Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:17

«Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət sabit qalıb»


Dünyada Mətbuat Azadlığı İndeksinin xəritəsi
Dünyada Mətbuat Azadlığı İndeksinin xəritəsi
«Sərhədsiz Reportyorlar» Təşkilatı Dünyada Mətbuat Azadlığı İndeksini yayıb. 168 ölkəni əhatə edən indeks 2005-ci ilin sentyabrından bu ilin sentyabrınacan olan müddətə aiddir. Ötən il 141-ci yerdə olan Azərbaycan altı pillə irəliləyib və 168 ölkə arasında 135-ci yeri tutub.

Qurumun Avropa bölməsinin direktoru Elza Vidal «Azadlıq» radiosuna müsahibəsində bu irəliləyişi son bir ildə Azərbaycanda mətbuatın vəziyyətinin nisbətən sabit qalmasıyla izah edir. Ancaq o, Azərbaycanın hələ də Mətbuat Azadlığı İndeksini göstərən siyahının sonuna yaxın yerdə qərarlaşmasının narahatlıq doğurduğunu deyir: «Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət sabit qalıb. Ancaq, eyni zamanda biz müstəqil jurnalistlərə qarşı son məhkəmə iddialarından, «Azadlıq» qəzeti ətrafında baş verənlərdən narahatıq».


Ancaq, Elza Vidal Azərbaycanda mətbuatın vəziyyətinin bəzi ölkələrdən daha yaxşı olduğunu da vurğulayır: «Azərbaycanda gördüyümüz budur ki, jurnalistlər hədələnir, döyülür, böhtana görə məhkəməyə verilir. Ancaq əlbəttə ki, Azərbaycanda bütün bunlardan qurtulmağa çalışan azad mətbuat var. Bu mənada Azərbaycanı Türkmənistan, yaxud Şimali Koreyayla müqayisə etmək olmaz».


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı da Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin ötən illə müqayisədə sabit qalması qənaətindədir. Ancaq ekspertin sözlərinə görə, hazırda Azərbaycan mediasının problemi təkcə sözə görə cəza verilməsində deyil. Bu azadlığın sərhədlərinə jurnalistin informasiya əldə etməsi, radio və televiziyalara lisenziyaların verilməsi, medianın iqtisadi azadlığı da daxildir: «Məsələn, Azərbaycanda televiziya və radio üçün verilən reklamın miqdarı qəzetlər üçün verilən reklamın miqdarından qat-qat çoxdur. Bu fərq normal iqtisadiyyatı olan ölkələrdə çox fərqli deyil, hətta bəzən qəzetlər onları üstələyir. Azərbaycanda isə çap mediasına verilən reklam xeyli miqdarda az olur».


«Sərhədsiz Reportyorlar» Təşkilatının Mətbuat Azadlığı İndeksində ilk dörd yeri Finlandiya, İslandiya, İrlandiya və Niderland tutur. Siyahıya görə ən pis vəziyyət Eritrea, Türkmənistan və Şimali Koreyadadır. Cənubi Qafqaz ölkələrindən-Gürcüstan 89-cu, Ermənistan 101-ci yerdədir.


«Sərhədsiz Reportyorlar» Birləşmiş Ştatlar, Fransa və Yaponiyada da mətbuat azadlığının davamlı pisləşməsindən narahatdır.


XS
SM
MD
LG