Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:16

“Ötən ay yağan qar evimizi qəzalı vəziyyətə salıb”


Arxiv foto illüstrasiya üçün
Arxiv foto illüstrasiya üçün

-

“Qar evimizi uçquna məruz qoydu. Evin arxasındakı istinad divarı dağıldı. İndi evimizin içində səksəkə içərisində otururuq”.

Xətai rayonu, Zeytun küçəsi 35-də yaşayan Bayramovlar ailəsi “Qaynar xətt”ə zəng vuraraq həyatlarının təhlükədə olduğunu bildiriblər. Onların deməsinə görə, bu il fevralın əvvəlində yağan qar əridikdən sonra evlərinin arxasındakı qoruyucu bənd aşaraq evə zərər vurub.

Hasar evin üstünə aşıb

Mənzil sahibi İlqar Bayramov:

“Bir də baxdıq ki, səs gəlir. Gördük daşlar uçur, torpaq sürüşüb gedir. Gün çıxdı, qar əridi, fəsadlar hələ də qalıb. Kanalizasiya xətti tez-tez tutulduğundan küçənin yuxarı tərəfindən qrunt suları, əriyən qarın suyu bizə tərəf axırdı. Bu da torpağın çökməsinə səbəb oldu. Qoruyucu daşlar, hasar evimizin üzərinə aşdı. İndi evimiz qəzalı vəziyyətə düşüb. Hər an dağıla bilər. Səhərə qədər yatmırıq ki, uçar, qalarıq altında”.

İcra hakimiyyəti tədbir görəcək

Qopub düşmüş daşlar mənzilin mətbəxinin pəncərəsini tamamilə örtüb. Bayramovlar ailəsi və qonşuları iddia edirlər ki, bu ev hər an uça bilər.

“Evimizlə üzbəüz ikimərtəbəli evin də uçmaq təhlükəsi var. Çünki o evin dağılan istinad divarıyla arası yarım metrdir”.

Xətai Rayon İcra Hakimiyyətindən bildiriblər ki, qurumun işçiləri həmin ünvanda olaraq vəziyyəti qeydə alıblar. İcra hakimiyyəti yaxın günlərdə tədbir görəcəyini vəd edir.

XS
SM
MD
LG