-
Suriyadakı islamçı silahlılar ölkənin şimal-qərbində oğurladıqları azı 200 kürdü azad ediblər.
Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, dinc sakinlər olduğu söylənən kürdlər aprelin 6-da islamçı qruplar tərəfindən azadlığa buraxılıb. Həmin qrupların Al-Qaeda-nın Suriyadakı bölməsi – Al-Nusra ilə bağlılığı var.
Kişilər aprelin 5-də axşam, Afrin şəhərindən Hələb və Dəməşqə gedərkən girov götürülmüşdülər.
Kürd Demokratik Birlik Partiyasının sözçüsü Newaf Khalil deyib ki, 5 avtobusda gedənlər İdlibin Dana kəndi yaxınlığındakı nəzarət məntəqəsində saxlanıblar. Həmin ərazi qismən Al-Nusra Cəbhəsinin nəzarətindədir.
Silahlılar uşaqlarla qadınları buraxıb, kişiləri saxlamışdılar.