Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:59

Tikinti materiallarının qiyməti niyə artır?


"Azərbaycanda sement biznesi monopoliyaya alınıb"
"Azərbaycanda sement biznesi monopoliyaya alınıb"
Son həftələr tikinti materiallarının qiymətində artım əvvəlki aylarla müqayisədə daha çox müşahidə edilir. Bu təlabatın artması ilə bağlıdır, yoxsa başqa səbəblər var?


Tikinti materiallarının qiymətinin artmasının səbəblərinə keçməzdən əvvəl, bunun insanların büdcəsinə təsirindən danışaq. Bakının Dərnəgül qəsəbəsindəki tikinti materialları bazarında söhbət etdiyim bir nəfər deyir ki, 4 ildir özünə ev tikdirir. Ancaq tez-tez qiymətlər artdığından hələ də evin tikintisini başa çatdırmayıb. Son həftələr baş verən kəskin qiymət artımından sonra isə, o, sadəcə, gözləməyi üstün tutur: «Əgər mən bir ay əvvəl sementin bir kisəsini 28 min manata alırdımsa, indi bir kisə sement 40-42 min manat olub. Əgər mən tikintini davam etdirsəm, uşaqlarım ac qalacaq».



Sementin qiymətinin kəskin şəkildə artmasını Qaradağ Sement Zavodu da etiraf edir. Zavodun açıqlamasına görə, onlar ölkənin sementə olan ehtiyacının yalnız yarısını ödəyirlər. Bir sıra şirkətlər də Rusiya və Gürcüstandan sement idxal etməklə bazarın təlabatını ödəməyə çalışırlar. Qaradağ Sement Zavodunun bildirməsinə görə, sentyabr və oktyabr aylarında ölkəyə sement idxalı azaldığından qiymətlər belə kəskin şəkildə artmağa başlayıb.


«Əgər mən bir ay əvvəl sementin bir kisəsini 28 min manata alırdımsa, indi bir kisə sement 40-42 min manat olub. Mən tikintini davam etdirsəm, uşaqlarım ac qalacaq»
Dərnəgül bazarında söhbət etdiyim bir iş adamı isə deyir ki, Azərbaycanda sement biznesi monopoliyaya alınıb. Ona görə də ölkəyə sement idxal etmək heç də asan məsələ deyil: «Mən özüm uzun müddət Ərdəbildən Azərbaycana sement gətirmişəm. Gör, indi mənə imkan verərlər...Ölkədə Qaradağ Sement Zavodundan başqa zavodun tikintisinə də icazə verilmir».


Qiymət artımı təkcə sementlə bağlı yox, başqa tikinti materiallarında da özünü göstərir. Bir neçə həftə əvvəl bir kub taxtanın qiyməti təqribən 180 ABŞ dolları idisə, indi onu 280 dollardan aşağı almaq mümkün deyil. Taxta Azərbaycana əsasən Rusiyadan idxal olunur. Dərnəgül bazarında deyilənlərə görə, Rusiyada ciddi qiymət artımı müşahidə edilməsə də, gömrük xərclərinin artması Azərbaycanda taxtanın da qiymətinin belə kəskin artmasına səbəb olub: «Gömrükdə qiymət qalxıb, taxtanı gətirən də məcburdur ki, özünə 5-10 manat pul qalması üçün qiymətləri qaldırsın».

Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev isə süni qiymət artımının qarşısını almaq üçün sərt tədbirlərə ehtiyac görür. Onun sözlərinə görə, nə qədər ki, monopoliyalarla mübarizədə sərt tədbirlərə al atılmayıb, sünü qiymət artımının qarşısını almaq mümkün olmayacaq.


Əslində, Azərbaycanda monopoliyaların mövcudluğu və ona qarşı mübarizənin vacibliyi ilə bağlı fikirlər tez-tez hökumət, dövlət rəsmilərinin dilindən eşidilir. Prezident İlham Əliyev ötən həftəsonu Nazirlər Kabinetində doqquz ayın yekunlarına həsr olunmuş müşavirədə də bu barədə danışdı.


Hətta ötən il İqtisadi İnkişaf Nazirliyi bir neçə dəfə Azərbaycana idxal olunan malların monitorinqini apararaq, bununla bağlı ictimaiyyətə açıqlamalar da vermişdi. Həmin monitorinqlərin nəticələrinə görə, məhz gömrükdə qanunsuz vergitutmalar üzündən qiymətlərin bir neçə dəfə sünü artımı baş verir. Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsindən sonra isə həmin nazirliyin bu tip monitorinqləri də azalmağa başladı. İndi hökumət monopoliyalara qarşı necə mübarizə aparır, bu barədə ictimaiyyətə bir elə də məlumat verilmir. Üstəlik monopoliyalara qarşı mübarizənin təsiri də hələ ki, bazarlardakı qiymətlərdə əks olunmur.


XS
SM
MD
LG