Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:11

Bağışlayın, Rənanı tanımırsınız?


Həmid Piriyev
Həmid Piriyev

-

Hərdən də öz vəziyyətimə gülməyim tuturdu.

Pəh, vurulmuşam, kimə-kimə, beş-on manatçün döşək kimi onun-bunun altına yıxılan birinə! Kül mənim başıma! Oğraşın biri oğraş! Tfu mənim sifətimə! Amma...

Həmid Piriyev

BAĞIŞLAYIN, RƏNANI TANIMIRSINIZ?

Şər qarışan vaxt uşaqlar gəldilər. Getmək istəmirdim, kefim yox idi. “Sən öl”, “mən ölüm”lə birtəhər razı salıb maşına otuzdurdular.

“Qaz 31” ağır-ağır tərpənib yelləndi. Topuş yaman bərk sürəndir. “Yaxşı yerdir ora” Memidof deyirdi, “qəşəng şeylər var”. “Bir dəfə getsən hər gün getmək istəyəcəksən”, bunu da Cek Hüseynbala dedi.

Daha doğrusu demədi, güc-bəlayla sözləri çıxartdı, dəm idi. Üçün ağı danışmırdı. Topuş, Memidof, Cek Hüseynbala, mən bir sinifdə oxumuşuq. Üçün ağı isə bizdən iki yaş balacadır. Bilmirəm hardan uc olub bunlara. Ləqəblər də məktəb vaxtından qalmadır.

Üçün ağı isə ayrı söhbətdir, bir ara Memidof demişdi mənə. Bir dəfə domino oynayanda elə hey üçün ağı gəlib buna düşüb, o vaxtdan adı elə qalıb. Onunla sən deyən aram yoxdur. Çox boğur özünü, həm də ki, tayım deyil axı. Maşına minəndə yandırdığım siqaret qurtarhaqurtarda çatdıq ora. Dəniz qırağına yaxın yerdəydi. Səkkiz pilləkan çıxıb qapıdan girdik. Içəri qaranlıq idi, işıq yanmırdı. Balaca rəngli işıqlar divarlarda oynaşırdı. Amma işıq yansaydı da tüstüdən heç nə görünməzdi. Siqaret və qəlyan tüstüsündən baş çatlayırdı. Mahnı guruldayırdı. Zalda yeddi-səkkiz stol, dövrələrində də kreslolar düzülmüşdü. Mərkəzdəki açıq yerdə qızlar xarici mahnının ritmində tullanıb-düşürdülər. Sağdakı barın qabağında da hündür stollar vardı.

Bizi görən kimi barın qabağından bir qız durub yaxınlaşdı. Uşaqlarla öpüşüb-görüşdü. Daimi müştəriləri yaxşı qarşılayırdılar. Sonra qabağa düşüb bədəninə yaraşmayan yekə dalını əsdirə-əsdirə bizi kabinetə apardı, işığı yandırdı. Kabinetdə də stol, kreslolar və divan vardı. Qapını bağlayanda mahnı səsi bir az kəsilirdi, heç olmasa dediyini eşidə bilirdin. Tüstü də zaldakı qədər deyildi. Qız “Həmişəki kimi?” soruşub yenə dalını əsdirə-əsdirə çıxdı. Qız çıxandan sonra Topuş “Bunun adı Əfsanədi” dedi, “mənlikdi” deyib göz vurdu. Əfsanə tezliklə pivəylə pendir gətirdi. Özü də keçib Topuşun yanında oturdu.

Başqa bir qız gəldi, hamısıyla öpüşüb-görüşdü, mənimlə əllə görüşdü. O da Üçün ağının yanında oturdu. Pivədən bir az içib siqaret yandırdım. Topuş sağ əliylə Əfsanənin belini qucaqlamışdı, sol əliylə də baldırını sığallayırdı. Arvadının gözündən uzaq. Heç bir il deyil evləndiyi. Qucaqladığı da fərli bir şey ola. Bokalı boşaltdım, Əfsanə yenə bir bokal gətirdi. Çox sıxılırdım. Dalbadal siqaret çəkib pivə içirdim. Uşaqlar birinci bokalı yarı eləməmiş üçünü içdim. Memidofun gözləri axmağa başlayırdı. Onu tez tutur. Başladılar Cek Hüseynbalayla bir-birini qırmağa. Kefləri kök oldu söyürlər bir-birini. Pulsuz tamaşadı hazır, bax kefin açılsın. Xeyli güldük.

Üçün ağı da bu biri tərəfdə mazaqlaşırdı yanındakıynan. Amma insafən onun yanındakı göyçək qızdı. Cek Hüseynbalanın gözləri yumulmağa başlayırdı, Memidofdan əl çəkmişdi. Birdən qapı zərblə açıldı. Qara paltarlı qız içəri tullanıb bərkdən “Ə, g...lar, gəlmisiz xəbər eləyin də” dedi. Gözü mənə sataşan kimi duruxub dörd-beş saniyə mənə baxdı. Sonra uşaqlarla öpüşüb-görüşməyə başladı, amma gözlərini məndən çəkmirdi. Memidofla görüşəndə “Bu göyçək oğlan kimdi?” dediyini eşitdim.

Gəlib qabağımda dayandı, yenə bir neçə saniyə mənə baxdı. Sonra “Rəna” deyib əlini uzatdı, hər iki yanağımdan öpdü, dodaqları üzümü yandırdı. Buruq saçlarından tünd ətir iyi gəlirdi. Keçib mənimlə üzbəüz oturdu. Baxışlarında məni əzən nəsə vardı, davam gətirməyib gözümü yayındırdım, pivə bokalını götürdüm. “Bu göyçək oğlan kimdi?” Rəna yenə soruşdu. “Rəna, bu Axunddu” Topuş dedi. “Axunddu, pivə içir?” Rəna soruşdu. “Axund ləqəbidi”. Rəna bir müddət də mənə baxıb Memidofla danışmağa başladı. Bu arada Rənaya diqqətlə baxdım. Balacaboy, cılız qızdı. Qabaq dişləri bir az aralıydı. Gözlərinin bəbəyi də saçları kimi zil qaraydı.

Ilk baxışdan çox da gözəgəlimli deyildi, amma onda nəsə vardı ki, adamı özünə cəzb eləyirdi. Iki sözündən biri söyüş idi, çox pis söyüşlər söyürdü. Bir az danışandan sonra durub Üçün ağına barmaq eləməyə başladı. O da durub bunu əlləməyə başladı. Bir az tutaşıb söyüşdülər. Sonra Rəna oynamağa getdi. Mən dördüncü bokalı qurtarmışdım. Topuş “duraq?” soruşdu. Durduq, Cek Hüseynbala gedib hesabı verdi. Biz bayıra çıxanda Rəna hələ də oynayırdı. Topuşun maşınına oturub qayıtdıq. Evə girəndə hiss elədim ki, üstümdən siqaret və qəlyan iyi gəlir. Başım da ağrımağa başlamışdı. Bir saatacan yerimdə qurdalandım. Yuxum gəlmirdi. Rənanı fikirləşirdim.

Bu biri gün özüm Topuşa zəng etdim. Dedim ki, axşam gedəndə mənə də xəbər etsinlər. Rənanı yenə görmək istəyirdim. Axşam Topuş dalımca gələndə “ora xəstəlik kimidi, çətini dadananacandı” dedi. Topuş birinci mənim dalımca gəlmişdi, uşaqları evlərindən götürəcəkdik. Gedə-gedə Topuşa “hər gün gedirsiz?” soruşdum. “Mən yox, amma uşaqlar hər gün gedir” dedi. “Pulu necə çatdırırlar? Zarafat deyil e, hər gün on-on beş manat pul verirlər”. “Pulu Cek Hüseynbala verir” dedi.

Cek Hüseynbala qəssabdır. Gündəlik iyirmi manat alır dükandan, çax-çuxu da olur. Indi bildim pullarını hara xərcləyir. Gic oğraş, ora tökdüyü pulları yığsaydı, rahat bir dənə maşın almışdı indiyə. “Gicdi də” dedim, “o birilərə də sərf eliyir”. “Əlbəttə, hər gün gedib pivə içillər, qızlarla şellənillər”. “Heç olmasa hər gün aparmayın, pulu qalsın cibində” dedim. “Axund, Cek Hüseynbalanı tanıyırsan ki, o uşaq gicdi, biz olmayaq, başqası olsun. Onsuz da o pulu xərcləyəcək. İtə-qurda yedizdirənəcən qoy elə özümüz yeyirik də”. Topuş da düz deyir. Görək axırı necə olacaq. “Bəs sən nöş hər gün getmirsən?” soruşdum. “Üstüm iy tutur, səs-küydən başım ağrıyır”. Dünən mənimlə də eynisi olmuşdu. Uşaqları götürdük.

Memidof maşına minən kimi ağzını əyə-əyə “Hə, Axund, gediriy qəxbələrin yaana” dedi. Günün tarixiylə paltarlardan başqa heç nə dəyişməmişdi. Hər şey dünənkinin təkrarıydı. Pivə, pendir, qızlar, siqaret, tüstü, səs-küy... Rəna yenə hər iki yanağımdan öpdü. Dəli oldum. Qara gözlərindən qığılcım çıxırdı elə bil, yandırırdı məni. Divanda yanımda oturmuşdu. Memidoffu söyürdü, o da bunu vurmaq istəyəndə mənə sığınırdı. Çox istəsəm də belini qucaqlamadım. Utandım. Evə qayıdanacan gözümü ondan çəkmədim. Evdə hiss elədim ki, Rənanın vurduğu ətir köynəyimə hopub. Elə paltarla yatdım. Heç vaxt o gecə yatdığım kimi rahat yatmamışdım.

Səhər oyanandan sonra yerimin içində uzanıb xeyli fikirləşdim. Mən neynəyirəm? Rəna kimdir? Ondan mənə nə? Neyçün onun ətri hopmuş köynəyi çıxardıb tullamaqdansa qucaqlayıb yatıram? Camaata ağıl öyrətdiyim halda neyçün özüm axmaqlıq edirəm?.. Durub köynəyi dəyişdim. Qərara gəldim ki, daha ora getməyim. Axşam Topuş yenə zəng elədi. Nəysə bəhanə uydurub başımnan elədim onu. Üç-dörd gün bu cür bəhanələrlə keçirtdim. Nə qədər çalışsam da Rəna yadımnan çıxmırdı. Çox vaxt fikirli, dalğın olurdum. Kimsə nəsə deyəndə eşitmirdim, ya da eşidirdim, amma beynimə batmırdı nə dediyi. Özüm də işsiz idim.

Anam elə bilirdi iş dərdi çəkirəm. Arabir təsəlli verdiyi də olurdu. “Hamı sənin kimi, iş nə gəzir? Çox ürəyinə salma. Yaxşı olacaq hər şey”. Iki-üç gün də keçdi. Daha uşaqlar gedəndə zəng eləmirdilər. Axşam özüm Topuşa zəng elədim. “Gedəcəksiz?” soruşdum. “Mən dəniz qırağındayam” dedi, “o birsi küftəbaşlar ordadılar, sən də get, mən bir azdan gələceyəm”. Elə Topuşla eyni vaxtda çatdıq ora. Içəri girib uşaqlarla görüşdük. O biri qızlar ordaydı, amma Rəna yox idi. Pivə içə-içə bir az vaxt öldürdüm. Amma Rəna gəlmədi. Utandım soruşmağa. Beş-on dəqiqə də keçəndən sonra Topuşla mən durduq, o birilər oturdu. Topuşun maşını xarab olmuşdu, ustadaydı. Evə piyada qayıtmalıydıq. Hardasa yarım saatacan yol gedəcəkdik.

Siqaret yandırdım, Topuş da birini alıb yandırdı. O çox çəkən deyil, arada xətrinə düşəndə çəkir. Heç içki də içmir. Əvvəl içirdi, eşşək balasıycan. Evlənəni tərgidib. Bizimlə oturanda da biz pivə içirik, o şirədən-zaddan. “Bura səhərəcən işləyir?” soruşdum. “Hə” dedi. “Gələn çox olur da yəqin”. “Hə, o qədər günü beş-on manata daş atıb axşam qəhbələrə yedizdirən var ki. Görürsən ki, boş yer tapmaq olmur” dedi. “Hələ ara gündü, həftə axırı lap basabas olur. Xeyli adam qayıdıb başqa yerə gedir”. Bir ara sakitcə getdik. Topuş Memidofla bir yerdə tikintidə işləyir. “Topuş” dedim, “yanıvızda yer eləyin, gəlim işləyim də sizinlə”. “Axund, ora sənlik deyil axı. Iş ağırdır”. Onsuz da alınmayacağını bilirdim, doğrudan da tikinti mənlik deyil. Həm zəifəm, həm də bir ara möhkəm xəstələnmişdim. Həkimlər də tapşırıb ağır iş görmə. Söhbəti dəyişməyə çalışdım. “Cek Hüseynbala hər gün içir, hə?” soruşdum. “Hə,” dedi, “o məsələdən sonra lap zayı çıxıb”. Bildim hardan dəm vurur. Əvvəlcə mən də heç nə bilmirdim. Topuşun toyundan bir ay keçmişdi. Cek Hüseynbalanın da bibisi qızının toyu olmuşdu.

Toyun səhəri axşam gicəllənirdim özümçün. Gördüm bunlar gəlir, Topuşdu, Memidofdu, bir də Cek Hüseynbala. Onda hələ Üçün ağı bunlara uc olmamışdı, Cek Hüseynbala səxavət kisəsinin ağzını açmamışdı. Görüşdük, Cek Hüseynbala “Axund, vurursan?” soruşdu. “Mən hazır” dedim. Yaxındakı qutabxanaya getdik. İçəri girən kimi peşman oldum, Cek Hüseynbala dəm imiş, qaranlıqda hiss eləməmişdim. Amma gec idi. Cek Hüseynbala litrlik arağı stolun üstünə qoymuşdu artıq. Iç qutabıyla göy qutab yedik, arağı içdik. Cek Hüseynbala xeyli danışdı, yarım saatlıq sağlıqlar dedi. Arada “Axund, bir şey olub, sonra danışaram” dedi, üstünü vurmadım.

Arağımız qurtaranda təzəsini gətirmək istədi. Qoymadıq, birtəhər qılığına girib bayıra çıxartdıq. Topuşun maşınına mindirib dəniz qırağına apardıq, buna bir az dəniz havası dəydi, az-maz ayılan kimi oldu. Təzədən maşına mindirib evlərinə apardıq. Sonra Topuşdan soruşdum ki, buna nolub belə? Demə bu bibisi qızını istəyirmiş. Anasını elçiliyə də göndərib. Amma qız bunu istəməyib, “ondan ət iyi gəlir” deyib. Dünən də həmin qızın toyuydu. Axşam şadlıq evinə getmək istəyirmiş. Uşaqlar qoymayıblar, nəsə xata çıxaracağından qorxublar. Bu gün də səhərdən içib gəzirmiş. Odur-budur Cek Hüseynbalanın içmədiyi gün yoxdur...

Təzə siqaret yandırdım. “Axund” Topuş dedi, “görürsən buları?” “Kimi deyirsən?” “De, bu kafeni işlədənləri deyirəm də. Alçaqlar utanmır, qəhbələrdən qazandığı pulları evdə arvad-uşaqlarına yedizdirirlər”. Bir xeyli danışdı. Topuşgilin qapısına çatdıq. Evə çağırdı, gedək çay içək dedi. Gec idi, girmədim. Sağollaşıb evə getdim.

Aradan bir neçə gün də keçdi. Özümü cilovlaya bilmirdim. Rəna yadımdan çıxmırdı. Özümü söyürdüm, tənbehləyirdim, amma heç nəyin faydası olmurdu. Özümə də etiraf etməyə qorxurdum, amma deyəsən ona vurulmuşdum. Hərdən də öz vəziyyətimə gülməyim tuturdu. Pəh, vurulmuşam, kimə-kimə, beş-on manatçün döşək kimi onun-bunun altına yıxılan birinə! Kül mənim başıma! Oğraşın biri oğraş! Tfu mənim sifətimə! Amma... Rəna indi nə edir görəsən?

Axşam yenə Topuşa zəng elədim. Getmək istəmirdi, “daha getmirəm” dedi. “Topuş, gəl on-on beş dəqiqəlik gedək də. Yekə kişisən, bir dənə pivə içim, durarıq”. Nəysə, güclə apardım bunu. Getdik, amma yenə də Rənanı görmədim. Çıxanda utana-utana Əfsanəyə yaxınlaşdım. “Rəna burda deyil?” soruşdum. “Yox, o daha bura gəlmir”. “Evini tanımırsan?” heç bilmədim necə soruşdum. “Əvvəl Sumqayıtda yaşayırdı, kirayədə. Yəqin ki, evini dəyişib. Nömrəsinə də zəng çatmır”...

Bir-iki ay keçdi, il dəyişdi. Rəna yadımdan çıxırdı yavaş-yavaş. Iş tapmışdım, maaşım da babat idi. Məni evləndirmək istəyirdilər. Anam qohumlardan soraqlaşıb qız da tapmışdı. Elçiliyimi eləyib razılığı almışdı. Qızın şəklini görmüşdüm, göyçək qız idi. Bazar günü görüşə getməliydim. Qəşəng adətdir, vallah! Hər şey hazırdır, bir azdan toyumuz olacaq, qızla hələ indi görüşəcəyəm. Həm gülməlidir, həm ağlamalı. Yığışıb görüşə getdim. Qızı evlərindən götürüb gəzməyə getdik. Elə qız qapıdan çıxanda neyçünsə həyəcanlandım. Amma səbəbini bilmədim.

Bir az gəzdik. Həyəcanım getdikcə artırdı, səbəbini hələ də bilmirdim. Kafedə oturanda lap ürəyim xarab oldu. Qızın vurduğu ətir yaman tanış gəlirdi. Dayan-dayan. Hə-hə, bu Rənanın vurduğu ətirdəndir! Rəna yenə yadıma düşdü. Tfu, bu lazım deyildi axı. Heç bilmədim qızı necə ötürdüm evə.

Gicə dönmüşdüm. Məqsədsiz-məramsız şəhərin küçələrini gəzirdim. Rəna, hardasan? Rastıma çıxan hər qızda Rənadan nəsə axtarırdım, amma heç kim ona oxşamırdı. Bəs onu necə tapım? Bəlkə hamıdan onu soruşum? Ay xanım, Rənanı tanımırsan? Ay dayı, bəlkə sən tanıyırsan? Bəs siz Rənanı tanımırsınız?

Oktyabr, 2014 - Yanvar, 2015

XS
SM
MD
LG