Korrupsiyaya qarşı Mübarizə İdarəsində olmayıb, ibtidai istintaqda ifadə verməyib:

“Mənim bu adama qarşı hər hansı şikayətim yoxdur. Məhkəməyə çağırıblar, gəlmişəm. İdarədə heç vaxt olmamışam. Şikayət etməmişəm, heç belə fikrim də olmayıb”.

Dindirilən digər vətəndaş, Marina İsmayılova:

“Biz o evi alanda qızım orta məktəbdə oxuyurdu. Artıq iki ali məktəb bitirib, ailə qurub, uşaqları da var. Ancaq bina hələ də təhvil verilməyib, kommunal sistemi hazır olmadığına görə biz hələ də o evə yığışa bilməmişik. Bu, öz yerində… Ancaq mən heç vaxt heç bir idarəyə gedib bu adam barədə şikayət ərizəsi verməmişəm. Heç bir tələbim də yoxdur”.

Vəkil Osman Kazımov məhkəməyə zərərçəkmiş qismində dəvət olunmuş şəxsləriun dindirilməsini qanun pozuntusu kimi qiymətləndirdi:

“Bu adamlar heç vaxt şikayətçi olmayıblar. İstintaq dindirmələrinə cəlb olunmayıblar. Hansı əsasla məhkəməyə çağırılıblar? İstintaqa ifadə verməyən adamı burada necə dindirək? Nə sual verək onlara? Adamlar özləri deyirlər ki, zərərçəkmiş deyilik, şikayətimiz də yoxdur”.

Vəkil həmin şəxslərin adlarının zərərçəkmiş siyahısından çıxarılmasını istədi.

Hakim:
- Biz də demirik ki, bunlar zərərçəkmişdir. İstintaq onları zərərçəkmiş şəxslər siyahısına salıb. Məhkəmədə onları dindirməliyik. Burada da deyirlər ki, “istintaqda ifadə verməmişik”. Hamısı da protokola yazılır. Məhkəmə sonda buna qiymət verəcək.

Vəkil:
- Sonda prokuror çıxıb iki cümlə deyəcək ki, ittihamlar sübuta yetirilib. Azərbaycan məhkəmələrini bilirk də... Ona görə də bu məsələyə bu başdan, elə indicə qiymət verilsin.

Abdulla Abdullayevin digər vəkili Yavər Hüseyn:

“Biz müdafiə tərəfi olaraq, istintaqın qanunsuz hərəkətinə etiraz edirik və xahiş edirik, bu, protokolda qeyd edilsin”.

Dövlət ittihamçısı Fərid Nağıyev:
- Mən bu məsələlərə sonda münasibət bildirəcəm. Nə deyəcəyimi isə nə Osman Kazımov, nə də başqa vəkil bilə bilməz. Ona görə də, hamını ilk növbədə özünə hörmət etməyə çağırıram. Burada şou göstərməyə ehtiyac yoxdur. Əvvəl də bu söhbətlər olub, mən münasibət bildirdim, siz susdunuz. İndi yenidən başlamısınız şouya..

Abdulla Abdullayev:
- Nə qədər deyirəm ki, danışmayacağam, dözə bilmirəm. 1918-ci ildə baş verən soyqırımla bağlı 36 cild cinayət işi olub, mənimlə bağlı 80 cild iş düzəldiblər, amma içərisində heç nə yoxdur. Mən illərlə bu dövlətə sədaqətlə xidmət etmişəm. Heç kimə xəyanət etməmişəm. Amma başıma xalta salıb meymun kimi qapı-qapı gəzdirirlər. Heyvan kimi salıblar dörd divarın arasına. Hamı deyir ki, bina tam hazır edilib təhvil verilməyib. 8 ildir ki, binanın tikilməməsinin səbəbi elə prokurorluqdur. 3 dəfə gəlib tikintini dayandırıblar.

Abdulla Abdullayev əvvəlki məhkəmə iclaslarında olduğu kimi, ittihamları qəbul etmədiyini bildirdi və həbsini sifarişli adlandırdı.

Məhkəmə iclası aprelin 27-də davam edəcək.

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İş adamı həm ibtidai istintaq, həm də məhkəmədə ittihamları rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG