Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:05

GRECO Azərbaycanda sistematik korrupsiyadan danışır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yeni qanunların qəbulu və korrupsiya ilə mübarizə vədlərinə baxmayaraq, Azərbaycan, əslində, bu geniş yayılmış problemin həlli üçün az iş görür. Korrupsiyaya qarşı olan dövlətlər qrupu - GRECO-nun hesabatında belə deyilir. Hesabat barədə independent.com-da Neil Camilleri yazır.

Azərbaycan GRECO-ya 2004-cü ildə qoşulub. Bu hesabat qurumun dördüncü dəyərləndirməsidir. Bu dəfə özəlliklə parlament, ədliyyə sistemi və prokurorluğa diqqət ayrılıb.

Sənəddə vurğulanır ki, son on ildə korrupsiyanı həddi yüksək olaraq qalıb.

GƏLİR BƏYANNAMƏSİ QANUNU İŞLƏMİR

«2011-ci ildən bəri aşağı səviyyəli dövlət sektorunda korrupsiyaya qarşı ciddi işlər görülüb. Ancaq siyasi elita və dövlət xidmətinin yuxarı eşelonlarında korrupsiya ilə qətiyyətli mübarizə aparılmasına dəlil azdır. Konstitusiyada hakimiyyət qollarının müstəqilliyi və bir-birindən ayrı olması prinsipləri göstərilib, ancaq prezident və icra orqanları qanunvericilik, ədliyyə sistemi, eləcə də Prokurorluq üzərində güclü nüfuza malikdir. Bu da şəffaflığın olmadığı, siyasi himayədarlıq və korrupsiyaya meylli mühit yaradır».

GRECO bildirir ki, hər üç sahə üçün xarakterik cəhət əlavə fəaliyyət üzərində nəzarətin olmaması, gəlirlərin açıqlanmaması və deputatların maraq toqquşmasıdır. Gəlir bəyannaməsi barədə qanun 2005-ci ildə qəbul olunub, hələ də qüvvəyə minməyib.

Hesabatda vurğulanır ki, 2012-ci ildən prezidentin ömürlük toxunulmazlığı var. Parlament və ədliyyənin hökumətə sadiqliyi fonunda korrupsiya və siyasi himayədarlıq əleyhinə qoruyuculuq yetərli deyil.

PARLAMENTDƏ MÜXALİFƏTİN YOXLUĞU

GRECO-nun dəyərləndirmə missiyası (GET) öyrənib ki, hökumətin yüksəkrütbəli rəsmiləri, deputatlar və onların ailə üzvlərinin şəxsi biznesləri var, həmin şəxslər iqtisadiyyata nüfuz edir, sənaye sahələrini inhisara alıb.

Korrupsiya ilə mübarizə aparıldığı rəsmən elan olunub, ancaq bu sahədə birmənalı irəliləyiş əldə olunmayıb, rəsmi anti-korrupsiya siyasətinin icrası da hamar getməyib. Bəzi yüksəkrütbəli rəsmilər rüşvət iddialarından sonra işdən çıxarılsa da, çox azı cinayət təqibinə məruz qalıb:

«Daha bir səbəb parlamentdə hakim Yeni Azərbaycan Partiyasına qarşı səmərəli müxalifətin olmamasıdır. Bu amil korrupsiya ilə mübarizədə parlament nəzarətini məhdudlaşdırıb. Mediaya dövlət nəzarəti, məhdudiyyətlər və özünüsenzura isə ictimai müzakirələri azaldıb».

Hesabatda ədliyyə sisteminin daha çox yerlibazlıq, qohumbazlıq və korrupsiyaya uğradığı qeyd olunur.

42 FAİZ MƏHKƏMƏLƏRƏ TƏSİRDƏN DANIŞIRDI

2013-cü il Qlobal Korrupsiya Barometrində respondentlərin 42 faizi deyirdi ki, ədliyyə sistemində məhkəmələr siyasi və kommersiya müdaxiləsinə məruz qalır.

GRECO Avropa Şurasının anti-korrupsiya qurumudur.

Hakimiyyət təmsilçiləri ölkədə rüşvətxorluq, korrupsiya ilə mübarizənin getdiyini, bu yöndə uğurlar qazanıldığını vurğulayırlar. Bir nümunə kimi ASAN Xidmətin yaradılması göstərilir.

Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü Əli Hüseynli bir müddət əvvəl AzadlıqRadiosuna müsahibəsində deyirdi ki, məmurlar da korrupsiya maddələri ilə məsuliyyətə cəlb olunurlar. O, keçmiş iqtisadi inkişaf, səhiyyə nazirlərinin adlarını çəkirdi: «Ancaq korrupsiya hüquq pozmasıyla bağlı tətbiq olunan cəzalar müxtəlifdir. Kimsə tənbeh oluna, işdən kənarlaşdırıla bilər. Yəni, çox müxtəlif tənbeh növləri həyata keçirilib. Ancaq məqsəd hansısa məmurun cəzalandırılması deyil. Biz elə edirik ki, korrupsiyanı yaradan şərait aradan qalxsın. Korrupsiya cinayəti törətmək mümkün olmasın. Məqsəd insanlarla mübarizə aparmaq deyil».

XS
SM
MD
LG