Oktyabrın 31-də 1 saylı İqtisad Məhkəməsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinə iddiasıyla bağlı məhkəməyə hazırlıq iclası başladı. İddiaçı hesab edir ki, «Azadlıq» qəzeti «Xaqani 33» ünvanında qanunsuz yerləşib, buna görə də binadan çıxmalıdır. «Azadlıq» qəzeti isə binada 1992-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yerləşdiyini bildirir, binada çıxarılmanı hökumətin redaksiyaya qarşı təzyiqi kimi qiymətləndirir.
Məhkəmədə iddiaçının nümayəndəsi Namiq İbrahimli bildirdi ki, sərəncam vermək səlahiyyəti təmsil etdiyi komitəyə aiddir, ona görə də iddia əsaslıdır. Hakim ondan niyə redaksiyanın qanunsuz yerləşməsinin 9 ildən sonra yada düşdüyünü soruşanda iddiaçı tərəf dedi ki, bu bizim hüququmuzdur.
«Azadlıq» qəzetinin nümayəndəsi Tofiq Quliyev isə bildirdi ki, «Xaqani 33» ünvanında təkcə «Azadlıq» qəzeti yox, "Turan" İnformasiya Agentliyi, Azərbaycan Xalq Cəbhəsi Partiyası, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Demokratiyanın İnkişafı Fondu və «Bizim Yol» qəzeti də yerləşir və onların da hüquqları pozulur. Məhkəmə həmin təşkilatların cavabdeh kimi tanınması üçün hazırlıq iclasını noyabrın 14-ə qədər təxirə saldı.