“Qoşunların təmas xəttində Azərbaycan ordusunun təxribat törətməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar yalan və dezinformasiyadır”.
Bunu Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib.
Nazirliyin məlumatına görə, martın 19-da cəbhədə baş verən toqquşma zamanı Azərbaycan ordusuqarşı tərəfə ağır zərbə vurub, erməni tərəfindən 20-dək hərbi qulluqçu məhv edilib və yaralanıb.
Nazirlik bildirib ki, Ermənistan tərəfi ölkədə narazılığın artmasından ehtiyat etdiyinə görə, uğursuz hərbi əməliyyatlar və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışır.
Müdafiə Nazirliyi cəbhədəki toqquşma barədə əlavə məlumatlar veriləcəyini deyir.
Separatçı Dağlıq Qarabağ rejimi bundan əvvəl cəbhə xəttində Azərbaycan ordusuna məxsus xüsusi təyinatlı birləşmənin tamamilə məhv edilməsi barədə məlumat yayıb.
Separatçı rejimin Azadlıq Radiosunun erməni xidmətinə verdiyi məlumata görə, hücumun qarşısı alınarkən həmçinin 3 erməni əsgəri ölüb, 4-ü isə yaralanıb.
Erməni tərəfinin məlumatına görə, martın 19-u səhər saat 8:30 radələrində başlayan döyüş 2 saat çəkib.