Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:53

“Qızımın özünü öldürməsi üçün heç bir səbəbi yox idi"


-

Ötən il aprelin 2-də Salyanın Aşağı Noxudlu kəndinin sakini Afət Cəfərovanın asılmış meyiti yaşadığı evində aşkar edilib.

Rayon prokurorluğu Afət Cəfərovanın ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Lakin Afət Cəfərovanın anası Şirinbəyim Eyvazova qızının öz canına qəsd etməsi versiyası ilə elə ilk gündən razılaşmayıb. O, bu barədə “Qaynar xətt”ə yazıb:

“Qızımın özünü öldürməsi üçün heç bir səbəbi yox idi. Əlində işi vardı, 3 övladı, iki nəvəsi vardı. Bir qızı Pedaqoji Universitetin axırıncı kursunda, oğlu Şirvan şəhərində texnikumda oxuyur. Qızım zəhmətkeş, fiziki cəhətdən sağlam bir qadın idi. Kənd orta məktəbində xadimə işləyirdi, təsərrüfatla məşğul olurdu. Onu narahat edən təkcə həyat yoldaşı idi. Mən bunu istintaqa da demişəm. Ancaq dərindən araşdırmırlar”.

Ananın deməsinə görə, qızının meyitinin üzərində xəsarət izləri olub: “Qızımın asıldığı yerdə ayağının altında stul olmayıb. Boynuna bağlı olan ip sürüşkən deyildi. Düyünlənmiş halda idi. Onun asıldığı yer qızımın boyuna bərabər olub. Ayağı yerə dəyən adam özünü necə asa bilərdi? Onun ölüsünü görəndə dəhşətə gəldim. Əynindəki paltar gündəlik geydiyi paltar deyildi və başının arxa sağ tərəfi qaralmışdı. Əynindəki paltar ona sonradan geyindirilib. İstintaqın gedişindən mənə bəlli oldu ki, həmin gün geydiyi və düymələri qırılmış xalat maddi sübut kimi hadisə yerindən götürülməyib. Bu haqda daha məlumatlı, onun ölümündən qabaq zəng etdiyi kiçik qızıdır. Ancaq o, ata qohumlarının təsiri və qorxusu altında olduğu üçün həqiqəti söyləyə bilmir. Mərhumun meyiti yarılaraq daxili müayinə olunmadan basdırılıb”.

Şirinbəyim Eyvazova yazır ki, eyni məzmunlu məktubu baş prokurora da göndərib, hələ cavab almayıb.

Salyan rayon prokurorluğundan bildiriblər ki, Aşağı Noxudlu kənd sakini Afət Cəfərovanın ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şirinbəyim Eyvazovanın şübhəli bildiyi bütün şəxslər istintaqa dəvət olunaraq ifadələri alınıb. Hətta ananın tələbi ilə bir dəfə meyitin ekshumasiyası da keçirilib. İstintaq davam etdiyi üçün prokurorluqdan əlavə məlumat verilməyib.

XS
SM
MD
LG