Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:53

Bakıda valyuta dəyişmək üçün qara bazar yaranır


Bakıda valyuta dəyişmə məntəqəsi
Bakıda valyuta dəyişmə məntəqəsi

.

Bakıda bir çox valyutadəyişmə məntəqələrinin qapısı bağlıdır. Onların bəzisinin üstünə “işləmir”, “bağlıdır” yazılıb. Bununla belə, bəziləri məntəqə üzərində əlaqə nömrələri qoyublar. Kiçik araşdırma nəticəsində bəlli olur ki, həmin əlaqə telefonları simsar, tanış müştərilər üçündür, onların valyutasını münasib qiymətə, əlaltdan dəyişirlər.

Bəzi məntəqələrin qapısı bağlı olmasa da, yaxınlaşanlara “pul dəyişmirik” deməklə yola salırlar. Valyutadəyişmə məntəqələrini işləməməyə vadar edən səbəb nədir?

LİSENZİYA LƏĞV OLUNUB?
AzadlıqRadiosu hələ martın 10-da bununla bağlı Mərkəzi Banka sorğu göndərib: “Son günlərin şəhərdəki bəzi valyuta dəyişmə məntəqələri bağlıdır və işləmir. Bunun Mərkəzi Bankın keçirdiyi reydə görə olduğunu deyənlər var. Bu reyd nə ilə bağlıdır?” Hələlik Mərkəzi Bankdan bu sorğuya cavab almamışıq.

Mərkəzi Bankın ofisi
Mərkəzi Bankın ofisi

Aprelin 1-də Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev AzadlıqRadiosuna deyib ki, valyutadəyişmə məntəqələrinin monitorinqi aparılıb:

“Ola bilsin işləməyən həmin məntəqələrin lisenziyası ləğv edilib. Ola bilsin. Gərək dəqiqləşdirib deyim”.

Bəs, bu qədər məntəqənin lisenziyasının eyni vaxtda, az qala kütləvi şəkildə ləğv edilməsinə səbəb nədir? Namiq Əliyev bu məsələni təxminən 10 dəqiqəyə dəqiqləşdirib cavab verəcəyini dedi. Ancaq... sonradan bir neçə dəfə zəng vursaq da, təəssüf ki, o, dəstəyi qaldırmadı.

Bakıda işləməyə valyita dəyişmə məntəqəsi, 1 aprel 2015
Bakıda işləməyə valyita dəyişmə məntəqəsi, 1 aprel 2015

QARA BAZARDA MANATIN MƏZƏNNƏSİNƏ NƏZARƏTİ İTİRMƏMƏK
Valyutadəyişmə məntəqələrindən birinin adının çəkilməsini istəməyən işçisi bizimlə söhbətdə deyir ki, işləməmələrinin səbəbi həqiqətən də lisenziyaların ləğvidir:

“Ancaq bir şey var, əvvəllər lisenziya məsələsinə ciddi nəzarət olunmurdu. Manatın devalvasiyasından sonra monitorinqlərə başlandı. Kiminin lisenziyası ləğv edilib, kiminkinin vaxtı bitib, yenilənmir, kimi də başqa səbəb tapırlar.

Əslində lisenziya bəhanədir. Burda bir məqsəd var – valyutadəyişmə məntəqələrini nəzarətdə saxlamaq. Qara bazarda manatın məzənnəsinə nəzarəti itirməmək. Biz başa düşdüyümüz budur. Ona görə də çox adam qapısını bağlayıb oturub evində, sadəcə, tanış-bilişin pulunu dəyişir. Görürsüzmü, qapıların üstündə əlaqə telefonları qoyulub”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

“MƏRKƏZİ BANK ONUN GÖSTƏRİŞİYLƏ OTURUB-DURMAYANLARI CƏZALANDIRIR”
Maliyyəçi Əkrəm Həsənov da Mərkəzi Bankın bu şəkildə onun göstərişiylə oturub-durmayanları cəzalandırdığını düşünür:

“Manatın devalvasiyasından dərhal sonra mətbuatda məlumat getdi ki, bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın məzənnə dəhlizindən kənara çıxıblar. Buna görə onların cəzalandırılacağı bildirilirdi. Ehtimal edirəm ki, baş verənlər bununla bağlıdır. Amma bura Azərbaycandır, ola bilsin, subyektiv səbəblər də var”.

“LİSENZİYA VERMƏK DÜNYA TƏCRÜBƏSİNƏ ZİDDİR”
Əkrəm Həsənov bir məqama da diqqət çəkir. O deyir ki, valyutadəyişmə məntəqəsinə, bank filialına lisenziya vermək qabaqcıl dünya təcrübəsinə ziddir:

“Avropada lisenziya banka verilir. O da bir dəfə. Həmin lisenziya çərçivəsində bank işləyə, filial, valyutadəyişmə məntəqəsi aça bilər. Bu haqda sadəcə Mərkəzi Banka məlumat verməlidir. Mərkəzi Bankınsa filialdan və ya valyutadəyişmə məntəqəsinin işindən narazılığı olduqda sanksiyanı banka yönəldir, yəni lisenziyanı ləğv etmir. Filial üçün, valyutadəyişmə məntəqəsi üçün lisenziya almaq bizim Mərkəzi Bankın ixtirasıdır. Bunlar bunu özlərindən çıxarıblar. Məqsəd banklara subyektiv təsirlər göstərməkdir. Lisenziya almaq üçün onları get-gələ salır, Mərkəzi Bankın qılıncının altından keçməyə məcbur edirlər”.

Əkrəm Həsənov Azərbaycanda Mərkəzi Bankın bir “ixtirasından” da danışır - valyutadəyişmə məntəqələrinin rəhbərlərinin attestasiyadan keçirməsindən:

“Bu nəinki Avropa, hətta Azərbaycan təcrübəsinə də ziddir. Azərbaycanda istənilən rəsmi quruma attestasiyanı TQDK keçirir, bircə Mərkəzi Bankdan başqa. Orda suallar da əvvəldən bəlli deyil, kefləri hansı sualı istəyir verirlər. Burda artıq sözə ehtiyac yoxdur”.

Nazim Məmmədov
Nazim Məmmədov

İRANDAKI KİMİ BİR NEÇƏ KURS OLOA BİLƏR”
İqtisadçı Nazim Məmmədov deyir:

“Manatın devalvasiyasından sonra kölgəyə gedənlərin, o cümlədən əl altından iş görən valyutadəyişmə məntəqələrinin sayı artacaq. Bu, təftiş olunmalı məqamdır. Xarici valyutaya ehtiyacı olanlar bunu bankda normal qiymətə dəyişə bilməyəcəklərsə, əl altından iş görənlərin yanına gedəcəklər. Bu da qara bazarın çiçəklənməsinə gətirəcək. Nəticədə İranda olduğu kimi bir neçə kurs müəyyənləşə bilər”.

Fevralın 21-də Azərbaycanda manat 33% devalvasiya olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG