Putinə yazırlar - ailəmi xilas edin
"Hörmətli Vladimir Vladimiroviç! Kömək edin, ailəm dağılır. Mən, həyat yoldaşım və 4 yaşlı qızım Sizi çox sevirik. Qızım artıq 1 yaşında bilirdi ki, bizim prezident Sizsiniz. Biz həmişə canlı xəttdə Sizin çıxışlarınıza baxırıq. Əgər Siz Eleonra V.-yə müraciət edib, ondan Dmitriyə (mənəm) qayıtmağı xahiş etsəniz, o Sizə mütləq qulaq asar. Rusiya ailərlərindəki birlik və dinclik, cəmiyyətin sağlamlığının zəminidir. Sizin dəstəyinizə ümid edirəm, bizim, ölkənin naminə gördüyünüz işlər üçün çox sağ olun. Biz Sizinləyik!" - bu, Putinə yazılan milyonlarla məktublardan biridir. Rusiya prezidenti birbaşa sual-cavabları ildə 1 dəfə keçirir. Canlı yayımlarda bu suallardan ancaq çox cüzi qisminə cavab verirlər. Bununla belə əhali yazmaqda davam edir. Bu veriliş bütün ölkənin şikayət kitabına bənzəyir.
AzadliqRadiosu sual-cavab yayımından LiveBloq aparacaq. Günün sonunda isə TV reportaj hazırlanacaq. Azadliqda qal
AzadlıqRadiosu Xədicə İsmayıla PEN mükafatı verilməsini alqışlayır
AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic PEN Amerika Mərkəzinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı verməsini alqışlayıb. Bu mükafat hər il «söz azadlığından istifadəyə görə həbs olunan yazara» verilir.
«Bu mükafat Xədicənin işinin dəyərinin güclü etirafıdır və onun həbsinin yanlışlığını göstərir», - deyən cənab Pejic mükafatı jurnalistin «azadlığa buraxılması cəhdlərinə mühüm əlavə» adlandırıb.
Xədicə İsmayıl Azərbaycanda dövlət səviyyəsində korrupsiya faktlarını üzə çıxarıb. O, ötən il dekabrın 5-də keçmiş həmkarını intihar həddinə çatdırma ittihamıyla həbs olunub. Sonradan ona daha 4 ittiham da irəli sürülüb və 12 ilədək həbs cəzası ala bilər.
PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı hər il işinə görə həbsə atılan və təqib olunan şəxslərə verilir. 1987-ci ildən bəri mükafata layiq görülən zaman həbsdə olan 39 yazardan 35-i azadlığa çıxıb. Xədicənin adından mükafatı mayın 5-də Nyu-Yorkda keçiriləcək mərasimdə azərbaycanlı jurnalist və dostu Emin Milli qəbul edəcək.
Nadia Savchenkonun məhkəməsi keçirilir
Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenkonun məhkəməsi keçirilir.
Savchenko məhkəməyə Ukraynanın milli geyimində gəlib. Zala girərkən "Yaşasın Ukrayna" deyə qışqırıb. Savchenko ötən ildən Rusiyada həbsdədir. O Lugansk ətrafında 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda ittiham olunur. O ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiya tərəfinə verildiyini deyir.
Ötən ilin dekabrından təcridxanada aclıq aksiyası keçirən Savchenko martın 6-da aksiyanı dayandırmışdı. Savchenko Ukrayna parlamentinin deputatı və Avropa Şurası Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin üzvüdür.
ÇİLİDƏ TƏLƏBƏ ETİRAZLARI BAŞLAYIB, HƏBS EDİLƏNLƏR VAR
Çilidə təhsil alan tələbələr paytaxt Santiago-da etiraz nümayişlərinə başlayıblar.
Təhsildə islahatlar tələb edən tələbələrlə polislər arasında toqquşmalar olub.
Çili Tələbə Konfederasiyası tərəfindən təşkil olunan etirazlarda həbs edilənlər var. Təşkilat aksiyalarda 150 min tələbənin iştirak etdiyini, polis isə aksiyalarda 20 min adamın olduğunu deyir.