-
Həmid Piriyev
Rusiyada yaşayan yaxın qohumuma elektron məktub
necəsən salamatsanmı hələ?
qərib yerlə doğmalaşan başqa həmvətənlərimiz necədirlər?
görüşürsünüzmü hərdən xatırlayırsınızmı buraları?
sizdən sonra çox şey dəyişib buralarda
nə Bakı qoyub getdiyiniz Bakıdır nə biz həmin adamlar
daha işıqlarımız əvvəlki kimi tez-tez sönmür daha suyumuz kəsilmir biz çimən vaxt
daha çörək üçün növbələr düzülmür dükanların qabağında
haçansa buralara gəlməli olsan bir-iki qutu rus siqareti gətir ciyərlərimiz açılsın
gəzdiyin doğma küçələrdə ləpirlərini xatırlayan asfaltlar qalmayıb
üç-dörd dəfə təzələyiblər yollarımızın örtüyünü
Koroğluya heykəl qoyublar ölənlərə başdaşı
fahişələr də dindar olub
əyyaşlar da həci
imkan olsa bir-iki şüşə rus arağı da gətir mədəmizi dezinfeksiya eləməyə
bulvardakı şam ağaclarının yerinə kaktus əkmişik
Xırdalan şəhər olub Pirallahı rayon
cibimiz boşalıb cibgirlər də yoxa çıxıb metrolardan müəmmalı şəkildə
oğrular canilər beş manat üçün adam bıçaqlayanlar artıb onun yerinə
Xəzərdə kristal zal tikiblər Kürdəxanıda həbsxana
mobil telefonlar çıxanı zəng gəlmir küncdəki boynubükük ev telefonumuza
qəlyanaltılıq sala da gətirərsən bir parça
çörəyimizin artıqları zibil qutularına atılacaq qədər çoxdur
yetmiş yaşlı arvadlar süpürür küçələrdən iyirmi yaşlı cavanların zibillərini
Bakının əhalisi xeyli artıb rayonlardan iş dalınca gələnlərin hesabına
Qız qalasının yan-yörəsini qazıyıb xeyli şey tapıblar bu yaxınlarda
bacarsan bir-iki kilo da rus konfeti gətir ağzımız dada gəlsin
ildən-ilə ali təhsil ocaqlarına keçid balları aşağı düşür savadsızlığın səviyyəsi qalxdıqca
zirzəmimizdəki axırıncı siçovul da öldü acından
sən gedəndə ip üstdən tullanan qızlar indi ərdədirlər hərəsi üç-dörd qarın doğmuş
sakinsiz göydələnlər baş qaldırıb şəhərin hər yerində
özəl klinikalar çoxalıb gözəllik salonları bir də apteklər
türk seriallarını da yığışdırdılar heç olmasa nənəm başını qatırdı
bu il də yay fəsli çox istidir inişilki kimi
London taksilərinə badımcan deyirik rəngi və forması uyğun gəldiyi üçün
sənin də başını ağrıtdım bağışla daha
heç nə gətirməsən də olar özün gəlsən bəsdir
19 iyul 2014