Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

Rusiya İrana S-300 raketləri satacaq. ABŞ və İsraildən sərt reaksiya


S-300
S-300

-

Rusiya prezidenti Vladimir Putin fərman imzalayaraq Irana yüksək dəqiqliyə malik S-300 raket sistemlərinin satılmasına qoyulmuş qadağanı ləğv edib.

Kremlin bu addımı ABŞ və İsrailin narazılığına səbəb olub.

Rusiya qadağanı 2010-cu ildə tətbiq etmişdi və S-300 sistemləri ilə bağlı İranla imzalanmış saziş beləcə heç olmuşdu.

O zaman Rusiya bu addımı Qərbin təzyiqlərindən sonra atmışdı. Tehranın mübahisəli nüvə proqramı ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini Rusiya da dəstəkləmişdi.

Putinin son fərmanı isə İran və 6 dünya dövlətinin, o cümlədən Rusiyanın Tehranın nüvə proqramı ilə bağlı çərçivə sazişinə nail olmasından 2 həftə sonraya təsadüf edib.

İyunda yekun saziş imzalansa, İranın nüvə proqramına nəzarət müqabilində Qərbin bu ölkəyə sanksiyaları qaldırılacaq.

2010-cu ilin BMT qətnaməsi İrana silah satışına sərt qadağalar qoyub.

İndi isə Kreml İrana S-300 kimi yetərincə müasir silah satmağa qərar verib.

Hossein Dehgan
Hossein Dehgan

İranın müdafiə naziri Hossein Dehgan Rusiyanın bu qərarını alqışlayıb və bunun regionda davamlı sülhə töhvə verəcəyini deyib.

ABŞ-ın dövlət katibi John Kerry İrana raket sistemi satışına görə Moskvaya narazılığını bildirib. O, buna görə Rusiyanın xarici işlər naziri Sergei Lavrova zəng edib.

Ağ evin sözçüsü Josh Earnest bildirib ki, Rusiyanın bu planı yekun nüvə razılaşmasının tərkib hissəsi olaraq İrana qarşı sanksiyaların tam qaldırılmasını çətinləşdirə bilər.

Amma eyni zamanda Dövlət departamentinin sözçüsü Marie Harf-ın bildirdiyinə görə, ABŞ rəsmiləri düşünmürlər ki, Kremlin qərarı hazırda İranla nüvə danışıqları aparan dövlətlər arasında birliyi poza bilər.

Moskvanın qərarı İsraili də qəzəbləndirib. İsrailin kəşfiyyat naziri Yuval Steinitz deyib ki, bu, İranın nüvə danışıqları vasitəsilə “legitimlik qazanmasının” nəticəsidir. Və belə görünür ki, sanksiyalar götürüləndən sonra İran iqtisadi yüksəlişindən silah idxalı üçün istifadə etməyə başlayacaq.

Lavrov (solda) və Kerry
Lavrov (solda) və Kerry

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə jurnalistlərə deyib ki, S-300 sistemləri “sırf müdafiə silahıdır”. Onun sözlərinə görə, İrana S-300 satışı heç bir dövlətə, o cümlədən İsrailə təhlükə yaratmır.

Bəs Rusiya bu qərarı ilə nəyə nail olmaq istəyir? Müşahidəçilər hesab edirlər ki, Kreml İranla yekun razılaşma əldə ediləndən sonra bu ölkə ilə bağlı siyasi oyunlarda ciddi fiqur olaraq qalmaq istəyir.

Reuters öz mənbələrinə istinadla xəbər verir ki, hazırda Rusiya və İran arasında dəyəri 20 milyard dollar olan razılaşma müzakirə edilir. İmzalanarsa, Rusiya İrandan gündə 500 min barrel neft alıb əvəzində avadanlıq və müxtəlif mal və məhsullar verəcək.

Özü neft ixracatçısı olan Rusiyaya neft almaq niyə vacibdir? İranla nüvə razılaşması əldə edilərsə, bu, İranın Avropa üçün enerji təchizatçısına çevrilməsi ilə nəticələnə bilər. Rusiyadan enerji asılılığına son qoymaq istəyən Avropa buna çox ümid edir...

S-300 sistemi sovet dövründə yaradılıb. Yer-hava tipli raketdir. Sonrakı modifikasiyalarında ballistik raketləri vurmaq üçün dəqiq silaha çevrilib.

XS
SM
MD
LG