Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Anaşkin küçəsində maye qaz tələbi


Foto: Arxiv
Foto: Arxiv

-

Sabunçu rayonunun Anaşkin küçəsində yaşayan sakinlər «Qaynar xətt»ə yerli qaz idarəsindən şikayət ediblər. Onlar şaxtalı günlərdə həm elektrik enerjisi, həm də maye qaz sarıdan əziyyət çəkdiklərini bildirirlər. Demələrinə görə, bu küçədəki mənzillərə qaz bir səhər sübhdən, bir də gecə hamı yatandan sonra verilir:

«Verdikləri qazın da təzyiqi o qədər az olur ki, kibriti çəkirsən sönür. Gün ərzində isə heç o da olmur. Məcburuq ki, qaz balonlarından istifadə edək».

Anaşkin sakini Bəhram Salahovun deməsinə görə, ötən il qaz balonundan istifadə bir azyaşlının, az qala, ölümünə səbəb olacaqmış:

«Uşaq məktəbdən gəlib, evdə heç kəs olmayıb. Qaz balonunu alışdırmaq istəyəndə, özü də alışıb. Qonşular vaxtında xəbər tutmasaydılar, xəstəxanaya götürməsəydilər, həyatını xilas etmək mümkün olmazdı. Deməyim odur ki, qaz balonunu qoyub işə gedirik, evdən nigaran qalırıq. Uşaq var, qoca var, istifadə edə bilmirlər. Məcburiyyət qarşısında əl atıb istifadə etmək istəyəndə də faciəyə səbəb olur».

«BU UŞAQLAR NƏ QƏDƏR KOLBASA YESİNLƏR?»

Başqa sakin Dilbər Həsənova:

«Kənddə-kəsəkdə də yaşamırıq ki, gedək meşədən, oradan-burdan odun qırıb gətirək, işlədək. Görün, nə vəziyyətdirsə, biz kənddə yaşayanlara qibtə edirik. Onlara qaz verilməsə də, heç olmasa, odunları var».

Sədəf İbrahimova:

«Həftənin bu başı da, o başı da uşaqlar xəstələnir. Dünyaya qaz satırıq, özümüzsə evdə kürkümüzə bürünüb otururuq. Bu qədər də olmaz... Xalqı aşağılayırlar. Nəyi var təhqir edirlər, süründürürlər. Bu uşaqlar nə qədər kolbasa yesinlər? İsti yemək görmürük. Hamı güc verir elektrik plitələrinə, buna görə də şit dözmür, tez-tez partlayış olur, onda da işıqsız qalırıq».

Sabunçu rayon Qaz İdarəsindən bildiriblər ki, Anaşkin küçəsinin qazla təminat məsələsi yoluna qoyulub. Hazırda isə həmin küçədəki qaz xətlərinin üzərindəki cihazlara baxış keçirilir.

Sakinlərin verdikləri son məlumata görə isə, «Anaşkin»də hələ də qaz balonundan istifadə olunur. Yəni, maye qaz bərpa olunmayıb.

XS
SM
MD
LG