Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:49

«YOX» təşkilatının sədrini oğurlayanlar sorğu-sualdan sonra onu sərbəst buraxıblar


«YOX» Gənclər Hərəkatının rəhbəri Alı İsmayılovun verdiyi məlumata görə, oktyabrın 17-dən 18-ə keçən gecə naməlum şəxslər onun evinə gələrək zorla «Jiquli» markalı maşına oturdublar. Sonra başına torba keçirib bir mənzilə gətiriblər. Alı İsmayılovun sözlərinə görə, səhərə qədər onu sorğu-sual ediblər. Suallar müxalifətdən kimə işləməsi, niyə görə etiraz aksiyası keçirmək istəmələri haqqında olub: «Səhərə qədər mənə psixoloji-mənəvi təzyiqlər göstərdilər, bu gün saat 15.00-də isə yenə başıma torba keçirib Bakıxanov dəmiryol stansiyasının yanında azad etdilər. Məni oğurlayanlar hər hansı sənəd təqdim etməsələr də güman edirəm ki, onlar hüquq-mühafizə orqanları əməkdaşları idilər». Alı İsmayılovun sözlərinə görə, oğurlanmamışdan əvvəl isə onu Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar və oktyabrın 18-də planlaşdırılan etiraz aksiyasını keçirməmək haqqında xəbərdarlıq ediblər.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə dedi ki, «YOX» hərəkatının rəhbəri Alı İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, burada ona icazəsiz aksiya keçirməməklə bağlı xəbərdarlıq edilib: «Onu oğurlayanların hüquq-mühafizə orqanları əməkdaşları olduqları haqqında dedikləri əsassızdır».


Alı İsmayılov baş verənlər haqqında prokurorluğa müraciət edəcəyini də bildirdi. Təşkilatın «Korrupsiyaya, rüşvətxorluğa yox» şüarı ilə oktyabrın 18-də keçirmək istədiyi aksiyası isə baş tutmayıb.


«YOX» Gənclər Hərəkatı 2005-ci ilin yanvarında yaradılıb. Parlament seçkiləri ərəfəsində təşkilat müxalifətin aksiyalarında fəal iştirak edirdi.


XS
SM
MD
LG