Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:48

Keçmiş hakim 7 il azadlıqdan məhrum edildi


Azerbaijan -- Hasan Aliyev, Judge of Grave Crimes Court of Baku.
Azerbaijan -- Hasan Aliyev, Judge of Grave Crimes Court of Baku.

-

Aprelin 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Həsən Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi olmuş Həsən Əliyev zamində idi və axşam saatlarında Gəncədə keçirilən məhkəmədə elə zaldaca həbs olunub.

Onunla bərabər məhkəmə qarşısında dayanan Elman Məmmədova 8, Taleh Süleymanova 7 il həbs cəzası kəsib.

Sabiq hakimin məhkəməsinə hazırlıq iclası ötən il sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmişdi. Həmin vaxt məhkəmə iclasına sədrlik edən hakim Azər Orucov bildirmişdi ki, Həsən Əliyev eyni məhkəmənin hakimi olub. Məhkəmə heyəti Həsən Əliyevin keçmiş iş yoldaşları olduqlarına görə onu mühakimə edə bilməzlər. İş qısa müddətdən sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi və hakim Mübariz Məmmədovun icraatına verilmişdi.

Əvvəllər Binəqədi rayon Məhkəməsinin sədri vəzifəsində çalışan Həsən Əliyev sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilmişdi. O, bir il 6 ay öncə cinayət məsuliyyətinə cəlb olunduğundan prezidentin fərmanı ilə vəzifəsindən çıxarılıb. Dələduzluqda təqsirləndirilən Həsən Əliyevdən başqa daha iki nəfərə də cinayət işi açılıb.

Cinayət işinin başlanmasına səbəb Bakı sakini Ramazan Səlimovun 2011-ci il dekabrın 21-də və 2010-cu il dekabrın 5-də bir qrup şəxsin ona məxsus 600 min manatı ələ keçirməsi barədə şikayət ərizəsidir. Araşdırmalardan sonra hakim Həsən Əliyev və daha iki şəxs – Elman Məmmədov və Taleh Süleymanov məsuliyyətə cəlb olunublar. Onlar tərəflərin tanış olmasında və pulun alınmasında vasitəçilik ediblər.

Həsən Əliyevə qarşı irəli sürülən ittihama görə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışarkən, 2011-ci ilin sentyabrında tanışı Elman Məmmədovla sonuncunun tanışı Ramazan Səlimovun Mərdəkandakı bağ evinə gedib. Pul müqabilində Ramazan Səlimovun rayonlardan birinə icra başçısı təyin olunması barədə vəd verib. Həsən Əliyev bir neçə gün sonra Nəsimi rayonu ərazisindəki «Koala» parkında yenə Elman Məmmədovun vasitəsilə Ramazan Səlimovla görüşüb və ona sənəd və pullarını hazırlamasını tapşırıb. Tapşırığa əməl edən Ramazan Səlimov bunları Elman Məmmədovun vasitəsilə Həsən Əliyevə çatdırıb. Onlar, beləcə, 2011-ci il noyabrın 1-də Sahil Bağı yaxınlığındakı «İzmir» restoranında növbəti dəfə görüşüblər.

Görüşdə baş verənlər barədə Ramazan Səlimov istintaqa bunları deyib:

«Həmin gün Dənizkənarı Milli Parkda gəzirdim. Həsən Əliyev zəng vurdu. Biləndə ki Milli Parkdayam, məni Sahil Bağına tərəf çağırdı. «İzmir» restoranında oturub nahar etdik. Həsən Əliyev bildirdi ki, ona yolladığım sənədləri lazımi adamlara təqdim edib və sənədləri daxili işlər və milli təhlükəsizlik nazirlikləri tam yoxlayıb. İcra hakimiyyəti başçısı vəzifəsinə təyin olunma məsələsinə razılıq verilib. Dedi ki, icra başçısı vəzifəsinə təyin olunmaq üçün regiona, rayonun böyük-kiçikliyinə görə tələb olunan pulun məbləği 1 milyonla 5 milyon manat arasında dəyişir. Mənsə bildirdim ki, 1 milyona gücüm çatır, elə kiçik rayonlardan birinə başçı təyin etsinlər. Bildirdi ki, yaxın günlərdə məsələni həll edəcək. Mən yadına saldım ki, əvvəllər dələduzluğa görə məhkum olunmuşam, bu işimə mane olmayacaq ki? Dedi, hər şey danışılıb, narahat olma».

Zərərçəkmiş ifadəsində bunu da göstərib ki, bu görüşdən qısa müddət sonra Həsən Əliyev yenə ona zəng vurub. Bu dəfə hakimin işlədiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı kafedə görüşüblər:

"Həsən müəllim dedi ki, məsələnin 50 faizini həll eləmişəm. Bir milyon dolları hazır saxla. Kafedən çıxıb məhkəmə binasına girdik, 3-cü mərtəbəyə qalxdıq. Baxdım ki, kişi doğrudan da yoldankeçən deyil, kabineti, işçisi, qapısının üstündə adı, soyadı, vəzifəsi yazılmış lövhə var... Ağlıma da gəlmədi ki, məni aldadar".

Ramazan Səlimov ifadəsində göstərib ki, hakim ondan bu iş üçün 300 min manat əlyazma qəbzlə, 300 min manat da notariat qaydada alıb.

İttiham aktında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidentinin, Siyəzən, Tərtər, Qobustan, Şamaxı rayonları icra hakimiyyətləri başçılarının, Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin adları hallanır. O, vəzifəyə təyin olunmasında kömək göstərmələri üçün hakimin yanına düşərək həmin vəzifəlilərin yanına getdiyini bildirib:

"İcra başçısı söhbəti alınmayınca, mənə Qubanın torpaq və xəritəçəkmə şöbəsinə rəis vəzifəsi təklif olundu. Bu da alınmadı. Hakim Həsən Əliyevdən pulu geri istəməyə başlayanda, pulun əvəzinə mənzil və maşın təklif etdi. Razılaşmadım. Bir müddət arxasına düşdüm, işlədiyi məhkəmənin qarşısında qaldım. Anladım ki, hakim hər dəfə bir bəhanə ilə məni süründürüb pulumu qaytarmayacaq. Polisə şikayət etdim".

Həsən Əliyev ibtidai istintaq zamanı Elman Məmmədovu və Ramazan Səlimovu tanıdığını, sonuncunu vəzifəyə qoymaq üçün bir neçə rayonun icra hakimiyyəti başçısı ilə danışdığını, Ramazan Səlimovdan öz dəst-xətti ilə yazdığı qəbzlə əvvəl 300 min manat və notariat qaydada daha sonra yenə 300 min manat aldığını etiraf edib. Ancaq məhkəmədə bunu inkar edib.

Həsən Əliyevin vəkili Sadiq Rəsulov məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklərini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG