Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:19

Ermənistan: Assosiasiya sazişi, Erdoğanın dəvəti və Gümrü faciəsi barədə


Avropa İttifaqının genişlənmə komissarı Johannes Hahn, Ermənistan və Latviyanın xarici işlər nazirləri Edvard Nalbandyan və Edgars Rinkevics Aİ-Ermənistan Şurasının görüşündə.
Avropa İttifaqının genişlənmə komissarı Johannes Hahn, Ermənistan və Latviyanın xarici işlər nazirləri Edvard Nalbandyan və Edgars Rinkevics Aİ-Ermənistan Şurasının görüşündə.

Avropa İttifaqı ilə Ermənistan arasında heç bir sənəd imzalanmayıb.

Brüsseldə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının növbəti görüşü keçirilib.

Bu görüşdə Ermənistanla azad ticarət komponenti olmadan Assosiasiya Sazişinin imzalanması mümkünlüyü məsələsi müzakirə olunub.

Ermənistan ötən il Avropa İttifaqı ilə sözü gedən sazişin imzalanması ərəfəsində Rusiyanın təzyiqi altında geri çəkilimiş, bu sazişi imzalamamış və əksinə, Moskvanın rəhbərlik etdiyi Avrasiya İttifaqına qoşulmaq barədə qərar qəbul etmişdi.

Avropa ilə heç bir konkret sənəd imzalanmayıb

Hələ o vaxt yaranmış pərtliyin aradan qaldırılması üçün rəsmi Yerevan gələcəkdə bu sazişə qoşula biləcəyini bildirmiş, lakin şərt qoymuşdu ki, sazişin azad ticarətə aid hissəsini imzalaya bilməz.

Beləki, Ermənistan Avrasiya İttifaqına daxil olmaqla həm də həmin ittifaqın vergi sazişinə qoşulmuş olurdu və bir ölkə xarici ticarətdə iki vergi sisteminə malik ola bilməzdi.

Bu yanaşmanı Brüssel hələ o zaman Ermənistana açıq şəkildə bildirmişdi.

Avropa İttifaqının Genişlənmə üzrə komissarı Johannes Hahn çərşənbə axşamı Ermənistan nümayəndə heyəti ilə keçirilən görüşdən sonra deyib ki, indiki vəziyyədə Assosiasiya Sazişinin yerdə qalan imkanlarından maksimum fayda götürülməsinə çalışılmalıdır.

Lakin komissar bildirib ki, buna görə mövcud sazişə düzəlişlərin edilməsi lazım gələcək, beləki, burada “yeni kontekst” əks olunmalıdır.

Bir çox təhlilçilər azad ticarət komponenti olmadan Assosiasiya Sazişinin strateji əhəmiyyət daşımadığına əmindirlər.

Bununla belə, cənab Hahn bildirib ki, sazişin siyasi hissəsi olduğu kimi saxlana bilər. Avropa rəsmisi qeyd edib ki, Ermənistanla belə bir sazişin imzalanması üçün “yaxşı tərəqqi” əldə olunub, hərçənd indilik Yerevanla Brüssel arasında heç bir sənəd imzalanmayıb.

Yerevan Erdoğanın dəvətini “nəzakətlə” rədd edib

Bu görüşdə Ermənistanı təmsil edən xarici işlər naziri Edvard Nalbandyan Türkiyə-Ermənistan münasibətlərindəki son hadisələrdən söz açıb və bildirib ki, Yerevan #Gelibolu döyüşünün (#Çanakkale zəfəri) 100-cu ildönümü mərasiminə Ankaradan dəvət alıb.

Ermənistan xarici işlər naziri bunu da bildirib ki, prezident Serzh Sarkisian prezident Erdoğanı «1915-ci il erməni soyqırımı»nın 100 illiyinə həsr ediləcək mərasimdə iştiraka dəvət edib.

“Mən bu dəvəti ötən il avqustda Ankarada olarkən prezident Erdoğana çatdırmışam. İndiyədək bu dəvətə heç bir cavab olmayıb” – deyib Nalbandyan.

Türkiyənin dəvətinə gəlincə isə, Ermənistan xarici işlər naziri ölkəsinin “nəzakətli rədd cavabını” birdaha xatırladıb.

O deyib ki, belə bir dəvətin qəbul edilməsi “dünyada düzgün başa düşülməyə bilər”.

Birinci Dünya Müharibəsinin ikinci ilində Osmanlı qoşunları Qalipoli döyüşündə Britaniya başda olmaqla Müttəfiqləri ağır itkiyə məruz qoymuşdular.

Lakin buna baxmayaraq o vaxt Almaniya ilə müttəfiq olan Osmanlı imperiyası Birinci Dünya Müharibəsini 1918-ci ildə məğlub tərəf kimi başa vurmuşdu.

Erməni ailəsinin öldürülməsi Moskva-Yerevan müttəfiqliyinə təsir göstərməyəcək

Gümrü şəhərində Rusiya hərbçisi tərəfindən erməni ailəsinə qarşı törədilmiş qətliam haqqında danışan Nalbandyan vurğulayıb ki, bu iş barədə ciddi araşdırma aparılır, lakin Ermənistan bütün hallarda Rusiya ilə strateji müttəfiqlik və dostluğunu davam etdirəcək və gücləndirəcək.

Ötən həftə Ermənistandakı Rusiya hərbi bazasının əsgəri Permyakovun Gümrü şəhərində bütöv bir erməni ailəsini qəddarlıqla öldürməsinin ardınca ölkə paytaxtında böyük etiraz mitinqi keçirilimişdi. Bu mitinqdə Permyakovun mühakimə üçün Ermənsitan ədliyyəsinə verilməsi, Rusiya bazasının isə ölkədən çıxarılması tələbləri səslənmişdi.

Hazırda əsgər Rusiya hərbi bazasının ərazisində saxlanır və iş üzrə istintaqın davam etdirildiyi bildirilir. 1995-ci ildə Gümrüdəki baza yaradılarkən Yerevan və Moskva arasında imzalanmış sazişə görə cinayət törətmiş əsgər Ermənistan qanunları ilə mühakimə edilməlidir. Lakin Moskva Rusiyanın hazırkı konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG