-
«Zəngin folklor tariximizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı geniş qeyd olunacaq».
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərdə belə deyilir.
Ənənəvi olaraq martın 19-da paytaxtda Novruzla bağlı ümumxalq şənliyi keçiriləcək.
Nazirliyin təşkilatçılığı ilə keçiriləcək bayram mərasiminə Azərbaycanın 30-a yaxın bölgəsi öz bayram sovqatı, mədəni irsi, bar-bərəkəti, mətbəxi ilə qatılacaq.
Martın 17-də Novruz tədbirinin növbəti məşqi keçirilib.
Bayram şənliyi «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən başlayaraq Dənizkənarı bulvar boyunca davam edəcək.
Qız qalasının yanından başlanacaq mərasimin proqramı maraqlı görüntülərlə yadda qalacaq.
Novruz personajları Kosa və Keçəlin iştirakı ilə səhnəciklər, müxtəlif mədəniyyət təşkilatları - teatrlar, musiqi kollektivləri, tanınmış incəsənət ustaları, folklor qrupları, aşıqların çıxışları bakılılara əsl bayram ovqatı bəxş edəcək.
Builki Novruz tədbirində bir sıra yeniliklər də olacaq.
Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarının təbliği münasibətilə bulvar boyunca müxtəlif səhnələr nümayiş etdiriləcək. Ölkənin idman federasiyalarını təmsil edən stendlər quraşdırılacaq və idmançılar bu stendlərdə öz bacarıqlarını göstərəcəklər.
Şərhlər (1)
Daha çox şərh göstər