Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

Yaşar Kamalın azərbaycanlı professorun mənasız sualına cavabı


Anar
Anar

-

Qonaqlara çoxlu suallar verirdilər, doğrusu bu sualların bir çoxuna görə xəcalət çəkiləsiydi...

İddialı bir professorumuz: nədən müasir türk şeiri belə pis günə qalıb? - deyə soruşanda daha Yaşar Kamal dözmədi...

ANAR

YAŞAR KAMAL XATİRƏSİ

TV kanalları acı bir xəbər yaydı: böyük türk yazıçısı Yaşar Kamal uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Bu böyük yazarla bir neçə dəfə şəxsən görüşmək mənə də nəsib olmuşdu.

Yaxın günlərdə işıq üzü görəcək "Kərəm kimi" kitabımın bir bölümü "Nazımın çağdaşları" adlanır. Bu bölümdən Yaşar Kamala aid olan hissəni sonluğuna kiçik əlavəylə oxuculara təqdim edərək Uca Tanrıdan Yaşar bəyə rəhmətlər diləyirəm.

Nazım Hikmətin ölümündən sonra SSRİ-yə gələn və Bakıda gördüyüm ilk türk yazarları Əziz Nesin, Yaşar Kamal və Məlik Cevdət Anday idi. Atam o vaxt Moskvadaydı, türk yazarlarla Moskvada görüşmüşdü. Bakıda Yazıçılar İttifaqının Natəvan klubunda onlarla görüşə anamla bir yerdə mən də getmişdim. Salon ağzınacan doluydu.

Qonaqlara çoxlu suallar verirdilər, doğrusu bu sualların bir çoxuna görə xəcalət çəkiləsiydi. Belə cahil sualların birindən sonra Əziz Nesin: Kendimi Ankarada bazi Universite hocalarının arasındayım kimi gördüm-dedi.

İddialı bir professorumuz: nədən müasir türk şeiri belə pis günə qalıb? - deyə soruşanda daha Yaşar Kamal dözmədi: - Nazım Hikməti, Orxan Vəlisi, Məlik Cevdəti olan çağdaş türk şeirinə nasıl da kötü söyləmək olur? - dedi.

Yaşar Kamal
Yaşar Kamal

Bitəndən sonra Əkbər Babayevin vasitəsiylə türk yazarları evimizə dəvət etdik. Əziz Nesinin nə isə ayrı görüşü vardı. Yaşar Kamal, Məlik Cevdət Əkbərlə atamgilə gəldilər. Mən dostlarımdan Emin Sabitoğlunu, Vaqif Səmədoğlunu, gənc şairlərdən İsa İsmayılzadəni, Ələkbər Salahzadəni də dəvət etmişdim.

İstəyirdim ki, Natəvan klubunda rastlaşdıqları mühafizəkar çıxışlardan başqa şeirimizdə yeni, çağdaş təmayüllərlə də tanış olsunlar. Çox gənc olan, həm də kənddə böyümüş İsayla Ələkbər bu məclisdə bir az sıxılırdılar, şeirlərini oxumaqdan çəkinirdilər, kitablarını götürmüşdüm, hərəsindən bir şeir oxudum. Şeirləri açıq rəğbətlə qarşıladılar. Bayaq Natəvan klubundakı çıxışları xatırlayaraq Məlik Cevdət "belə dönəmdən biz də keçdik - dedi - amma sonda biz yendik".

Vaqif Səmədoğlunun iki misralıq şeiri var:

Dayandırın yer kürrəsini,
düşmək istəyirəm,
Bir ağac əkin, kölgəsində öpüşmək
istəyirəm.

Sonra məlum oldu ki, birinci misrada ifadə olunmuş fikir hansısa bir qərb şairində də var. Bu obraz Vaqifin sırf müstəqil tapıntısı olsa da, bundan sonra o, həmin misraları heç bir yerdə çap etmədi. Bizdəki görüş zamanı bu misraları türk qonaqlara oxudum. Əvvəl tam qavramadılar, axı "düşmək" Türkiyə türkcəsində "yıxılmaq" deməkdir. Sonra izah edəndə, özləri demiş bayıldılar.

Nazim Hikmət və Vera Tulyakova
Nazim Hikmət və Vera Tulyakova

Məlik Cevdətin yerindəcə çevirisi yadımda qalıb:

Durdurun kürreyi-ərzi inmek istiyorum

- sonra gülüb dedi : bu benim azeri şiirindən ilk çevirim olsun.

Emin pianoda Azərbaycan xalq mahnılarını çalırdı. Qonaqları heç cür buraxmaq istəmirdik, onlar da bu şeir, musiqi məclisindən ayrılmaq istəmirdilər.

İkinci dəfə Yaşar Kamalla İstanbulda görüşdük. Simonovun rəhbərliyi ilə Türkiyəyə səfərimiz zamanı İstanbulda Sovet konsulluğuna dəvət olunanlar sırasında Yaşar Kamal da vardı. Məni görəndə qınadı: babanla annen İstanbula gelerkən ilk beni ararlar, sen neden aramadın?

Proqramımızın əsasən İstanbul dışında olduğunu bəhanə gətirdim.

Konsulluqda qəbul zamanı "Cümhuriyyət" qəzetinin iki lap cavan müxbiri mənə yanaşdı, nə üzərində işlədiyimlə maraqlandılar. - Dədə Qorqud ssenarisi yazıram - dedim. Gözləri bərəldi: - Nasıl? Bir Sovet yazarı Dede Korkud konusunda (mövzusunda) əsər yazarmı? İndi də mən təəccübləndim: - Nədir ki? --Dede Korkud faşistlərin ilgiləndiyi bir əsər-dedilər.

Bunu Yaşar Kamala danışanda: - Bok yeyirlər - dedi.

Rəsul Rza və Nigar Rəfibəyli
Rəsul Rza və Nigar Rəfibəyli

Yaşar Kamalın "babanla annen İstanbula gəldikdə ilk benimlə görüşərlər" sözlərinin təsdiqini Nigar Rəfibəylinin Türkiyə səfəri haqqında yazdığı "Sağlıqla qal, yaxın qonşu" yol qeydlərində gördüm:

"Səhər yazıçı dostumuz Yaşar Kamal yaşadığımız "Kavak" otelinə bizimlə görüşə gəldi. Həmişəki kimi səs-küylü idi. Bakı səfərini xatırlayır, Qubaya getdiklərini yada salır, deyir, gülür, şaqqıldayırdı. Nəşr etdiyi "Ant" jurnalında keçən il Nazımın ölümünün beşinci ildönümü münasibətiylə xeyli material çap eləmişdi. Jurnalı mənə təqdim edib: -Al, şeirini oxu - dedi. Nazımın ölümünə yazdığım "Bəşər oğlu" şeirini jurnalın səhifələrində görüb çox sevindim. Şeiri olduğu kimi azərbaycanca nəşr etmişdilər. Səhifənin sonuna bir çox Azərbaycan sözünün lüğəti mənasını vermişdilər. Jurnalın səhifələrini vərəqləyib gözucu öz şeirimi də oxumağa başladım. Rəsul Yaşar Kamal ilə şirin söhbətə girişmişdi. Rəsul Ankarada "Ho" teatrında onun "Tənəkə" əsərinə baxdığımızı söylədi, Yaşar: fəna, fəna-deyirdi - məndən dramaturq çıxmadı. Sonra söhbət "İncə Məməd" romanına keçdi, Rəsul xəbər aldı:

- "İncə Məmədin" gerisini yazdınmı?

- Yazdım, əvət, ikinci, üçüncü kitab da basıldı.

Başımı qaldırıb xəbər aldım:

- Onlar da birinci kitab kimi gözəldirmi?

- Birincidən də gözəldilər - dedi.

-Müəllifin öz əsərindən razı olması yaxşı iş deyil ha! - deyə Rəsul zarafat etdi.

Hər üçümüz bərkdən güldük".

Nazımın son qadını Vera Tulyakovanın xatirələri də yadıma düşür. Nazım ona "İstanbula gedəndə Yaşar Kamalla tanış olarsan - deyirmiş - çox mərd adamdır, Parisdə mənimlə görüşməkdən qorxmadı".

"Ən böyük şairimiz" adlı məqaləsində Yaşar Kamal yazır:

Anar gənc yaşlarında
Anar gənc yaşlarında

"Çağımızın böyük şairlərindən Nazım Hikmət, bütün çağların da ən böyük ustalarından biridir. Modern türk ədəbiyyatının da atası, qaynağıdır. Nazım Hikmət dilimizi zənginləşdirmiş, dilimizə yeni dadlar gətirmişdir. 17 il xalqımızın içində yaşaması onu xalqla bütünləşdirmişdi, böyük xalq qaynağıyla aşılamışdır. Bu aşılanma onu bir Yunis İmrə, bir Pir Sultan Abdal, bir Qaracaoğlan, bir Dadaloğlu yapmışdır.

Nazım Hikmət böyük xalq ozanlarının son halqası olmuşdur... Bizim şeirimizdə olduğu qələr hekayəmizdə, romanımızda da Nazım Hikmətin böyük təsiri vardır. Əgər bizim ədəbiyyatımızda Nazım Hikmət çapında bir yol göstəricisi gəlməsə idi, ədəbiyyatımız bu səviyyəyə çıxmazdı.

Bir ölkənin ən böyük şairini, bir ölkənin dilinin yaradıcılarından ən böyüyünü kim vətəndaşlıqdan məhrum edə bilər? Gələcək nəsillər bir tək Nazım Hikmət hadisəsinə görə bizi bağışlamayacaqdır... Bir ölkənin ən böyük şairini sən 17 il həbslərdə çürüt, ondan sonra da onu öldürməyə qalx, onu qaçmaq məcburiyyətində burax, ardından get onu vətəndaşlıqdan at, o da getsin qürbət ellərdə vətən həsrəti, dilinin həsrəti içində ölsün. Bir insana, özü də ən böyük şairinə bizim ölkəmizin siyasətçilərinin etdiyini bütün çağların ən azğın, ən dəliqanlı diktatorları belə etməmişdir..."

Yaşar Kamalın "İncə Məməd" də, başqa romanları da çağdaş Türkiyə ədəbiyyatının ən dəyərli örnəklərindəndir şübhəsiz, həm də dünyaca tanınan əsərlərdir.

"İncə Məməd"də bir saf dağ havası duyulur, dağ övladlarının azad, sərbəst, müstəqil davranışları çox incə boyalarla əks olunub. Yaşar Kamalın özü də müstəqil düşüncəli, hərəkətlərində sərbəst adamdır. Onun nə qədər kürd mənşəli olduğunu bilmirəm, bilərəkdən, qəsdən özünü bəzən kürd adlandırması məncə ancaq bir növ etiraz idi. Çağdaş türk nasirləri arasında Yaşar Kamal qədər türk dilinin bütün incəliklərinə bələd olan, türk folklorunu onun qədər sevən, hətta toplayıb nəşr edən ikinci bir yazar tanımıram.

Yaşar Kamal
Yaşar Kamal

Doğrudur bəziləri Yaşar Kamalın kürd təəsübkeşliyini Nobel mükafatı almaq iddiasıyla bağlayırdılar, amma Yaşar Kamal bu bəyanatlarsız da həmin mükafata çoxdan layiq olan sənətçidir. Elə Nazım Hikmətin özü kimi. Təəssüf ki, bu mötəbər mükafat bəzən bədii dəyərlərə görə deyil, siyasi konyukturaya əsaslanaraq verilir. Yaşar Kamal yalnız Türkiyədə baş verən hər hansı ədalətsizliyə qarşı çıxmır, dünyanın hansı yerində olur olsun hər haqsızlığa biganə qala bilmir.

O vaxt Türkiyə Yazarlar Sindikatının Başqanıydı. Sindikatı ziyarət etdiyim zaman Yaşar Kamal, o vaxtkı müavini Bəkir Yıldız və başqa bir neçə yazıçı bir məsələni ciddi şəkildə müzakirə edirdilər. Diktatura rejimi hökm sürən hansısa ölkədə (yadımda qalmayıb ya Latın Amerikası, ya ərəb ölkəsiydi) öz əsərlərinin çapına izn verməmək barədə danışırdılar. Yazarlardan biri o dövlətin siyasətinə protest olaraq öz əsərini nəşrinə qadağa qoymaq istəyirdi, Yaşar Kamalın da əsərinin çəkilməsini ( məhz "çəkilmək" istilahını işlədirdilər) təklif edəndə o razılaşmadı. Əksinə, qoy bizim əsərlər bu ölkələrə də yol tapsın ki, oranın da xalqını oyatsın, əsərlərimizi geri çəkməklə nə qazanırıq? Guya o diktatorlar bundan üzüləcəklər?

Yaşar Kamal Bakıya Nəsimi yubileyinə də gəlmişdi və yubiley gecəsində öz çıxışından başqa bütün məruzələrin, nitqlərin rus dilində olmasından çox rəncidə olmuşdu.

Sonuncu dəfə Yaşar Kamalı 1993-cü ildə, İstanbulda Memar Sinan Universitetində işlədiyim zaman gördüm - Türkiyə Yazarlar Sindikatının mart ayının 20 və 21-də keçirilən VIII qururultayında... Qurultaya məni o zaman Sindikatın Yaşar Kamaldan sonra Başqanı seçilmiş Oqtay Akbal dəvət etmişdi. Yaşar Kamalla, Əziz Nesinlə səmimi görüşdük.

Qurultayı Oqtay Akbal açdı, qurultaylar arasında Sindikatın fəaliyyəti haqda hesabatda Sindikatın Azərbaycanla bağlı keçirdiyi üç tədbir xüsusi qeyd olundu: 1992-ci il martın 5-də Azərbaycan Yazıçılar Birliyinin Türkiyədə təmsilçisi Tofiq Məliklinin təşəbbüsüylə Qarabağ faciəsinə həsr olunmuş toplantı, 1992-ci il mayın 4-də Anarın, Nəbi Xəzrinin və Tofiq Məliklinin iştirakıyla keçirilmiş, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin genişləndirilməsinə aid toplantı və "Qaraca" teatrında Azərbaycanla bağlı tədbir... Məruzədən sonra qonaqlardan üç nəfər çıxış etdi: Türkiyənin Kultur bakanı Fikri Sağlar, Cümhururiyyət Xalq partiyasının başqanı Dəniz Baykal və mən.

Çıxışımda qurultay iştirakçılarını Azərbaycan Yazıçılar Birliyi adından təbrik etdim. Qarabağ dərdimizdən danışıb, işğal edilmiş torpaqlarımızın tezliklə azad olacağına ümid bəslədiyimizi dedim:

"Bu ümid bu gün ağır, soyuq qışdan sonra qan və göz yaşları çilənmiş Azərbaycan çöllərində qarların altından baş qaldıran fidanlar kimidir, novruzgülü, nərgiz, bənövşə kimidir. O bənövşə ki ona XVI əsrin böyük azəri aşığı Qurbani ölümsüz misralar həsr edib.

Qurbanı der: könlüm bundan sayrudur
nə etmişəm, yarım məndən ayrıdır
ayrılıqmı çəkib boynu əyridir
heç yerdə görmədim düz mənekşeni.

Mən bu bəndi yalnız iki hərfi dəyişərək oxudum: Siz "mənekşə" deyirsiniz, biz "bənövşə". Eyni kökdən, eyni qaynaqdan olan dillərimiz arasında XVI əsrdə də, ondan əvvəl və sonra da çox az fərq olub".

Çıxışımdan sonra Yaşar Kamal məni bağrına basaraq təbrik etdi və Qurbaninin misralarını bir daha təkrar etməyimi xahiş etdi.

Canlı Yaşar Kamalla bir daha görüşmək mənə müyəssər olmadı, amma hər dəfə İstanbulun Atatürk hava alanından şəhərin mərkəzinə tərəf gələrkən Yaşar Kamalın Boğaz sahilində ucaldılmış abidəsinin önündən keçir və bir daha onu xatırlayıram. Bu heykəl Yaşar bəyin sağlığında ucaldılmışdı və sahilin başqa səmtində, Bəbəkdə bir yamacda əyləşmiş daş Orxan Vəli kimi, indi heykəlləşmiş Yaşar Kamal da İstanbulu dinləyir. Əbədi ünvandan... Səssiz-səmirsiz...

Türkiyə türkləri yazı İlk bahar adlandırırlar.İlk bahar dünyaya qədəm qoyduğu çağda, qış yuxusundan oyanmış torpaqda zərif bənövşələr - mənekşeler baş qaldırdığı günlərdə qardaş dillərimizin böyük söz ustasını itirdik. Ölməz əsərləri, parlaq surəti, işıqlı xatirəsi daima qəlblərimizdə yaşayacaqdır.

525.az

XS
SM
MD
LG