Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

Erdoğan Putin-in yoluyla gedir?


Vladimir Putin və Recep Tayyip Erdoğan
Vladimir Putin və Recep Tayyip Erdoğan

-

«Türkiyə demokratiyası hücum altındadır. Hakim AKP-nin getdikcə artan mühafizəkar ritorikası dünyəvi Türkiyə Respublikasının tezliklə islamçı rejimlə əvəzlənəcəyi qorxusunu yaradıb. Çoxları narahatdır ki, nəticədə İrandakı kimi şəriət qaydaları ilə idarə olunan repressiv dövlət yarana bilər». Claire Sadar «Foreign Affairs» dərgisində «Ankarada Rusiya xülyası» başlıqlı məqaləsində belə yazır.

Ancaq müəllif başqa bir coğrafi analogiyanın daha uyğun ola biləcəyini qeyd edir. Türkiyənin prezident Recep Tayyip Erdoğan-ın hakimiyyəti altında siyasi trayektoriyasına dərindən baxanda aydın olur ki, o, ölkəni islamçı deyil, dünyəvi və avtoritar istiqamətə aparır. Bu ölkə getdikcə Prezident Vladimir Putin-in Rusiyasına bənzəyir.

Erdoğan-ın dini təhsil, qadınların cəmiyyətdə ənənəvi roluna vurğu vurması bəzi müşahidəçilərdə belə fikir yaradıb ki, dünyəvilik tezliklə keçmişin qalığına çevriləcək. Ancaq onlar bir faktı unudurlar ki, Erdoğan-ın hərəkətləri hakimiyyət acgözlüyündən irəli gəlir. Bu günün Türkiyəsini 1990-cı illərin ortasındakı Rusiya ilə müqayisə etmək olar. O vaxt Rusiyada demokratik prinsiplərə hücum başlandı. Erdoğan da antidemokratik elementlərlə mübarizə adı altında siyasi rəqiblərini məhv etməyə çalışır. AKP-nin keçmiş müttəfiqi Gülen hədəfə alınıb...

«Bu siyasət Türkiyəni təkpartiyalı dövlətə – əhalisi müsəlman çoxluğundan ibarət Rusiyaya çevirə bilər. Yerdə qalan azad media sıxışdırılar, parlament debatları və siyasi rəqabətə son qoyular... Türkiyənin Rusiyaya transformasiyası dayandırıla bilər, ancaq imkan pəncərəsi daralmaqdadır. Erdoğan-ın tezliklə siyasətdən getmək planı yoxdur, amma özünün siyasi müttəfiqlərini yetişdirməyə başlayıb. Özəlliklə, baş nazir Ahmet Davutoğlu onu dəstəkləyir».

Müəllifin fikrincə, Qərb Türkiyəni demokratik yola çəkmək üçün bacardığını edə bilər. Məsələn, birinci addım kimi Avropa Birliyi üzvlük danışıqlarının yeni mərhələsinə başlaya bilər. Sonucda AB-yə üzvlük şansı az olsa da, yeni mərhələnin başlanması hazırkı hökumətin insan haqları və hüququn aliliyi sahələrində nöqsanlarını üzə çıxarar. Beynəlxalq ictimaiyyət həmçinin iyunda Türkiyədə parlament seçkilərini diqqətlə izləməli, prezidentin səlahiyyətlərini möhkəmləndirmək üçün konstitusiyanın dəyişdirilməsinə qarşı çıxmalıdır.

Vladimir Putin Petro Poroshenko-nun əlini sıxır - 11 fevral 2015
Vladimir Putin Petro Poroshenko-nun əlini sıxır - 11 fevral 2015

«Hər şeydən öncə, Türkiyə hökumətindən getdikcə artan məyusluq başadüşülən olsa da, həm AB, həm də Birləşmiş Ştatlar bu ölkəylə işləməlidir. Siyasi təcrid Türkiyənin avtokratiyaya çevrilməsini yalnız sürətləndirə bilər», - müəllif yazır.

DONETSK SAZİŞİNDƏ NƏ GİZLƏNİB

Görünən odur ki, Minsk danışıqları çoxlarının gözlədiyindən daha faydalı oldu. «Ancaq sazişin detallarında nə gizlənib – xüsusilə də «Donetsk və Luqansk regionlarının bəzi ərazilərində yerli hökumətin müvəqqəti rejimi» bəndində?» - «Newsweek» dərgisində Alexander Klimenko sual edir:

«Donbas regionunun gələcək idarəçiliyinə dair qarışıq terminologiya müxtəlif yozumlara, onsuz da xeyli insan itkisinə səbəb olmuş münaqişənin davam etməsinə gətirib çıxara bilər. Yaxud da bütün tərəflərin uzunmüddətli marağında olan bir həllə yol açar: Donbas Xüsusi İqtisadi Zona (XİS) elan oluna bilər».

Müəllif xatırladır ki, bu ideyanı ilk dəfə Ukrayna prezidenti Petro Poroshenko «France 24» kanalına müsahibəsində deyib. Onun fikrincə, XİS Donbas rejiminin «AB və Rusiya ilə münasibətlərini idarə etməsinə» imkan yaradar. Müəllif sual edir ki, niyə Poroshenko bu ideya barədə xarici xəbər kanalına pıçıldayır? Bir səbəb hökumətin təcrid siyasəti tutmasıdır. Ukrayna liderlərinin çoxuna elə gəlir ki, tanınmamış respublikalarda vətəndaşların həyat şəraitinin pisləşməsi Ukraynaya rəğbət qazandırmağın əsl yoludur.

Müəllif XİS ideyasını işıqlı variant sayır. Nəhəng hərbi xərclərdənsə, Donbasa investisiya axar. XİS ölkənin ərazi bütövlüyünə də xələl gətirməz, Donbas Avropa və Rusiya arasında körpüyə çevrilər.

Dünyada səmərəli və gəlirli XİS modeli yoxdur. Ancaq onların sayı artmaqdadır, hazırda dünyada 1200 XİS var, illik artımı da 7 faizdir.

Donetsk hava limanı
Donetsk hava limanı

«Yeganə böyük sual işarəsi Ukrayna hökumətinin münasibətidir. Ukrayna Donbası blokada və sükutla hasarladıqca, regionda sülh və yenidənqurma çətin olacaq», - müəllif yazır.

Müəllif Alexander Klimenko Ukraynanın keçmiş vergi və gəlir naziridir. «Donbasın Bərpası» ictimai təşəbbüsünün yaradıcısıdır.

KREMLƏ HƏDİYYƏ

«Vladimir Putin özündən razıdır. Krım yarımadasını ələ keçirdi, Ukraynanın şərqində separatçı hərəkatı alovlandırdı, tanklarını sərhədə yığdı. İndi isə Avropanın iki liderinin köməyi ilə münaqişəni dondurdu. Növbəti günlərdə Ukraynada sülh yarana bilər, ancaq bu sülhün şərtlərini Kreml diktə etmiş olacaq».

«The Times» yazır ki, fevralın 12-də Minskdə əldə olunmuş saziş Ukraynanın gələcək parçalanmasının qarşısını almaq üçün tramplin oldu. Kremlin məqsədi qonşunun ərazisində daimi mövqe, ayaqyeri almaq idi:

«Bu, Moskvaya imlan verəcək ki, bütün ölkəni qarışdırmaq üçün münaqişəni alovlandırsın, ya dayandırsın, Kiyevin NATO və Avropa Birliyi üzvlüyünə yolunu çətinləşdirsin».

«Bu ilin sonuna Ukrayna Rusiya ilə şərq sərhədini bağlamağa çalışacaq. Bunu güc tətbiqi olmadan həyata keçirmək çətin olacaq. Rusiya və Ukraynanın şərqindəki muzdlu döyüşçülər onları birləşdirən sərhədi əllərində saxlamağa çalışırlar. Yəni, sərhəd xətti möhkəm olmayacaq, Donetsk aeroportu da separatçıların əlində qalacaq. Ukraynanın şərqini Rusiyaya birləşdirən dəmiryol xətləri separatçıların nəzarətində olacaq. Müvəqqəti atəşkəs bitəndən sonra isə Mariupol sənaye şəhərinə hücum yenidən başlanacaq», - müəllif yazır.

XS
SM
MD
LG